Azərbaycanla İranın baş prokurorları Fərid Səfərlini müzakirə etdilər
15-09-2023 00:19 / Bu xəbər 1066 dəfə oxundu
Fərid Səfərli ilə bağlı müzakirənin detalları açıqlanmayıb
Sentyabrın 14-də Bakıda Azərbaycan və İranın baş prokurorları Mohammad Kazem Movahedi-Azad və Kamran Əliyevin görüşü olub.
Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri, eyni zamanda, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum işi üzrə istintaq müzakirə olunub.
Kamran Əliyev Azərbaycan səfirliyinə qarşı terror aktı törətmiş şəxsin məhkəməyə verilməsi barədə bəyanatı bu istiqamətdə mühüm addım adlandırıb.
Məlumatı Baş Prokurorluğun mətbuat xidməti yayıb.
Bildirilir ki, iranlı prokuror Movahedi-Azad Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyib.
O qeyd edib ki, bu postda ilk xarici səfərini Bakıya edir.
Görüş zamanı iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən məhkumların ekstradisiyası, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, ekoloji qanun pozuntuları və digər məsələlər müzakirə olunub.
Həmçinin beynəlxalq platformalarda, əsasən İqtisadi Əməkdaşlıq Təşkilatında qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə İranda mühakimə olunmuş Azərbaycan vətəndaşı Fərid Səfərlinin işilə bağlı da müzakirə aparılıb.
Müzakirənin detalları ilə bağlı ictimaiyyətə əlavə məlumat verilməyib.
Almaniyada ali təhsil alan Azərbaycan vətəndaşı Fərid Səfərli bu ilin martında İranda yoxa çıxıb.
Sonradan İran hakimiyyəti onun casusluq ittihamı ilə həbs olunduğunu təsdiqləyib.
Daha sonra ittiham "casusluq niyyəti”nə tövsif edilib.
Avqustda Fərid Səfərli 2 il müddətinə azadlıqdan məhrum edilib.
Onun anası Dilarə Əsgərova oğlunun ittihamları qəbul etmədiyini bildirib.