AzTV-yə ayrılan 1 milyarda yaxın vəsait hara xərclənib?

AzTV-yə ayrılan 1 milyarda yaxın vəsait hara xərclənib?

02-06-2021 17:47 / Bu xəbər 965 dəfə oxundu

Osman Gündüz: "AzTV-də texnoloji istiqamətdə görüləcək işlər çoxdur"

Mayın 31-də AzTV, İdman TV və Mədəniyyət TV HD yayıma keçib.

Məlumatı "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC yayıb.

Bildirilir ki, bu, uzun müddətdir gözlənilirmiş.

Azərbaycan Televiziyasının modernləşdirilməsi üçün Prezident İlham Əliyev 2019-cu ildə İnvestisiya Fondundan vəsait ayrılması ilə bağlı fərman verib.

Teletənqidçi Qulu Məhərrəmli bütün TV kanallarının 2020-ci ilədək HD yayıma keçməli olduğu halda, AzTV-nin bu işdə geridə qalmasının səbəbini anlamadığını bildirib: "Ölkənin bir nömrəli telekanalı niyə rəqəmli yayıma bu qədər gec keçir? Axı dövlət proqramına görə, ölkədəki telekanallar artıq 2020-ci ilə qədər rəqəmli yayıma keçməli idilər. Nəyə görə məsələn, ATV və ya Xəzər TV bu işin öhdəsindən gəldiyi halda, AzTV bu sırada geridə qalıb? Axı dövlət hər il bu kanalın normal çalışması, o cümlədən ən yeni texniki avadanlıqla təchiz edilməsi üçün xeyli maliyyə ayırıb”.

Qulu Məhərəmli
Mənbə: Meydan TV

Qulu Məhərrəmli deyir ki, Arif Alışanovun sədrliyi illərində (2006-2019) AzTV dövlət büdcəsindən 900 milyon manatdan çox pul alıb: "O 1 milyarda yaxın vəsait haradadır? Əməkdaşların maaş üzünə həsrət qaldığı o illərdə bu pul hara və nəyə xərclənib? Bunu soruşan olacaqmı? Soruşan olacaqmı ki, nəyə görə hələ də AzTV-də 1996-cı ildə N.Xudiyevin vaxtında alınmış kameralarla işləyir? Bəzi studiyalarda isə, hətta 1985-ci ilin istehsalı olan kameralar var. Bəs Alışanovun hər il büdcədən daha çox pul qoparmaq üçün "Cənubi Qafqazın 1 nömrəli TV-si” haqqında uydurduğu nağıllar necə oldu?! Dövləti və xalqı bu dərəcədə aldatmaq olarmı?”

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə "Facebook” hesabında bu addımın tamaşaçının daha keyfiyyətli görüntü əldə etməsi ilə bərabər, efirin modernləşməsi və rəqəmsal transformasiyası sahəsində mühüm mərhələ olduğunu deyib.

Osman Gündüz qeyd edib ki, çox güman, növbəti mərhələdə hədəf 4K yayıma keçid olacaq: "Müasir Televiziyada informasiya istehsalı və ötürülməsi prosesi təkcə studiyada və efir otaqlarında deyil, necə deyərlər göydə və yerdə baş verir, onun data mərkəzlərində, bütöv şəbəkələrində, havada və yerdə işləyən çəkiliş kameralarında, montaj kompüterləri və proqram təminatlarında, bütövlükdə montaj sistemlərində gerçəkləşir. TV-də informasiya istehsalı zəncirvari prosesdir. Əgər hansısa bir mərhələdə keyfiyyət pozulacaqsa, bu mütləq şəkildə son məhsulda, tamaşaçının ekranda gördüyü təsvirdə özünü göstərəcək”.


Osman Gündüz

Osman Gündüz AzTV-də 4K sistemində efir otağının olduğunu da bildirib.

O deyib ki, amma efir məhsulunu son istehlakçıya bu standartda çatdırmaq üçün gərək AzTV -də multimedia məhsul istehsalı zəncirinin bütün mərhələləri uyğun standarta cavab versin: "Bu baxımdan AzTV-də texniki-texnoloji istiqamətdə görüləcək işlər çoxdur”.

AzTV açıqlamasında HD yayıma keçməsinin nə səbəbə gecikməsi barədə heç nə bildirməyib.

Azərbaycan Televiziyası 1956-cı ildə Mədəniyyət Nazirliyinin tabeliyində Bakı Televiziya Studiyası adı ilə fəaliyyətə başlayıb.

1957-ci ildən Nazirlər Soveti yanında Dövlət Radio və Televiziya Verilişləri Komitəsi adı daşıyıb.

1970-ci ildə Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb, 1991-ci ildə eyni adda şirkətə çevrilib.

2005-ci ildən indiki adı ilə fəaliyyət göstərir.///Meydan TV