Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib

12-10-2021 18:53 / Bu xəbər 894 dəfə oxundu

Razılıq Belqradda Qoşulmama Hərəkatının yubileyində əldə olunub

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib.

Bu barədə razılıq oktyabrın 11-də iki ölkənin xarici işlər nazirləri Ceyhun Bayramovla Nikola Selakoviç Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində əldə olunub.

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, nazirlər "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” adlı sənədi imzalayıb.

Eyni zamanda, Ceyhun Bayramovla Nikola Selakoviçin "Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Serbiya XİN arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu” və "Azərbaycan XİN ilə Serbiya XİN arasında konsulluq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu” sənədləri imzalanıb.

Elə həmin gün də Müdafiə sənayesi naziri Mədət Quliyev və Serbiya Müdafiə Naziri Neboyşa Stefanoviç arasında "Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Hərbi-Texniki əməkdaşlıq haqqında saziş” imzalanıb.

Əvvəllər Azərbaycanla Serbiya arasında vizasız yaşamaq üçün birtərəfli qaydada verilən icazə (ümumvətəndaş pasportuna malik Azərbaycan vətəndaşları üçün) müddəti 90 gün olub.

Bu məlumat Dövlət Miqrasiya Xidmətinin rəsmi səhifəsində də əksini tapıb.

İki ölkə arasında diplomatik əlaqələr isə 1997-ci ilin avqust ayının 21-də qurulub.

2012-ci ildə iki ölkənin ticarət dövriyyəsi 35 milyon dollar olub.

Serbiyada ən iri layihələrdən biri – Liq-Prelin avtomagistralının "Koridor -11" sahəsinin inşası üçün Azərbaycan Serbiyaya 308 mln. avroluq kredit ayırıb.

Saziş 25 illikdir, kredit illik 4 faizlə verilir.