“Azərbaycanın Şimali Koreyası” – Qazanılan milyonlarla sərvət

“Azərbaycanın Şimali Koreyası” – Qazanılan milyonlarla sərvət

26-03-2022 01:50 / Bu xəbər 10795 dəfə oxundu

Naxçıvan xanı Vasif Talıbov kimdir? – [BİOQRAFİYA]

Vasif Talıbov artıq 26 ildən çoxdur ki, Naxçıvanı dəmir yumruğu ilə idarə edir. Onun hakimiyyəti dövründə həbs edilənlər döyülüb və müxtəlif işgəncələrə məruz qalıblar. Dissidentlər məcburən psixoloji xəstəxanalara yerləşdiriliblər. 

O, hakimiyyətini həmçinin müstəqil medianı susdurmaq üçün də istifadə edib. Talıbovun hakimiyyətini tənqid edən jurnalistlər, fəallar təzyiqə, həbsə, digər ölkələrə köçməyə məruz və məcbur qalıblar.

Vasif Talıbovun illik maaşı rəsmi olaraq 26 min ABŞ dollarından da azdır. Oğulları isə azödənişli dövlət işlərində çalışırlar – Rza miqrasiya xidməti rəsmisi, Seymur isə Naxçıvan parlamentinin üzvüdür.

Vasif Talıbovu hakimiyyətə gətirən fürsət Sevil Sultanova ilə evlilik olub. Sultanovanın anasının dayısı Sovetlərdə yüksək vəzifəli Heydər Əliyev olub.

1990-cı illərdə Sovet İttifaqı dağılma ərəfəsində Əliyev Moskvadan Naxçıvana geri dönür. Qalmağa başqa bir yeri olmadığından o, müvəqqəti olaraq Talıbovun iki yataqotaqlı mənzilində qalıb.

O, Talıbovun ona göstərdiyi lütfkarlığa təşəkkürünü növbəti il göstərib. Belə ki, Əliyev Naxçıvan parlamentinin sədri seçildikdən sonra həmin zaman təxminən 30 yaşı olan Talıbovu özünə əsas köməkçi kimi işə götürüb.

Heydər Əliyev sonrakı müsahibələrinin birində deyirdi ki, daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də, ağır, çətin olar. Ancaq o sübut etdi ki, vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər.

Talıbovun 60 illik yubileyi münasibəti ilə yerli xəbər agentliyi "Nuhçıxan” Talıbovu "böyük vətənpərvər, qətiyyətli, cəsur və humanist” və həm də "həddindən artıq təvazökar” bir şəxs kimi təsvir edir.

Beynəlxalq aləmdə isə manşetlər bir az fərqlidir – daha çox Talıbovun hakimiyyətinin diktə etdiyi ağır və sərt qaydaları haqqında məlumatlar paylaşılır: yerli sakinlərə Hemingway-in əsərlərini oxumağın zəruri olduğunu bildirən və yaxud eyvandan paltar asma qadağası, dövlət işçilərinin bəzəkli corablar geymək qadağası və s.

Bu qaydalar Naxçıvana bir neçə təxəllüs qazandırıb: müxalifətçi fəallar Naxçıvanı "Azərbaycanın Şimali Koreyası” adlandırarkən, beynəlxalq təşkilatlar isə "Azərbaycanın Qara Adası” adlandırır.

ABŞ diplomatı Naxçıvana səfəri zamanı Vaşinqtondakı rəhbərliyinə yazarkən regionu Talıbovun "xanlığı” adlandırıb: "Naxçıvan baş-ayaq bir dünyadır”, – diplomat qeyd edib.

Sızdırılan yeni sənədlər göstərir ki, xarici banklarda müxtəlif hesablar açaraq, Rza və Seymur Talıbov qardaşları atalarının avtoritar hakimiyyəti altında Naxçıvan əhalisi əziyyət çəkdiyi bir dönəmdə şübhəli pul köçürmələri vasitəsilə 20 milyon dollardan çox pul qazanıblar.

OCCRP-nin daha əvvəl üzə çıxardığı iki genişmiqyaslı "Azərbaycan” və "Troyka” adlandırılan çirkli pulyuma mexanizmlərinin hissəsi olan saxta ofşor şirkətlər üzərindən Talıbov qardaşlarına məxsus bank hesablarına çoxsaylı pul köçürmələri həyata keçirilib. Pul köçürmələrini analiz edən maliyyə cinayətləri üzrə ekspert deyir ki, bu tranzaksiyaların şübhəli olması üçün əsaslar var və bu bankların diqqətindən kənarda qalmamalı idi.

Növbəti illər ərzində Talıbov qardaşları Dubay və Gürcüstanda 63 milyon ABŞ dolları dəyərində əmlaklar əldə ediblər.

Bir dəfəyə 500 min ABŞ dolları və ağlasığmaz yuvarlaq rəqəmli köçürmələr də mütəmadi olaraq onların bank hesablarına köçürülüb. Transferlərin izahı isə +"metal”, "metal hissələr” və "elektrik avadanlıqlar”na qədər genişləndirilib. 2012-ci ilin sonuna qardaşlar ümumilikdə 20 milyon dollara qədər pul alıblar.

 Talıbovun oğulları tərəfindən əldə edilən milyonlar OCCRP-nin daha öncə aşkar etdiyi böyük məbləğlərdə çirkli pulyuma sxemləri – "Azərbaycan” və "Troyka” Landromatı vasitəsi həyata keçirilib. Əvvəlki araşdırmalar göstərir ki, Azərbaycan elitası, o cümlədən prezident İlham Əliyevin əmisi qızı da bu mexanizmdən yararlanıb. İndi bu məşhur siyahıya prezidentlə nikah qohumluğu olan nüfuzlu Talıbovlar ailəsini də əlavə etmək olar.

Əldə olunan məlumatlar Talıbovların bu pulları nəyə sərf etdikləri ilə bağlı məlumatları göstərmir. Lakin tranzaksiyalar başladıqdan bir az sonra xərcləmələrə başlanılıb.

Ailənin adına olan bank hesabları köçürülən milyonlar "Emirates NBD”, "Barclays” və "Credit Suisse” də daxil olmaqla müxtəlif ölkələrin ən böyük maliyyə qurumlarında açılıb. Adı çəkilən qurumlar ya iddiaları rədd edib, ya da fərdi müştərilərlə bağlı məlumat verə bilmədiklərini deyiblər.

2008-ci ildə Rza Talıbov, anası, əmisi. oğlu və bir neçə iş adamı ilə birgə bank təsis ediblər. Dörd il sonra, Laundromat tranzaksiyaları pik həddə çatdığında Rza Gürcüstanın kurort mərkəzi hesab edilən Batumidən iki qonşu bina alıb. Daha sonra isə o, bu binaları beş ulduzlu otelə çevirib. Rza, Seymur Talıbovla birlikdə onların bacıları Baharxanım Talıbova da Laundromat şirkətlərindən bir milyon ABŞ dollara yaxın pul əldə edib. Bundan sonra ailə Dubayda çoxlu sayda əmlaklarla yanaşı lüks villa, 12 mərtəbəli otel və fərdi mənzillər də satın alıblar. Ümumilikdə onların sahib olduqları əmlakların dəyəri 63 milyon ABŞ dolları məbləğində dəyərləndirilir.

Talıbovların Naxçıvanı bu qədər boğması yalnız siyasi məsələ deyil. Naxçıvanda ailənin yerli iqtisadiyyatda üstünlük təşkil etdiyinə inanılır və ekspertlər onların idxalı məhdudlaşdırdığını, rəqibləri biznesdən qovduğunu və hətta sakinləri məhsul yığımında işləməyə məcbur etdiklərini də qeyd edirlər.

Mühacirətdə olan naxçıvanlının dediyinə görə, regionda bir çox məhsul ailəyə məxsus olan məşhur "Gəmiqaya Holdinq” brendi adı altında satılır. "Gəmiqaya Holdinq” həmçinin Naxçıvanda onlarla ictimai obyekt, o cümlədən nazirlik binaları, xəstəxanalar, universitetlər və məscidin inşasında və ya təmirində iştirak edib.

Bu ekstravaqant mülklərin heç biri qardaşların sosial media hesablarında yer almır. Bəzi avtoritar rejim rəhbərlərinin övladlarından fərqli olaraq, Seymur və Rza sosial şəbəkələrdəki səhifələrində diqqət cəlb edən sərvətləri paylaşmaqdan çəkinirlər, əvəzində vətənə məhəbbətləri, atalarının uğurları və Prezident Əliyevə sədaqətləri haqqında yazılar yazırlar.

Ötən il Rza Talıbov öz "Twitter” səhifəsində Əliyevdən bir sitat paylaşaraq, görünür ki, rejimin sadə və təvazökar olduğunu vurğulamaq istəyib.

"Ənənələrimiz, dəyərlərimiz və yaşayış tərzimiz – bizim sərvətimizdir”, – Rza Talıbov iri hərflərlə sitatı paylaşıb.

O, digər sərvətləri isə sadalamayıb.