Azərbaycandan Rusiya Müdafiə Nazirliyinin məlumatına reaksiya

Azərbaycandan Rusiya Müdafiə Nazirliyinin məlumatına reaksiya

19-09-2021 12:34 / Bu xəbər 1353 dəfə oxundu

"Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir”.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəis müavini Anar Eyvazov Rusiya Müdafiə Nazirliyinin Şuşa istiqamətində 2 silahlı şəxsin yaralaması ilə bağlı məlumatına münasibət bildirib: "Rusiya Müdafiə Nazirliyinin erməni tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 erməni silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur”.

Anar Eyvazli vurğulayır ki, haqqında bəhs olunan hadisə Azərbaycan Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb: "Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyildir.”

Onun əlavə etməsinə görə, Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkələrinin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir.

Rusiya Müdafiə Nazirliyi-nin sentyabrın 18-də yaydığı informasiya bülletenində qeyd olunur: "Sentyabrın 17-də Şuşa istiqamətində Dağlıq Qarabağın silahlı birləşmələrinin postlarına üç dəfə atəş açılması qeydə alınıb. Erməni tərəfinin verdiyi məlumata görə, atəş Azərbaycan Respublikası silahlı qüvvələrinin mövqelərindən atılıb. Atışma nəticəsində Dağlıq Qarabağın silahlı birləşmələrinin iki hərbçisi yaralanıb. Sülhməramlı kontingentin komandanlığı hər iki tərəfin nümayəndələrinin iştirakı ilə araşdırma aparır" deyə məlumatda bildirilir.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin (Şuşa şəhəri daxil) bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. 

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.(azadliq.org)