Bahalaşma: Azərbaycanda əhali daha çox ərzaqa pul xərcləyir

Bahalaşma: Azərbaycanda əhali daha çox ərzaqa pul xərcləyir

18-01-2023 17:12 / Bu xəbər 1166 dəfə oxundu

Gəlirin 30 faizindən çoxunun ərzaqa xərclənməsi kasıblıqdan xəbər verir

Son bir ildə qiymətlərdəki artım Azərbaycanda əhalinin ərzaqa daha çox pul xərcləməsinə gətirib çıxarıb.

2021-ci ildə əhalinin istehlak xərclərində qida məhsulları, içkilər və tütün 50.7 faiz yer tuturdusa,  2022-ci ildə həmin göstərici 55.3 faizə yüksəlib.

"Aqora” Analitik Kollektiv 2022-ci ildə əhalinin hər 100 manatından neçəsini nəyə xərclədiyini araşdırıb.

Məlum olub ki, hər 100 manatdan 55,30-u ərzaq, içki və tütün məhsullarına, 14,10-u geyim, ayaqqabı və toxuculuq məhsullarına, 5,30-u avtomobil, benzin və dizelə, 4,80-i elektrik malları və mebelə, 2,20-i əczaçılıq məhsulları və tibb ləvazimatlarına, 1,10-u komputer, kommunikasiya avadanlıqları və çap məhsullarına, 16,20 manatı isə digər qeyri-ərzaq mallarına xərclənib.

Statistikadan görünür ki, əhalinin xərcləmələrinin yarıdan çoxu ərzaq məhsulları ilə bağlıdır.

Müstəqil ekspertlər, iqtisadçılar daim açıqlamalarında bildirirlər ki, gəlirin 30 faizindən çoxunun ərzaq məhsullarına xərclənməsi kasıblıqdan xəbər verir.

Gəlir o qədər az, qiymətlər o qədər bahadır ki, insanların ərzaq məhsullarından savayı başqa şeylərə xərcləməyə pulu qalmır.

"Araz” və OBA” marketlər şəbəkəsini özündə birləşdirən "Veysəloğlu” şirkətlər qrupunun hazırladığı "Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin dekabr ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində 2021-ci ilin dekabr ayına nisbətən 19.3 faiz artım müşahidə edilib.

Tez köhnələn qida məhsullarının qiymətində 2021-ci ilin dekabr ayına nisbətən 22.6, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 18.5, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 6 faiz artım izlənilib.

İqtisadçı Rövşən Ağayev özünün "Facebook” səhifəsində yazıb ki, Azərbaycanda hər il yaşayış minimumunun dəyəri parlamentdə təsdiqlənir, lakin burada vacib olan bir detal var.

Hökumətin yaşayış minimunun dəyərini ümumi göstərici kimi təsdiqləməklə yanaşı, ərzaq, qeyri-ərzaq və xidmətlər səbətinin dəyərini də ayrıca müəyyən etməsi lazımdır: "Məsələn, 2023-cü il üçün təqdiqlənən 246 manatlıq yaşayış minimunun neçə faizini ərzaq təşkil edir? Bunu açıqlanmaması yaxşı niyyətdən xəbər vermir, yarana biləcək çoxlu suallardan qaçmağa imkan verir. Məsələn, ötən il ərzaq inflyasiyası hətta rəsmi rəqəmlərə görə 20 faizi ötdü. İndi nədən bilmək olar ki, ərzaq səbətini dəyəri bu rəqəmə uyğun indeksasiya olunub?”

İqtisadçı bildirib ki, yaşayış minimumunun dəyərini həm ayrıca götürülmüş fərd, həm də ailə timsalında da təsdiqləmək lazımdır. Çünki ailədə fərdlər artdıqca, dəyər də dəyişir: "Türkiyənin rəqəmlərindən baxanda, bizdə yaşayış minimunun dəyərinin obyektiv reallığı əks etdirmədiyi görünür. Hazırda Türkiyədə 4 nəfərlik standart ailə (2 nəfər əmək qabiliyyətli, 2 nəfər uşaq) üçün minimum ərzaq səbətinin aylıq dəyəri 720 manat, yaşayış minimunun ümumi dəyəri isə 2400 manatdır. Bizdə eyni tərkibdə 4 nəfərlik ailə üçün yaşayış minimumu 935 manat, Statkomun qidanın istehlakdakı 52%-lik payını nəzərə alsaq, minimum ərzaq səbətinin dəyəri təxminən 500 manatdır”.

Rövşən Ağayev bildirir ki, düzdür, Türkiyədə kommunal xidmətlərin və nəqliyyatın dəyəri Azərbaycandan xeyli yüksəkdir: "Eyni zamanda, xidmət səbətinin dəyəri də bizdən orta hesabla 2-3 dəfə baha ola bilər. Amma manat ifadəsində götürsək, ərzaq və geyim bizdən o qədər də fərqlənmir. Bu baxımdan 1 ailənin yaşayış minimunun dəyəri arasında az qala 3 dəfəlik fərq real deyil. Səbəbi isə bizdəki doğru olmayan hesablamadan qaynaqlanır”.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin 11 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub.

Ərzaq məhsullarının isə 20 faizə yaxın bahalaşdığı bildirilir.

Rəsmilər, həmçinin Prezident İlham Əliyev deyir ki, Azərbaycanda bahalaşma, əsasən, xarici amillərlə bağlıdır.