"Azsığorta"nın sədri məhkəməyə verildi

10-09-2019 17:26 / Bu xəbər 183 dəfə oxundu

Bir neçə istehlakçı, o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər "Azsığorta” ASC-nin onlarla ədalətli rəftar olunmamasından, sığorta hadisəsi ilə bağlı zərərlərini vaxtında və ədalətli qiymətləndirilməməsindən, sığorta tələbi üzrə sığorta ödənişlərini mümkün olan ən tez müddət ərzində ödənilməməsindən, həmçinin müraciətlərə vaxtında baxılıb həll edilməməsindən sığorta sahəsi üzrə ekspert və hüquqşünaslar İlkin İbrahimova və Tural Şükürova şikayət edib.

Bununla bağlı Qaynarinfo-ya Sığorta Hüquqpozmalarından Müdafiə birliyindən məlumat verilib.

Sözügedən şikayətləri araşdırmaq və informasiya əldə etmək məqsədilə sığorta şirkətinin və onun Direktorlar Şurasının sədrinin müvafiq vəzifələrinin həyata keçirilməsi barədə "Azsığorta” ASC-yə vəkil sorğusu göndərilib.
 
Bununla bağlı, "Azsığorta” ASC-ni İdarə Heyəti tərəfindən hazırda müəyyən olunmuş nöqsanların (müvafiq təlimatın olmaması, müştərilərlə (istehlakçılarla) ədalətli rəftar olunmaması və s.) aradan qaldırılması üzrə işlərin getməsi haqqında şifahi məlumat verilib. Lakin sorğu məzmunu üzrə rəsmi olaraq cavablandırılmamış, yalnız ümumi sözlərlə "kommersiya və sığorta sirri” haqqında cümlələr yazılmaqla məsələyə aid olmayan məktub göndərilib.

Bununla da qanunun tələbi pozularaq, hüquqşünaslara peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq üçün şərait yaradılıb.

Hüquqşünaslar da sığorta şirkətini və onun Direktorlar Şurasının sədri Viladi Maniyevi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə verib.

Xatırladaq ki, müştərilərlə ədalətli rəftar olunması, o cümlədən, onlara müvafiq məlumatların verilməsi, şəxsi məlumatlarının məxfiliyinin bu qanuna uyğun olaraq qorunması, sığorta hadisəsi ilə bağlı zərərlərin vaxtında və ədalətli qiymətləndirilməsi, sığortalıların, sığorta olunanların və faydalanan şəxslərin sığorta tələbləri üzrə sığorta ödənişlərinin mümkün olan ən tez müddət ərzində ödənilməsi, həmçinin sığortalıların və digər müştərilərin şikayətlərinə vaxtında baxılıb həll edilməsi üzrə təlimatı təsdiq etmək (Qanunun 30.1.3-cü maddəsi) və sığortaçının Qanunun 30.1.1-30.1.6-cı maddələrində nəzərdə tutulmuş siyasətə, strategiyalara və təlimatlara ciddi riayət etməsinə, şəraitin dəyişməsi nəzərə alınmaqla bu sənədlərə mütəmadi qaydada yenidən baxılmasına daimi nəzarəti həyata keçirmək (Qanunun 30.1.7-ci maddəsi) Sığortaçının Direktorlar Şurasının  195 417 (yüz doxsan beş min dörd yüz on yeddi) manat maaş alan sədrinin bilavasitə vəzifələridir.