Azərbaycanla əlaqəli növbəti “pulyuyan maşın” qalmaqalı

Azərbaycanla əlaqəli növbəti “pulyuyan maşın” qalmaqalı

26-05-2020 02:38 / Bu xəbər 1223 dəfə oxundu

İşin materialları London Məhkəməsində araşdırılır

Azərbaycanın dövlət məmurları ilə əlaqəsi olan növbəti korrupsiya qalmaqalı barədə məlumat yayılıb. Burada söhbət 14 milyon funt sterlinq məbləğindəki vəsaitdən gedir.

Məlumatı Londonun "Evening Standart” nəşri yayıb.

Britaniyanın Milli Cinayətkarlığa qarşı Mübarizə Agentliyi bir ər-arvada aid pulun mənbəyini araşdırır. Həmin pulların korrupsiya və çoxsaylı offşor şirkətlər vasitəsilə yuyulmasında şübhələr yaranıb. Cütlüyün Britaniya banklarındakı hesabları dondurulub. Bu vəsaitin "Azərbaycan pulyuyan maşını" kimi məşhur olan qalmaqal çərçivəsində yuyulduğu ehtimal edilir. Bu sxemdən hakim elita Qərbdə daşınmaz və başqa əmlak almaq üçün istifadə edir.

Həmin işin materialları London Məhkəməsinə daxil olub. Hələlik, ər-arvadın adı açıqlanmır. Cütlüyün hüquqlarını Azərbaycanda həbs edilmiş Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın vəkili qoruyur.

Böyük Britaniyanın məhkəmə təcrübəsinə və qanunvericiliyinə əsasən, Azərbaycandan olan ər-arvadın adı müvəqqəti olaraq anonim saxlanılır. Nəşr iddia edir ki, onların Azərbaycanda yüksək vəzifəli hökumət məmurları ilə əlaqəsi var.

İşin materiallarından cütlüyün "21 hüquqi şəxsdən 13 897 280,00 funt sterlinq aldığı" - görünür. Bu, "Azərbaycan pulyuyan maşını" adlı əvvəlki qalmaqal çərçivəsində Qərbə pul göndərən təşkilatlardır. Məhkəmə prosesi davam edir.

"Azərbaycan pulyuyan maşını" 2012-2014-cü illərdə Böyük Britaniyada qeydiyyatdan keçmiş dörd şirkət və Danimarka bankının Estoniya filialı vasitəsilə Azərbaycandan çıxarılmış 2,2 milyard funt sterlinqin yuyulması üçün istifadə olunmuş sxemdir.

Pul Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə, İran və Qazaxıstanda daşınmaz əmlak alınmasına xərclənib. Buradan mənfəət götürənlər həm Azərbaycan elitasının nümayəndələri, həm də Avropa siyasətçiləri olub. 
 
Meydan.tv