Bağdadi necə ələ keçirildi?

Bağdadi necə ələ keçirildi?

29-10-2019 11:09 / Bu xəbər 720 dəfə oxundu

Əbu Bəkr əl-Bağdadini yaxalamağa çalışan İraq kəşfiyyat qüvvələri ilk nailiyyəti 2018-ci ilin fevralında əldə ediblər.

"Amerikanın Səsi” xəbər verir ki, həbsə alınan İŞİD liderinin yaxın silahdaşı onlara Bağdadinin uzun illər təhlükəsizlik qüvvələrindən necə yayındığı haqda dəyərli məlumatlar verməyə başladı.

Bağdadi tez-tez öz silahdaşıları ilə hərəkətdə olan meyvə-tərəvəz dolu mini-avtobuslarda strategiyanı müzakirə edərdi. Bunu Türkiyə qüvvələrinin həbs edib İraqa təhvil verdikləri İsmayıl el-Ethavi deyib. "İsmayıl əl-Etavinin verdiyi dəyərli məlumat İraqın kəşfiyyat agentliklərinə Əbu Bəkr əl-Bağdadinin hərəkətləri və gizləndiyi yerlər haqda informasiya boşluqlarını doldurmağa yardım etdi,”- deyə İraqın kəşfiyyat rəsmisi "Reuters”ə bildirib.

Onun sözlərinə görə, Ethavi kəşfiyyatçılara özü də daxil olmaqla Bağdadinin Suriya daxilindəki müxtəlif məkanlarda beş yüksək rütbəli militantla görüşləri haqda ətraflı məlumat verib.

ABŞ Prezidenti Donald Tramp bazar günü Bağdadinin ABŞ xüsusi qüvvələri tərəfindən öldürülərkən "zingildəyib ağladığını” deyib. ABŞ prezidentinin məlumatına görə, illər boyu Suriya və İraqın bir çox hissələrini vahimə içərisində saxlayan terror qruplaşmasının lideri uşaqları ilə birlikdə özünü partlatdıqdan sonra ölüb.

Bağdadinin izlənilib yaxalanması Ethavi kimi militantların dindirilməsindən asılı olub. İslam elmləri üzrə doktorluq dərəcəsi almış Ethavi Bağdadinin beş ən yaxın silahdaşından biri sayılırdı. 2006-cı ildə "Əl- Qaida”ya qoşulmuş Ethavi 2008-ci ildə ABŞ qüvvələri tərəfindən yaxalanmışdı. Dörd il həbsdə qaldıqdan sonra azad edilən Ethavi tezliklə yerli militantlara və daha sonra İŞİD-ə qoşulmuşdu.

Tutulduqdan sonra Ethavinin ötürdüyü gizli məlumatlar Bağdadinin Suriya daxilində hansı məkanlarda görüşlər keçirdiyini kəşfiyyat orqanlarına aydın edib.

"2019-cu ilin ortalarında biz Bağdadinin kənddən kəndə keçdiyi İdlib vilayətində olduğunu müəyyən etdik,” – deyə kəşfiyat rəsmisi bildirir. Az sonra Bağdadi ilə birlikdə şəkil çəkdirən adam kafiyyə geymiş halda informantlar tərəfindən aşkarlandı. Bu şəxs Ethavi idi. İnformantlar Ethavini Bağdadinin qaldığı evədək izlədilər.

"Biz detalları CIA-ə ötürdük və onlar satellit və dronlardan istifadə edərək son beş ay ərzində həmin məkanı izlməyə başladılar. İki gün öncə Bağdadi ilk dəfə olaraq ailəsi ilə birlikdə mini-avtobusda yaxınlıqdakı kəndə yola çıxdı. "O, orada son anlarını yaşadı,” – deyə iraqlı kəşfiyyatçı bildirir.

Bağdadinin Suriyada koalisiya qüvvələrindən başqa düşmənləri də var idi. Bunlardan ən başlıcası "Əl-Qaida” ilə əlaqəli "Ən-Nüsrə Cəbhəsi” idi ki, hazırda o, "Hayat Təhrir əl-Şam” kimi tanınır. 2016-cı ildə "Əl-Qaida”dan qopmuş qruplşama İŞİD-lə regionda sərt rəqabətdə olub.

Əl-Şam qrupu bu yaxınlarda Bağdadinin ən yaxın silahdaşılarından hesab edilən Əbu Süleyman əl-Xalidini ələ keçirmişdi. İraq kəşfiyyatçıları hesab edir ki, Xalidinin yaxalanması Bağdadinin yerinin dəqiq müəyyən olunmasına mümkündür ki, yardımçı olub.