Azərbaycanın "ədliyyə bataqlığı": Avropada sonuncu sıralarda

Azərbaycanın

16-10-2024 18:13 / Bu xəbər 669 dəfə oxundu

Hər 100 min nəfərə 23 vəkil düşür

Oktyabrın 16-da Avropa Şurasının Ədalətin Səmərəliliyi üzrə Avropa Komissiyası üzv ölkələrinin ədliyyə sistemlərinin durumu ilə bağlı periodik hesabatını yayıb.

"Avropa ədliyyə sistemi” adlanan sənəd iki ildə bir dəfə hazırlanıb təqdim edilir.

2022-ci ilə qədər olan bilgilərə söykənən sənəddə deyilir ki, Avropa ölkələrində ədliyyə sisteminə adambaşına ortalama 85.4 avro (2020-ci ildə 78,09) xərclənib: "Ədliyyə sisteminə ən çox pul xərcləyən ölkələr İsveçrə (245 avro), Monako (217 avro) və Lüksemburqdur (193 avro). Ən az xərcləyən ölkələr sırasında birinci Gürcüstandır – 14.5 avro. Qonşu ölkədə illik xərcləmədə azalma qeyd olunur. Ədliyyəyə az pul xərcləyən ölkələrin sıralamasında sonra Türkiyə (15.6 avro), Albaniya (15.8 avro), Ermənistan (17 avro) və Azərbaycan (17.7 avro) gəlir”.

"Avropa ölkələri ədliyyə sisteminə ayrıdıqları büdcənin təxminən üçdə ikisini məhkəmələrə, 25/100-ni prokurorluğa, yerdə qalanını vətəndaşlara hüquqi yardıma xərcləyirlər. Hər fərdə ortalama 50.6 avro məhkəmə, 18.6 avro prokurorluq xərci düşür. Hüquqi yardıma qalan ortalama məbləğ 10 avro təşkil edir. Türkiyə hüquqi yardıma adambaşına 1.15 avro ayırıb ki, bu aşağı göstərici sayılır. Hüquqi yardıma ən çox İngiltərə, Uels və İrlandiya (59.3 avro) ayırıblar”, – deyə hesabatda qeyd olunur.

Azərbaycana gəlincə, 2022-ci ildə ədliyyə büdcəsi 178 049 918 avro təşkil etdiyi bildirilir: "Bu, hər fərd üçün 17,7 avro deməkdir ki, Avropa Şurasının (AŞ) ortalamasından xeyli aşağıdır. Bununla belə, ədliyyə büdcəsi 2020-ci illə müqayisədə hər üç kateqoriya (məhkəmələr, prokurorluq, hüquqi yardım) və xüsusilə də məhkəmələr, hüquqi yardım üçün artıb. Ədliyyə büdcəsi ÜDM-in 0,24 faizini təşkil edib, bu da AŞ ortalamasından aşağıdır”.

Hesabatda prokurorluq büdcəsinin ölkədən-ölkəyə fərqləndiyi qeyd edilib: "Ancaq orta hesabla ədliyyə büdcəsinin təxminən 25 faizini təşkil edir. Prokurorluğa ən çox büdcə ayıran ölkələr Kipr (62%), Ukrayna (45%), Albaniya (41%), Azərbaycan, Bolqarıstan, Moldovadır (hamısı 38%). Ədliyyə büdcəsindən prokurorluğa ən az büdcəni Norveç (7%), İspaniya (8%) və Malta (9%) ayırıb. 

Prokurorluğun büdcəsinin inkişafına baxanda 2020-2022-ci illər aralığında demək olar ki, bütün ölkələr xərclərini artırıblar – orta artım 12 faiz. Yalnız üç üzv ölkə (Xorvatiya, Danimarka, Portuqaliya) və müşahidəçi dövlət (İsrail) prokurorluq xərclərini artırmayıb. Ən iri artım Kiprdə (194%), Azərbaycanda (104%) və Gürcüstanda (46%) müşahidə edilib. Kiprdəki artım prokurorluq orqanlarında aparılan əsaslı yenidənqurma ilə bağlı olub”.

Sənəddə hüquqi yardım xərcəmələrinə də toxunulub və bu sırada ən çox vəsait yönəldən ölkə Böyük Britaniyanın adı keçir: "Hüquqi yardıma Şimali İrlandiyada ümumi ədliyyə büdcəsinin 42,0, Şotlandiyada isə 26,5 faizini yönəldiblər. Şimali Avropa ölkələri hər zamankı kimi hüquqi yardım ənənəsini qoruyub saxlayır: Norveç (37,1%), Danimarka (27,0%) və İsveç (25,5%). 2020-2022-ci illərdə hüquqi yardım büdcəsi əksər ölkələrdə, o cümlədən, Azərbaycanda artıb. Azərbaycandakı artımın COVID-19 sonrası şikayətlərin artması ilə bağlı olduğu bildirilir”.

"Ən çox hüquq yardımı göstərənlər Finlandiya, Hollandiya, Norveç və Şimali İrlandiya hər iş üzrə vətəndaşa ən yüksək məbləği ayırır. Bir işə İrlandiya 1772, Finlandiya 1223, Niderland 1856, Norveç 3099 avro hüquqi yardım xərci ayırıb. Azərbaycanda göstərilən hüquqi yardımın dəyəri 73 avro təşkil edib. Azərbaycanda hər 100 min nəfərdən 461-nə hüquqi yardım göstərilir, bu, ən aşağı 6 göstəricidən biridir”, – sənəddə belə deyilir.

Hesabatda Avropada ortalama hər 100 min əhaliyə 22 hakimin düşdüyü qeyd olunur: "Ən aşağı göstərici İngiltərə və Uelsdədir: hər 100 minə 3 hakim. Ən yüksək göstəriciyə Monako sahibdir: hər 100 minə 102 hakim. Türkiyədə hər 100 min əhaliyə 17.4 hakim düşür. Azərbaycanda hər 100 min əhaliyə 5.4 hakim düşür ki, bu da AŞ ortalamasından xeyli aşağıdır. Bu göstərici İrlandiyada 3,7, Şotlandiyada 3.6, Ermənistanda 10, Gürcüstanda 9,1 təşkil edir”.

"Avropada hakimlərin 57 faizini qadınlar təşkil edir. Ən yuxarı göstərici Latviya və İsveçdədir, bu ölkələrdə hakimlərin 81 faizi qadındır. Maltada isə bütün hakimlər qadınlardır. Türkiyədə hakimlərin 47 fazi qadınlardır. Azərbaycana gəlincə, hakimlərin 20 faizi qadındır, bu, AŞ məkanında ən aşağı göstəricidir. Sonrakı yerdə Şotlandıya (28%) və Uels (34%) gəlir”, – deyə hesabatda vurğulanıb.

Həmçinin Avropada ortalama hər 100 min əhaliyə 12.2 prokurorun düşdüyü bildirilib: "Fransada hər 100 minə 3, Moldovada 24 prokuror düşür. Türkiyədə bu göstərici 8,7 təşkil edir. Azərbaycanın göstəricisi AŞ standartlarına tam uyur – hər 100 min nəfərə 12.2 prokuror. Avropada prokurorların 54 faizi qadındır. Ən çox qadın prokuror Kiprdədir – 73 faiz. Estoniya prokurorların 70, Şotlandiyada isə 68 faizi xanımlardır. Avropa Şurası məkanında ən az qadın prokuror Azərbaycandadır: bütün prokurorların 7 faizi. Sonrakı yerlərdə Türkiyə (16%), Ermənistan (20%) və Gürcüstan (34%) gəlir”.

Hesabatda hakim və prokurorların maaşları barədə qeydlər yer alıb: "Avropada hakimlərin maaşları ölkəyə görə fərqlənir. Ancaq ümumilikdə hakimlər orta milli maaşdan 2,5 qat çox, karyerasının sonuna gələn hakimlərsə, 4,9 qat artıq maaş alır. Prokurorlarda bu artım 1,9 qat və 3,7 qat təşkil edir. Hakimlərin orta illik gəliri yeni başlayanlarda 60 min 750 avro, karyer sonunda 115 min avro təşkil edir. Yeni başlayan hakimlər illik ən çox Şotlandiyada qazanırlar – 166 min avro. Karyerasının qürubuna çatan hakimlərsə çox İsveçrədə qazanırlar: 356 min avro. Hakimlər Türkiyədə başlanğıcda 16 min, karyer sonu 29 min 370 avro alır. Azərbaycanda hakimlərin başlanğıcda orta illik maaş 37 min 416, karyeralarının sonunda isə 50 min 798 avro təşkil edir”.

Sənəddə Avropada ortalama hər 100 min nəfərə 180 vəkilin düşdüyü əks olunub: "Ən yüksək göstəriciyə Kipr sahibdir hər yüz min nəfərə 505 vəkil. Müşahidəçi dövlət İsraildə hər 100 minə 807, Türkiyədə 205 vəkil düşür. Bu kateqoriyada ən aşağı göstəricinin sahibi illərdir ki, dəyişmir – yenə Azərbaycan, hər 100 min nəfərə 23 vəkil. 2012-2022-ci illər aralığında vəkillərin sayının 100%-dən çox artmasına baxmayaraq. AŞ ölkələrinin 28 faizində 100.000 nəfərə düşən vəkil sayı 100-dən az, 39 faizində 100-200 arası, 33 faizində isə 200-dən çoxdur”.