Azərbaycanın müdafiə naziri orduya dayanmamaq əmri verdi

Azərbaycanın müdafiə naziri orduya dayanmamaq əmri verdi

06-10-2020 17:03 / Bu xəbər 1123 dəfə oxundu

Müdafiə Nazirliyində xüsusi xidməti müşavirə keçirilib

"Ermənistan tərəfindən "İsgəndər" əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda, adekvat tədbir görüləcək".

Bu açıqlamanı Azərbaycanın Müdafiə naziri Zakir Həsənov oktyabrın 6-da xüsusi xidməti müşavirədə səsləndirib.

Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Nazir Zakir Həsənov deyib ki, Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə Ermənistanın hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.

"Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib”, - məlumatda qeyd olunur.

Sentyabrın 27-də Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub, müharibə başlayıb. 

Azərbaycan tərəfi Cəbrayıl rayonunun mərkəzi daxil olmaqla bir neçə kəndi, Füzuli rayonunun bəzi kəndlərini və yüksəklikləri işğaldan azad etdiyini bəyan edib. Ermənistan silahlı qüvvələri cəbhəətrafı rayonları, eləcə də münaqişədən uzaqda yerləşən Gəncə, Mingəçevir, Şəmkir, Beyləqan şəhərlərini mərmi atəşinə tutub. 

Mülki şəxslər arasında yaralananlar var. Azərbaycan silahlı qüvvələri isə Xankəndi şəhərini artilleriya atəşinə tutub, dağıntılar var.