Bakı İnsan Hüquqları Klubu: "Gəncə hadisələri Avropa Məhkəməsinə çıxarılmalıdır"

Bakı İnsan Hüquqları Klubu:

17-10-2020 21:24 / Bu xəbər 778 dəfə oxundu

Oktyabrın 17-də Bakı İnsan Hüquqları Klubu (BİHK) Gəncəyə raket hücumu zamanı zərərçəkmiş mülki vətəndaşların şikayəti üzrə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilməsi ilə bağlı açıqlama yayıb.

Açıqlamada oktyabrın 10-u və 17-də Gəncəyə, həmçinin müxtəlif tarixlərdə Mingəçevir şəhərinə, Ağdam, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və digər rayonlarda mülki əhaliyə və mülki infrastruktur obyektlərinə vurulan zərərin hüquqi mexanizmlər vasitəsilə qabardılmasının vacib olduğu vurğulanır.

Bildirilir ki, BİHK qeyd edilən məqsədlərə nail olmaq üçün öldürülmüş vətəndaşların hüquqi varislərinə, yaralanmış və əmlakı məhv edilmiş yaxud zədələnmiş vətəndaşlara tam təmənasız hüquqi yardım göstərib, bu işlərin Avropa İnsan Hüquqları Məhkəməsinə aparılmasını təşkil edir. 

Açıqlamada məsələ ilə bağlı müraciət etmək istəyən vətəndaşların BHİK-in "feysbuk” səhifəsinə və qeyd olunmuş elektron poçt ünvanına yazmaqları xahiş olunur.

"Bu hücumlar nəticəsində zərər çəkmiş vətəndaşlar aşağıdakı əlaqə vasitələri ilə müraciət edə bilərlər: 
+994 51 706 74 47 (zənglə yaxud, votsap tətbiqi üzərindən)
[email protected] elektron poçt ünvanı vasitəsilə;
https://www.facebook.com/BakuHumanRightsClub  - "Facebook" səhifəsinin poçt qutusu (inbox) üzərindən", - açıqlamada bildirilir.  

Oktyabrın 16-dan 17-nə keçən gecə Ermənistan ordusu Gəncə şəhərinə "Elbrus” ballistik raketi atıb. 

Son məlumatlara görə, 15 mülki şəxs həlak olub, 52 nəfər yaralanıb. Axtarış-xilasetmə işləri davam edir.