Azərbaycanın humanitar yardımı Ukraynaya çatdırılıb

Azərbaycanın humanitar yardımı Ukraynaya çatdırılıb

13-01-2023 15:31 / Bu xəbər 698 dəfə oxundu

Azərbaycan tərəfindən əsas elektrik avadanlıqlarından ibarət humanitar yardım karvanının ikinci hissəsi Ukraynaya çatıb.

Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyi məlumat yayıb. 

"Ümumi dəyəri 450.000 ABŞ dollarından çox olan 45 ədəd yüksək güc generatorları Rusiyanın barbar hava hücumlarından ən çox zərər çəkmiş bölgələrdə Ukraynanın mülki əhalisinin ehtiyaclarını ödəmək üçün göndəriləcək. Dəstək və köməyə görə dost Azərbaycana və Azərbaycan xalqına səmimi təşəkkürümüzü bildiririk!” - deyə səfirlik bildirib. 

Ukraynanın energetika naziri German Qaluşenko da Azərbaycanın energetika naziri Pərviz Şahbazova operativ reaksiya və səmərəli, vaxtında dəstəyə görə minnətdarlıq edib. 

"Ukrayna xalqı ilə həmrəyliyinizə görə minnətdarıq”, - o qeyd edib.

Rəsmi məlumatlara görə, Ukraynadakı böhranla bağlı Azərbaycanın göstərdiyi humanitar yardımın ümumi məbləği 30 milyon manata yaxındır.

Bununla yanaşı, müharibədən zərər çəkmiş, ailə üzvlərini itirmiş ümumilikdə 90-a yaxın ukraynalı uşaq tibbi və sosial-psixoloji reabilitasiya məqsədilə Azərbaycana gətirilib. 

Bildirilir ki, İrpen şəhərində hərbi əməliyyatlar nəticəsində dağılmış Zərifə Əliyeva adına 12 saylı məktəb tam bərpa edilib.