Azərbaycanlı gənc yazarın kitabı Türkiyədə təqdim olunacaq

Azərbaycanlı gənc yazarın kitabı Türkiyədə təqdim olunacaq

05-04-2022 12:19 / Bu xəbər 8781 dəfə oxundu

Azərbaycanlı yazıçı Nemət Mətinin "Son Uçuş" hekayə kitabı Türkiyədə oxuculara təqdim ediləcək. 

Bu barədə "Arqument.az"a Nemət Mətin məlumat verib.

Bildirilir ki, "Artshop Publications" nəşriyyatında çap olunacaq kitabı jurnalist, şair-yazıçı İbrahim Tığ və Bülent Ecevit Universitetinin (BEÜ) doktoru Rövşən Məmmədov türk dilinə çeviriblər.

1990-cı ildə Bakının Yeni Suraxanı qəsəbəsində anadan olan Nemət Mətin gənc nəsil Azərbaycan ədəbiyyatının nüfuzlu yazıçılarındandır. 

O, əsərlərində Azərbaycan ədəbi dilindən səriştəli, aydın ifadəli, yüksək bədii qüdrətə malik nağılçı profilini çəkir. Demək olar ki, Mətinin həyata baxışı, covid, müharibə, həyat şəraiti, yaşadığı mühit, təbii ki, hekayələrində də bədbinlik yaradır. Bu da onun öz mühitini yaxşı izlədiyinin, əsərlərinin nə qədər realist olduğunun sübutudur.

Ön sözünü İbrahim Tığın yazdığı və "Son Uçuş" adı ilə nəşr olunan 80 səhifəlik kitabda 17 hekayə yer alıb.

"Azərbaycandan olan qardaşımız Nemət Mətinin bu gözəl əsərini BEÜ Doktoru Rövşən Məmmədovla türkcəyə çevirərək türk oxucularına təqdim etməkdən xoşbəxtik. Ümid edirik ki, kitabdakı hekayələrdən zövq alacaqsınız", - deyə İbrahim Tığ bildirib.