“Aztelekom” və “Baktelekom” internetin qiymətini artırır

“Aztelekom” və “Baktelekom” internetin qiymətini artırır

18-07-2024 21:28 / Bu xəbər 1142 dəfə oxundu

Osman Gündüz: "”Aztelekom”un keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur”

Dövlətə məxsus internet provayderləri "Aztelekom” və "Baktelekom” avqustun 15-dən Optik (GPON) internetin sürətini və tarif qiymətini artıracaqlarını açıqlayıb. 

Bu barədə məlumat hər iki internet provayderin rəsmi səhifəsində yerləşdirilib. 

Bildirilir ki, hər iki şirkət Optik internetin tarifləri üzrə təqdim olunan sürətləri 2.5 dəfə artıracaq. 

40 Mbit/s internet sürəti 100 Mbit/s-yə, 60 Mbit/s internet sürəti 150 Mbit/s-yə və 100 Mbit/s sürəti isə 250 Mbit/s olacaq. 

Qeyd olunur ki, yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayacaq və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endiriləcək. 

Hazırda 40 Mbit/s internet sürətli paketin qiyməti 21 AZN, 60 Mbit/s internet sürətli paketin qiyməti 29 AZN, 100 Mbit/s internet sürətli paketin qiyməti isə 48 AZN-dir.

Abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif ediləcək. Məlumatda qeyd olunur ki, qiymət artımı şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan güzəştli "Təşəkkür” tarif paketlərini əhatə etməyəcək.

"Bu işlər ölkəmizdə dünya trendləri ilə ayaqlaşma və əhalinin yüksəksürətli internetə olan tələbatında artım tendensiyasını nəzərə alaraq, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi və dayanıqlı infrastrukturun təmin edilməsi məqsədilə həyata keçirilir”, – hər iki provayderin məlumatında qeyd olunur. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hər iki provayderin gətirdiyi arqument məntiqsiz sayır. 

Əlavə edir ki, yenicə magistral (backbone) statusu qazanan "Aztelekom”un hər bir müştəriyə minimal 100Mbit/s sürət təqdim etmək, keyfiyyətli servis qurmaq üçün heç bir texniki-texnoloji imkanı yoxdur: "Əminliklə deyirəm ki "Aztelekom”da nəinki hər userə 100Mb/s, heç 40 Mb/s vermək üçün texniki-texnoloji imkanı yoxdur. "Aztelekom” açıqlasın görək, hazırda nə qədər trafik alır və nə qədər satır? Müştərilərin sayı və tələbatı nə qədərdir? Dövlət qurumu üçün bu məlumatlar açıq olmalıdır. Lakin "Aztelekom” bunu qapalı saxlayır. Çünki bilir ki aldığı ilə satdığı arasında dağ boyda fərq var. Bununla da "Aztelekom” abonentlərə müqavilədə nəzərdə tutulanı deyil – aşağı sürətləri təqdim edəcək. Sadə vətəndaşların bundan xəbəri olmayacaq. Sadə vətəndaşlara qarşı sadəcə, "çəkidə oğurlamaq” prinsipi tətbiq ediləcək”.

Ekspert deyir ki, qiymətlərin 40% qaldırılması, ilk növbədə ölkədə telekommunikasiya sahəsində müstəqil tənzimləyici qurumun olmamasının göstəricisidir: "Müvafiq qurumlar monitorinq aparıb, "Aztelekom”un elan etdiyi parametrlərə uyğun texnoloji imkanlarının olmasını müəyyənləşdirməlidirlər. Sektorda istehlakçıların hüququnu qorumalı olan da İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir (İKTA). O da müstəqil deyil. "Aztelekom” da nə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İKTA-dan çəkinir, nə də Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən (Antiinhisar). Hətta "Antiinhisar”la da məhz bu tip məsələlərlə bağlı məhkəmə çəkişməsindədir”.

Daha öncə vətəndaşlar "Baktelekom” tərəfindən Optik (GPON) internetə qoşulmağa məcbur edildiklərini bildirmişdilər. 

Bir neçə ildir ki, Bakıda və regionlarda "Evədək internet” layihəsi GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) texnologiyası əsasında işlər aparılırdı. 

İstifadəçilərin GPON texnologiyası sayəsində fiber-optik xətlər üzərindən 100 Mbit/s-ə qədər qoşulma, kəsintisiz internet, video nəzarət və digər interaktiv xidmətlər əldə edəcəklərinə dair vədlər verilirdi. 

Qeyd olunurdu ki, 2024-cü ilin əvvəlinədək ölkə üzrə ADSL xidmətindən Optik şəbəkəsinə keçid ediləcək.(Meydan TV)