Bacı pəncərəsinə gülümsəyən şəhid məzarı

Bacı pəncərəsinə gülümsəyən şəhid məzarı

04-04-2022 22:00 / Bu xəbər 4145 dəfə oxundu

Günel İbrahimova
 
"Həyatda təsadüf deyə bir şey yoxdur. İnsan taleyinə yazılanların əslində hər addımı növbəti yaşayacaqlarının müjdəçisidir. Bəlkə də, buna inanandan çox inanmayanlar var. Amma bəzi məqamlar olur ki, sakitcə oturub özümüzlə baş-başa qalarkən yaşananları sıralayan zaman əslində təsadüf deyə bir şeyin olmadığının daha dərindən fərqinə varırıq. Sanki uşaqlıqdan görə-görə gəldiklərimiz gələcəyimizə yol açır. 

Eynilə fırtınalı dənizdə gəmiyə yol göstərən mayak kimi bizi yönləndirir, sonumuza - sahilə doğru yollayır. Ona verilən ömür payını hər kəs bir cür yaşayıb başa vurur. Amma əsas olan nə yaşamaq deyil, necə yaşamaqdır. Kim olduğun deyil, kim olacağındır. Sağkən kim olaraq tanınmaqdan çox, zaman ömür karvanını bu dünyadan çəkincə kim olaraq anılmaqdır", - deyə özünü zalda əyləşən qadınlara tərəf çevirdi və fikirdən sanki çökəyə batmış gözlərini zillədiyi nöqtədən ayırdı.

Salonda əyləşənlərin üzünə qürurlu bir nəzər saldı - çiyinləri həsrətdən, yükdən əzilib cılızlaşmış o xanım. Zalda qəribə bir sükut hökm sürürdü. Sanki hamı o sakit, mülayim səsi dinləməkdən həzz alır, hər kəsin ruhu dincəlirdi. O da bir neçə saniyə susub sözə davam etdi:

- Məni çoxunuz tanımırsınız. Bəlkə də, maraqdan dinləyirsiniz ki, görəsən, niyə halsız-halsız bu səhnəyə qəfildən çıxıb öz ağlından keçənləri danışmağa başladı? Bəlkə də, nə danışacağımdan çox kimliyim maraqlıdır çoxunuza. Bəlkə də, əksinə, kimliyimdən çox danışacaqlarım, söhbətimin sonunun hara gedib çıxacağı. Amma sizə özümdən, kimliyimdən yox, birinin, bir igidin, ailəsini, bir balasını, ata- anasını, sevdiklərini, bacısını, həyat yoldaşını, arzularını, xəyallarını, gələcəyini, gəncliyini, ümidlərini bir an belə düşünmədən, yaxşını, pisi, layiqlini, layiqsizi, şərəflini, şərəfsizi, ağıllını, ağılsızı, vicdanlını, vicdansızı seçmədən hər kəs üçün, Vətən üçün, torpaq üçün, balasının rahat, üzüağ, qürurlu gələcəyi üçün düşünmədən qurban vermiş bir igiddən, onun yoxluğuna dözməkdə əzizlərinin arasında ən çox dözümsüz olan bacısından, dünyada az-az rast gəlinən bacı-qardaş sevgisindən danışacağam. İstəyirəm ki, onları hər kəs tanısın.

Bayaqdan sükuta qərq olmuş salonda qəribə bir canlanma yarandı. Hər kəs pıçıltı ilə bir-birindən bu yaşlı, nurani üzlü, balacaboy, qarayanız, bəyaz saçları başının qara örtüyünün kənarlarından görünən, damarları  qaranlıq səmalarda tüğyan edən yaz yağışının şimşəkləri kimi şaxələnmiş əllərini həyəcandan sanki hara qoyacağını bilməyən, titrək səsli, amma səhnədəki duruşu ilə də dünyaya meydan oxuyacaq qədər güclü, mərd, qürurlu, cəsarətli təsir bağəşlayan xanımı maraqlanmağa başladı. Xanım özü də bunun fərqinə vardı və gülümsündü, duruşunu pozmadan səs tonunu bir az daha dəyişdirərək, daha qətiyyətlə əlavə etdi:

- Hə, o zaman izninizlə davam edim. Yenidən sakitlik çökdü. Yenə hər kəsin tam diqqəti bu xanıma kilidləndi. Əzizlərim, kimliyimi daha sonra öyrənərsiniz. Amma istəyirəm sizə deyim ki, mən bu yaşıma qədər çox şeylər yaşamışam. Həyatın hər üzünü görmüşəm, ən ağır dərdlərindən ömrümə pay düşüb. Yaşaya-yaşaya, dada-dada, görə-görə, öyrənə-öyrənə bu yaşa gəlib çıxmışam. Həyat təcrübəmdən siz cavanlara çox şey deyə, tövsiyələr verə bilərəm. Amma bu yaşımda ən çox əmin olduğum şeylərdən biridir ki, insan 15-də nədirsə, 50-də də odur, 70-də də...

Dediyim qəhrəman buna gözəl nümunədir. Siz də mənə haqq qazandıracaqsınız. Və bir də nitqimin əvvəlində dediyim fikrimdə də məni haqlı sayacaqsınız. Deməli, oğlum uşaqlıqdan siniflərində ən çox Abid adlı oğlanla dostluq edərdi. Təkcə dərs müddətində yox, dərsdən sonra da günləri bir keçərdi. Yeməkləri, çayları, gəzməkləri, oyunları, hətta davaları da birgə idi. Olduqca dəcəl idilər. Dəcəllikləri qədər də ürəyiaçıq, mərhəmətli, mərd, dürüst, şən uşaqlardı hər ikisi. Zəhmətdən, işdən də qəti qorxmazdılar. 

Abidin bir də Aygün adlı bacısı vardı. Abid məktəbdə nə iş görsə, müəllimlər nədənsə şikayətçi olsa, bacısı Aygünə deyərdilər ki, evdə valideynlərinə çatdırsın. O zamanlar bilirsiniz kənd yerində iş-güc çox olurdu, indiki kimi rahat telefon, internet əlaqələri də yox idi. Amma Aygün qardaşına qıymırdı deyə evdə gedib heç nə deməzdi. Abid də eyni cür. Bacısından nə şikayət edilsə, özü onu danlayar, lazım olanı özü deyər, amma evdə ata-anasına bir kəlimə nəsə deməzdi. 

Abidin başı uşaqlıqdan çox bəlalı idi. Qara buludlar sanki ondan əl çəkmirdi. VI sinifdə oxuyanda Abidi bir dəfə maşın vurur. Üç gün koma vəziyyətində olan Abidin ailəsi onun yoxluğu ilə  qısa zamanda olsa belə, sanki ömürlərindən ömür getmiş qədər sınandı. Nə zaman Abidi ailəsi nəsə bir şeyə görə danlasa idi, bacısı Aygün hər kəsə qarşı çıxar, onu danlamayın qəti, Abid kimsəyə bənzəmir, hamıdan yaxşı oğuldu, yaxşı baladı, ona heç nə deməyin deyə etiraz edərdi. Aygünün hələ o zamanlarda sanki ürəyində qəribə bir qorxu kök salırdı. Daim ağlında bir fikir dolanırdı ki, ya Abidə nəsə olsa? Ya onsuz qalsaq ?!  Bu qəza həyatında Aygünün kiçik ürəyində yaşadığı ən böyük qorxu, ən böyük itirmək acısı olmuşdu. Bayaq əbəs yerə demədim ki, yaşadığımız hər məqam boş deyil. Mütləq ki, gələcəyimizi inşa edən ömür yolumuzun bir kərpicidir. Abidin də taleyinin xəbərçiləri bir zamanlar gələcəkdən xəbər verdiyi kiminsə ağlına gəlməzdi. İndi pazıl parçaları tam yerinə oturur. Əslində Aygünün kiçik ürəyində yaşadığı o qorxu hissləri, ağlını, beynini həbs edən o həyəcanlar əbəs deyilmiş...

Yaşlı xanım göz yaşlarını saxlamağa çalışsa da, buna nail ola bilmir, danışdıqca qəhər onu boğur, səsi titrəyir, yaşlar biixtiyar yanaqlarından aşağı süzülürdü.

Artıq zaldakı sükutu həm də qəribə bir hüzn, üzüntü də ağuşuna almışdı. Əyləşənlərin sırasında da göz yaşlarını gizləməyə çalışanlar da, hakim ola bilməyənlər də vardı. Hətta yalnız xanımlar yox, bəylər də.

Bu gün o bacı, o Aygün bir zamanlar yaşadığı qorxu ehtimalını ən dərin acıları ilə yaşamaqdadır. Niyə? Çünki bu gün onun qardaşı Abid tarix yazanlar sırasındadır. Bu gün Abidin süfrəsində onun 28-ci yaş günü üçün şirin tort kəsilərkən, dostları ilə şən söhbətlər edib, doğmalarının təbrikini qəbul edərkən, əzizləri ona hədiyyələrini məzarına aparır, şəninə xoş sözlər, haqqında gözəl fikirlər, dualar onun adına kəndin girişində tikilmiş bulağın başında toplaşanlar tərəfindən doğmalarına söylənir. 

Gülməli olan üzlərin, sevinəsi ürəklərin yerini körpə əllərində atasının məzarına tər nərgizlər aparan Əlini görüb gözlərdən axan qan yaşlar, yanan ürəklərə dərman olmayan təsəlli sözləri alır. Bütün bunların arasında ən acısı nədir bilirsinizmi? Atasız bir bala, boynubükük bir gəlin, belibükülmüş bir ata, gözlərinin nuru getmiş bir ana, yarım qalan həyatlar, sönən çıraqlar, itən sevinclərlə bərabər hər gün bu acıyla yaşamaqla birgə hər sabah evinin pəncərəsi qardaşının məzarına açılan bir bacı olaraq yaşamağa davam etmək üçün çalışmaq... Ən böyük çarəsizlik budur. Çünki iki körpəsi ilə pis-yaxşı həyata tutunmağa şalışarkən bu bacı hər sabah otağının pəncərəsini qardaş məzarına açır, onun gülümsəyən soyuq məzar daşını bəzəmiş cansız şəklini görüncə həyata tutunduğu bağlar çözülür. Çarəsizlikdən həyata, yaşamağa olan həvəsini itirir. Bir də düşünün ki, bu acı hər gün təkrarlanır. Heç qaysaq tutmur. Onun işə gedən yolu da o məzarlığın qarşısından keçir. 

Aygün hər gün qəbrini ziyarət edib qardaşının cansız, gülümsəyən şəkli ilə dərdləşib işə gedir. Əlini, gəlinlərini hər görəndə gözünün önündən Abidin ilk dəfə birini sevdiyini onunla paylaşmağı, bacı olaraq necə sevindiyini, onların arasında vasitəçiliyini, Əlinin doğumu sevincini, gözü önündən keçərkən, məhv olmuş, yarım qalmış ailə tablosu onun da sevinclərini, xoşbəxt olmaq, yaşamağa məcburiyyət səbəblərini görünməz edir. 

Bu acını sadəcə kiçik bir hadisə ilə təsvir edəcəyəm, - dedi yaşlı xanım və kövrək səslə davam etdi: 

- Bir müddət əvvəl güclü yağışlar yağdı. Gecə göy gurultusu ilə şimşək çaxıb leysan tökərkən həmin gecə Aygün Abidin qorxduğunu düşünüb həyətə düşüb, o leysan kəsənə qədər leysanın altında dayanıb. Bu dilə asan, amma sözlərin ifadə etməkdə aciz qaldığı acı dilə asan, yaşanması ölümə bərabər kiçik bir məqam lazım olan hər şeyi deyir, məncə”,  – deyib göz yaşlarını silən həmin xanım bir az susdu. 

Asta, ağır addımlarla dönüb səhnədən düşmək istərkən qəfildən dönüb ayaq saxladı. Hə... Unutmadan sizin marağınıza da son qoyum. Bilirsinizmi mən kiməm? Həmin o Abidin, şəhid Abid Asif oğlu Məmmədovun dostu, sinif yoldaşı Cavanşirin anası Aybəniz. Bunları danışmağı özümə borc bildim. İnsanlıq borcu. Ümid edirəm və inanmaq istəyirəm ki, mənə haqq verib fikirlərimlə razılaşacaqsınız. Çünki, doğrudan da, əsas olan bu həyatı doğru yaşamaq, şərəfli ölə bilməkdir. Bu da hər adama qismət olan xoşbəxtlik deyil. Və insan həyatında təsadüf deyə bir şey yoxdur. Bacı pəncərəsinə gülümsəyən şəhid məzarına baxaraq həyata yaşamağa davam etməyə məcbur olan həqiqətlər, talelər var sadəcə... Bu tale hər dəfə bacı pəncərəsinə baxıb gülümsəyən qardaş məzarına bacı laylası çağıracaq:  
 
                        Əzizinəm, qar daşı, 
                        Qarlı dağdan qar daşı. 
                        Ölsə, bacılar ölsün, 
                        Ölməsin qoy qardaşı. 


Zaldakı acı dolu, hüznlü sükutu qəfil alqış səsləri pozdu... Bu, sadəcə, bir hüzn və kədər dolu hekayə deyildi, həm də bir gəncin qəhrəmanlıq və həyat salnaməsinin bir parçası idi...