Bakı İnsan Hüquqları Klubu: "Müharibə cinayətlərinin qarşısı alınmalıdır"

Bakı İnsan Hüquqları Klubu:

11-10-2020 23:47 / Bu xəbər 966 dəfə oxundu

Bakı İnsan Hüquqları Klubu (BİHK) Gəncə şəhərində sıx mülki əhalinin yaşadığı ərazinin raketlərlə atəşə tutulması və nəticədə çoxsaylı mülki insanların ölümü və yaralanması ilə bağlı açıqlama yayıb. 

Açıqlamada bildirilir ki, Bakı İnsan Hüquqları Klubu (BİHK) Gəncə şəhərində sıx mülki əhalinin yaşadığı ərazinin raketlərlə atəşə tutulması və nəticədə çoxsaylı mülki insanların ölümü yaxud yaralanması faktını kəskin şəkildə qınayır: "BİHK eyni zamanda hərbi əməliyyatlar gedən ərazilərdən uzaq məsafədə olan Mingəçevir şəhərinin və cəbhəyanı rayonların (Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Yevlax, Goranboy) mülki əhali və obyektlərinin davamlı və sistematik raket və artilleriya atəşinə tutulmasından narahatlığını ifadə edir". 

Yerli və beynəlxalq media orqanlarının, həmçinin dövlət qurumlarının rəsmi açıqlamaları ilə yanaşı BHİK-nun qeyd edilən ərazilərdə fəaliyyət göstərən monitorları oktyabrın 11-i təxminən səhər 2 radələrində Gəncə şəhərinin raket atəşinə tutulmasını qeydə alıblar. Monitorlarımız eyni zamanda Mingəçevir şəhərində yerləşən Su Elektrik Stansiyasını hədəfləyən raketlərin atılması, müxtəlif tarixlərdə yuxarıda qeyd edilən regionlarda məktəb, uşaq bağcası, poliklinika, icra nümayənədliyi binası kimi müxtəlif mülki obyektlərin, həyət və bina evlərinin və orada olan mülki sakinlərin hədəf alındığnı da təsdiqləyən müşahidələr aparıblar", - BİHK bəyan edir. 

"BİHK-nun monitorları bu regionda yaşayan və fəaliyyət göstərən şəxslər olmaqla yanaşı, faktları müəyyən etmək üçün zərbələrin endirildiyi ərazilərə ümumi baxış həyata keçiriblər, qətlə yetirilmiş mülki sakinlərin yaxınlarından informasiyalar toplayıblar. Eyni zamanda rəsmi verilmiş məlumatların həqiqiliyi yerlərdə əldə edilən informasiyalarla müqayisə edərək yoxlanılıb. BİHK-nun hesablamaları müəyyən edir ki, hərbi əməliyyatların başladığı 27 sentyabr 2020-ci il tarixindən hazırkı bəyanatı yayıldığı 11 oktyabr 2020-ci il tarixinə qədər qarşı tərəfdən edilmiş raket və artilleriya zərbələri nəticəsində Azərbaycan ərazisində 40 nəfərdən artıq mülki sakin qətlə yetirilmiş, 200 nəfərdən artıq mülki sakin yaralanmışdır. Həm öldürülən, həm də yaralanmış sakinlər arasında azyaşlı uşaqlar və qadınlar da vardır. Dağıdılmış mülki obyektlərin sayı həddən artıq çox olduğundan onun dəqiq statistikasını BHİK tərəfindən aparmaq mümkün olmamışdır", - açıqlamada qeyd olunur.  

BİHK bəyan edir ki, qeyri-hərbi hədəflərin davamlı və sistematik şəkildə vurulması beynəlxalq humanitar hüququn ciddi pozuntusudur və müharibə cinayətidir: "Vurulmuş ərazilərin faktiki hərbi əməliyyatlar teatrından uzaq olması bu pozuntuların ehtiyatsızlıqdan deyil, qəsdən törədildiyini, mülki obyekt və sakinlərin şüurlu şəkildə həyata keçirildiyini göstərir". 

BİHK hesab edir ki, beynəlxalq humanitar hüququn əsasını təşkil edən Cenevrə Konvensiyaları və onlara əlavə edilən Protokollarda təsbit edilmiş mülki əhalini və mülki obyektləri, həyat əhəmiyyətli mülki infrastrukturu hədəfə almama prinsipi təmin edilməlidir: "Həm Azərbaycan, həm Ermənistan qeyd edilən beynəlxalq-hüquqi sənədlərə qoşulublar".  

BİHK beynəlxalq ictimaiyyəti beynəlxalq humanitaq hüquq norma və prinsiplərinin pozulması hallarına adekvat, qərəzsiz və təxirəsalınmaz münasibət bildirməyə, belə halların yol verilməsinin qarşısını almaq üçün əməli addımlar atmağa çağırır.