"Azərsu" sosial şəbəkədə açıqlama yaydı, vətəndaşların etirazı ilə qarşılaşdı

25-02-2021 21:54 / Bu xəbər 2761 dəfə oxundu

"Suyun qiymətini 2 qat elədiniz, yenə də başımıza oyun açırsınız"

Paytaxtın müxtəlif ərazilərində yaşayan sakinlər "Azərsu"dan şikayətçidirlər. 

Onlar deyirlər ki, daha çox Bakının Xətai, Səbail, Qaradağ, Nərimanov, Abşeron rayonları ərazisində su problemi yaşanır. 

Bu şikayətlər sosial şəbəkədə "Azərsu" ASC-nin səhifəsində yayılan rəsmi məlumata yazılan şərhlərdə də əksini tapıb. 

"Azərsu" ASC-nin fevralın 23-də "Feysbuk" hesabında yaydığı açıqlamada bildirilir ki, ölkədə qeyri-sabit və şaxtalı hava şəraiti ilə bağlı içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.

Paytaxt sakini Nurtac Axundova həmin açıqlamaya belə bir şərh yazıb: "Bizdə sayğac donmayıb, amma "Azərsu" suyu kəsib. Niyə? Bu soyuqda su kəsərlər?! Sayğacı qoyan kimi pul üçün qapıdan getmirsiniz. Siz nə vaxt normal işləyəcəksiniz? Yalandan post paylaşmaq cox asandı!"

Digər sakin Cəmilə Məmmədova isə yazıb ki, suyu qiyməti 2 dəfə artırılsa da, xidmət çox aşağı səviyyədədir: "Axşam suyu kəsib, səhər hansı donvurmadan danışırsınız? Özünüz qaydalara əməl edin öncə. Suyun qiymətini iki dəfə qaldırdınız. Nəyə görə? Göstərəcəyiniz xidmətə görə. Göstərilən xidmət isə sıfır səviyyəsindədir. Nə kimi köməklik göstərirsiniz abonentlərə? Bizə su indi lazımdır!"

"Dünən gecədən bəri 1 qram da olsun evdə su gəlmir! Siz hava şəraitini görmürsünüz?! Bilirsiniz ki, qar yağacaq. Dünən gecə saat 12-dən suyu kəsmisiz. Neynəyək biz? Suyun qiymətini 2 qat elədiniz, yenə də başımıza oyun açırsınız. Ölkədən gedək sizin əlinizdən?! Qar yağanda camaat sevinmək əvəzinə, dərd çəkir!", - bunu isə Rəvanə Məmmədli adlı sosial şəbəkə istifadəçisi yazıb. 

Masazır qəsəbəsində yaşayan Cavid Nuruşov isə yazır ki, 2 gündür yaşayış massivində su yoxdur: ""Azərsu"nun "Qaynar xətt"i cavab vermir. Masazırda 2 gündür ki, su yoxdur. Şərhlərə baxıram 1 nəfər razılıq bildirmir. Bu göstərilən xidmət səviyyəsindən xəbər verir".

Şikayətçilərdən bəziləri qurumun "Çağrı mərkəzi"nin də aktiv olmadığını qeyd ediblər. 

Məsələn, Nazpəri Axundova qeyd edir ki, qurumun saytında yerləşdirilən telefon nömrələri də işləmir: ""Azərsu", siz niyə işinizi düzgün görmürsünüz? Sizə bu gün mən məlumat vermişəm ki, su ilə bağlı problem var, "Çağrı mərkəzi"niz buna baxılacağını qeyd edərək geri dönməyib. Başa düşürəm ki, işləriniz çoxdur, bu, normal haldır. Amma "Çağrı mərkəzi"niz iş saatında heç bir nömrəyə cavab vermir, telefonu götürüb sonra yerə qoyurlar. Niyə? Hətta sizin saytınızda qeyd olunan "Qaynar xətt" nömrəsi işlək deyil. "Çağrı mərkəzi"nin iş saatında cavab verməməsi və "Qaynar xətt"in işlək olmaması normal hal deyil. Suyun pulunu artıra bilirsiniz, amma vətəndaşın telefonuna cavab vermirsiniz, problemi araşdırmırsınız. Siz nəzərə alın ki, müvafiq şöbəyə şikayəti çatdırana qədər mən müvafiq orqanlara müraciət edə bilərəm".

Aysel Abdullazadə də "Qaynar xətt"lə əlaqə saxlaya bilmədiyini vurğulayır: "Su gəlmir, "Qaynar xətt"ə zəng edirik, düşmək olmur. Qış fəsli bitəndən sonra baxacaqsınız şikayətlərə? Hara muraciət edək ki, problemi həll etməyə kömək etsinlər?"
Səhifənin "Çağrı mərkəzi" isə müraciətlərin müvafiq şöbəyə ötürüləcəyini bildirərək şikayətçilərin əlaqə nömrəsini istəyib. 

"Toplum TV" şikayətçilərin bəziləri ilə əlaqə saxlayaraq problemlərinin həll olunub-olunmadığını öyrənib.  

Şikayətçi Cavid Nuruşovun sözlərinə görə, problem hələ də həll olunmayıb: "Dünəndən "Qaynar xətt"i yığıram, yalandan yola verirlər ki, şikayətinizi yönləndirmişik. Bunlarda tərsinədir, suyun qiyməti qalxandan bəri tez-tez kəsirlər. Kimin su çəni varsa, birtəhər yola verir, bizim kimilər də qalır bunların ümidinə". 

Nazpəri Axundova adlı şikayətçi də suyun hələ də verilmədiyini deyib. 

Digər şikayətçi Əbülfəz Babazadə bildirib ki, "Çağrı mərkəzi" gün ərzində problemin həll olunacağını söyləsə də, hələlik gəlib-gedən yoxdur.  

Başqa bir şikayətçi Ruslan Əsgərov isə artıq onlar yaşayan ərazidə suyun verildiyini bildirib.

Anar Cəbrayıllı

"Azərsu"nun mətbuat katibi Anar Cəbrayıllı "Toplum TV"-yə şikayətlərdən xəbərdar olduqlarını deyib. 

Onun sözlərinə görə, daha çox ətraf ərazilərdən qurumun "Çağrı mərkəzi"nə zənglər daxil olub: "Hazırda bütün anbarlarımız, stansiyalarımız, magistral xətlərimiz işlək vəziyyətdədir. Bu gün bəzi yerlərdə qəzalar baş verib, bilirsiniz ki, havalar şaxtalı keçir. Buna görə suların verilməsində problemlər yaşanır. Ötən gün su xətlərinin donması ilə bağlı "Çağrı mərkəzi"mizə təxminən 400-dən çox, sayğacların donması ilə bağlı isə 149 müraciət daxil olub". 

A. Cəbrayıllı bildirib ki, sayğacların donması ilə bağlı vətəndaşların özləri tədbir görməlidirlər: "Fevralın 22-də biz əhaliyə müraciət etdik ki, sayğacları və su xətlərini donmadan mühafizə etmək lazımdır. Hazırda qəzaların aradan qaldırılması, vətəndaşlara köməklik göstərilməsi ilə bağlı  işlər görülür". 

O həmçinin qeyd edib ki, bəzi ərazilərdə qəza baş verdiyinə görə içməli suyu kəsmək zərurəti yaranıb.