“Baba Rzayevin qardaşı Mingəçevir İstilik Elektrik Stansiyasının tikintisinə ayrılmış pulları mənimsəyib”

“Baba Rzayevin qardaşı Mingəçevir İstilik Elektrik Stansiyasının tikintisinə ayrılmış pulları mənimsəyib”

30-06-2021 18:14 / Bu xəbər 3302 dəfə oxundu

Həmin Stansiyanın tikinti və bərpasında əsasən boya işləri görmüş sahibkar iddia edir ki, Emin Rzayev onun 1 milyon 700 min manatını ödəmir

"Prezident İlham Əliyevin açılışını etdiyi Azərbaycanın ən böyük tikinti və sənaye obyekti olan bu stansiyada mənim işlədiyim boya işlərinin 1 milyon 700 min manatadək ödənişini həyata keçirməyiblər. Gördüyüm işlərlə bağlı bütün sübutlarım var. Evimi, maşınımı – bütün əmlaklarımı satmışam, tamamilə müflis olmuşam. Artıq intihar etmək dərəcəsinə çatmışam”.

Bunu Meydan TV-yə 2018-2019-cu illərdə AZİES-in (Mingəçevir İstilik Elektrik Stansiyası) tikinti-bərpasında subpodratçı olaraq boya işləri görmüş "Yapsan” Tikinti və Təmir Şirkətinin sahibi Rəşad Şirinov deyir. 

İddia edir ki, "Elektro İndustries” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) rəhbər şəxsləri Kamil Əliyev və Vəlixan Şükürov onu aldadaraq müqavilə bağlamağına mane olublar.

"Dedilər, işə başla, müqavilə də olacaq, pul da...”

Rəşad Şirinovun sözlərinə görə, 2018-ci ilin oktyabrında "Elektro İndustries” QSC-nin rəhbəri Kamil Əliyev və müavini Vəlixan Şükürov onu Mingəçevirin İstilik Elektrik Stansiyasına dəvət ediblər. 

Mingəçevir İstilik Elektrik Stansiyasının tikinti-bərpasında bir sıra işlər təklif ediblər: "Həmin işlərin smetasını tutmağı tapşırdılar. Mən də smeta tutdum. Bu işlər maşın zalı, 6 mərtəbli laboratoriya binası, inzibati bina, blok transformatorları, nasosxanalar, qaz tədarükü və ən əsası boya işləri idi. Boya işlərinin həcmi böyük idi. Ümumi məbləğ 2 milyon manatı aşırdı. Mən bu işlərə görə müqavilə bağlanmasını istədim. Bildirdilər ki, sən işlərə başla, müqavilə də hazırlanacaq. Oktyabrın 4-dən işlərə başladım. İşlərə azı 600 nəfər fəhlə cəlb etmişdim. Beləliklə, 2018-ci ilin oktyabrından 2019-cu ilin aprelinə kimi çalışdıq. Boyaların qatqıları, işçilərin geyimləri, texnika və sair, bunlar da mənə aid idi”.

"İşləri Baba Rzayevin qardaşı idarə edirdi”

Rəşad Şirinov deyir, Baba Rzayev dəfələrlə bərpa işlərilə maraqlanaraq ora gəlib: "Hər dəfə o gələndə deyirdilər ki, görünən yerləri boya, Baba Rzayev görsün ki, iş gedir. Deyirdilər, sən işləri sürətləndir, narahat olma, müqavilə də olacaq, pul da. Ancaq işlər bitdi, nə müqavilə oldu, nə də pullar ödənildi. Mənə 1 milyon 700 min manat borcları yarandı, bu günə qədər də ödəməyiblər”,

Rəşad Şirinovun sözlərinə görə, bütün işlərin başında Baba Rzayevin qardaşı Emin Rzayev dayanır:

"İşləri Emin Rzayev idarə edirdi. Mənim dostum idi. O işlərə də ona arxayın olaraq qol qoymuşdum. İndi telefon zənglərimə də cavab vermir. Emin Rzayev pul qazanacaqdı deyə, bu gün mən müflis vəziyyətə düşmüşəm. Dövlətin büdcəsindən ayrılmış pulları mənimsəyiblər, nə gördüyüm işlərin pulunu ödəyiblər, nə də fəhlələrin... Emin Rzayev nə dedisə, "baş üstə” dedim, tapşırdıqları işləri artıqlamasıyla və yerli-yerində gördüm. Deyirdi, bircə prezident açılışa gələndə işlərdən razı qalsın, qalan məsələlər düzələcək. Prezident gəldi, işlərdən də razı qaldı, ancaq nə mənim, nə də fəhlələrin haqqı ödənildi. Büdcədən o işlərə milyonlar ayrılsa da, bütün işləri öz cibimə gördürdü, deyirdi, elə et ki, prezident bizi burdan qovmasın, sən işlə, xərclədiyin bütün pullar artıqlamasıyla ödəniləcək, ancaq sonralar anladım ki, məni aldadırmış, büdcədən ayrılmış pulları mənimsəyib, o boyda stansiyanı mənim düşdüyüm borc-xərclə ayağa qaldırdılar”.

"Hesablama Palatası yoxlama aparsa, hər şey üzə çıxacaq”

Rəşad Şirinov deyir, Emin Rzayev onu məhkəməyə verib: "Əlindəki imkanlardan istifadə edərək məni məhkəməyə verib, 50 min manat cərimələtdirib. Məqsədi də odur ki, məhkəmə yollarında sürünüm, bu yolla mənə təzyiqlər göstərir ki, haqqımı ondan tələb etməyim. Ancaq əl çəkən deyiləm, Hesablama Palatasından tələb edirəm ki, Mingəçevir İstilik Elektrik Stansiyasında yoxlama aparsın, o zaman bütün yeyintilər, mənimsəmələr üzə çıxacaq”.

Mingəçevir İstilik Elektrik Stansiyasından Meydan TV-yə deyilib ki, iki fərdi şəxs arasında olan mübahisənin onlara aidiyyatı yoxdur və məsələdən xəbərsiz olduqlarından açıqlama verə bilməzlər. Yazının dərcə hazırlandığı 1 həftə ərzində dəfələrlə Emin Rzayevə məxsus telefonlara zəng edilib. Lakin ya telefonu açan şəxs Emin Rzayevin iclasda, görüşdə olduğunu deyib, ya da dəstəyi qaldıran olmayıb.

Xatırlatma

3 iyul 2018-ci il tarixdə stansiyada baş vermiş qəza nəticəsində ölkənin yarıdan çoxu qaranlıqda qalmışdı. "Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra 25 iyun 2020-ci ildə istifadəyə verilib. Həmin gün prezident İlham Əliyev stansiyanın açılışında iştirak edib.