"Bahalaşmanın səbəbi korrupsiya və monopoliyadır" - Ekspert rəyi

09-11-2017 01:59 / Bu xəbər 214 dəfə oxundu

Son bir neçə ayda bazarda idxal olunmuş kərə yağlarının qiymətində artım müşahidə olunur. 

Əvvəllər 10 manata satılan kərə yağları artıq 18-19 manata alıcılara təklif olunur.

Ekspertlər bu qiymət artımını ölkədə monopoliyanın olması ilə əlaqələndirirlər. 

Maraqlıdır, ölkədə kərə yağının qiymətinin bahalaşması nə ilə bağlıdır: doğurdanmı monopoliya var?

"İki problem varsa, biri korrupsiya, digəri isə monopoliyadır”

İqtisadçı ekspert Natiq Cəfərli Toplum.Tv-yə açıqlamasında hesab edir ki, bəli, sahədə korrupsiya və monopoliya mövcuddur: "İdxal olunan yağların qiymətinə gömrük rüsumunun 3 dəfə azaldılmasından sonra bazarda qiymətlərdə təxminən 1 manat enmələr müşahidə olunacaq. Azərbaycanın müstəqillikdən üzü bəri ən böyük iki problemi varsa, biri korrupsiya, digəri isə monopoliyadır. Hətta Gömrük Komitəsinin özünün açıqladığı rəqəmdə yağı ölkəyə 50-dən çox şirkətin idxal etdiyi vurğulanır. Komitə bu rəqəmləri Azərbaycanda monopoliyanın olmadığına sübut kimi göstərməyə çalışır. Strukturuna baxdıqda isə görürük ki, 50-dən çox şirkətin yalnız 5-6-sı ölkə bazarının təxminən 90 faizinə nəzarət edir”.

İqtisadçı şirkətlərin sayının çoxluğuna baxmayaraq, gətirilən həcmlərə görə 5-6 şirkətin öndə olduğunu nəzərə çatdırıb: "Bazara da ən çox məhsulu məhz o iri şirkətlər çıxarırlar. Ona görə də şirkətlərin sayının azlığı və rəqabətli mühitin olmaması qiymətlərə mənfi yöndə təsir edən əsas amillərdən biridir. Ölkəyə ərzaq məhsulları gətirərək topdan satışı həyata keçirən çox az sayda şirkət var. Gürcüstanla müqayisə etsək, iki ölkə arasında rəqabətdə olan şirkətlərin sayı baxımından ciddi fərq var. Gürcüstanda 1000-ə yaxın şirkət bu işlə məşğul olsa da, Azərbaycanda isə bu şirkətlərin sayı heç 100-ə çatmır. Bu da monopoliyanın yaranmasına və beləliklə, qiymət artımına səbəb olur”.

"Kim nə qiymət istəyir, onu da qoyur”

Deputat Vahid Əhmədov da bazarda monopoliyanın olduğunu etiraf edir: "Yağların bu qədər baha qiymətə bazarda alıcıya təklif olunması təəccüb doğuran məsələdir. Ümumiyyətlə, əksəriyyəti Yeni Zellandiyadan gətirilən yağların alış qiyməti 7-8 manata başa gəlsə də, bazarda alıcı bu yağın 1 kiloqramı üçün 18-20 manat ödəməli olur. Bu məsələdə çox ciddi problemlər var. Baxırsan ki, infilyasiya 13-14 faizdir, manat öz dəyərini qoruyub, neft qiymətində enmə müşahidə olunmur, amma birdən-birə yağın qiymətinin belə qalxması müəmmalıdır. Kim nə qiymət istəyir, onu da qoyur. Heç kim bunun səbəbinini soruşmur. Bazarda müəyyən qədər monopoliya hökm sürdüyünə, inhisarçılıq olduğuna görə belə hallar baş verir”. 

Deputat Milli Məclisdə "Rəqabət Məcəlləsi”nin qəbul olunmasına çalışdıqlarını, məhz bundan sonra monopoliyanın azala biləcəyini deyir: "İnsanlar deyir ki, hökumət bazardakı bu duruma niyə qarışmır. Hökumət əlindəki vergi rıçaqlarını işə salaraq bazarı tənzimləyə bilər. Gözləyirdilər ki, cənab prezident bu məsələdə ölçü götürərək gömrük rümunu aşağı salsın? Bu sahəyə nəzarət edən məmurlar bundan əvvəl də bu işlə məşğul olmalı idilər”.

Nazirlər Kabinetinin 7 noyabrda verdiyi qərarla Azərbaycana idxal olunan kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 3 dəfə azaldılıb. Qərar dərc edildikdən 30 gün sonra qüvvəyə minir və 2019-cu il dekabrın 31-ə qədər qüvvədə olacaq. Qərardan sonra ölkəyə idxal olunan kərə yağı və digər süddən hazırlanmış yağlar üçün tətbiq edilən gömrük idxal rüsumları 15 faizdən 5 faizə qədər endiriləcək.