Azərbaycanın maraqlarını qorumaq üçün rüşvət alan alman deputatların məhkəməsi başlayır
15-01-2025 00:43 / Bu xəbər 64 dəfə oxundu
Proses yanvarın 16-da Münhen Ali Məhkəməsində baş tutacaq
Yanvarın 16-da Münhen Ali Məhkəməsində Bundestaqın iki keçmiş deputatı Aksel Fişer və Eduard Lintnerin məhkəməsi başlayır.
Bu barədə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Almaniya nümayəndə heyətinin rəhbəri Frank Şvabe sosial şəbəkə hesabında məlumat verib.
Hər iki deputat AŞPA-da Azərbaycanın maraqları naminə lobbiçilik etmək üçün külli miqdarda rüşvət alaraq, seçilmiş rəsmilərə rüşvət verərək qanunu pozmaqda ittiham olunurlar.
Korrupsiya qalmaqalında Bundestaqın 2021-ci ildə vəfat edən digər deputatı Karin Ştrentsin də adı keçir.
Bu cinayət işi Avropa Şurasında ortaya çıxan və "kürü diplomatiyası" kimi tanınan korrupsiya qalmaqalı ilə bağlıdır.
Bildirilir ki, Azərbaycan hökuməti illərlə ölkədə insan haqlarının pozuntusuna dair hesabatların və müzakirələrin qarşısını almaq məqsədilə bu qurumun deputatlarını satın alaraq susdurub.
Almaniyanın baş prokurorluğunun hələ 2020-ci ildə yaydığı məlumatda deyilirdi ki, Lintner 2008-2016-cı illərdə Baltikyanı ölkələrdə bank hesabları olan Britaniya şirkətləri vasitəsilə Azərbaycandan 4 milyon avro qəbul edib.
Fişerin isə 2015-2016-cı illərdə 22 min avro rüşvət aldığı bildirilir.
Otuz iclasdan ibarət olacaq məhkəmə prosesinin aprelin 25-də yekunlaşacağı gözlənilir.