Bakı Şəhər İcra Hakimiyyəti ADO-ya cavab verib

Bakı Şəhər İcra Hakimiyyəti ADO-ya cavab verib

07-10-2019 17:49 / Bu xəbər 1883 dəfə oxundu

"Mədəniyyət Nazirliyinin müsbət rəy məktubu olmalıdır”

Bakı Şəhər İcra Hakimiyyəti ADO teatrının paytaxtda küçə tamaşalarının keçirilməsi ilə bağlı müraciətinə cavab verib.

Qurumun İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsindən Meydan TV-yə bildirilib ki, teatr kollektivinə ünvanlanan cavabda Mədəniyyət Nazirliyinin müsbət rəyinin vacibliyi qeyd olunub. Nazirlik qənaətbəxş cavab verdiyi təqdirdə icra hakimiyyəti tərəfindən müraciətə yenidən baxılacaq:

"Biz imtina cavabı vermirik, sadəcə, ADO teatrına yazdığımız cavab məktubunda Mədəniyyət Nazirliyinin rəyinin vacibliyini qeyd etmişik. Cavabımız üç gün, uzaqbaşı bu həftə ərzində ADO teatrına çatacaq. Elektron müraciət olunsaydı, cavab onlara dərhal məlum olacaqdı. Teatrın açıq havada tamaşa göstərməsi məsələsinə nazirlik müsbət cavab verməlidir. Nazirliyin bu rəyindən sonra tərəfimizdən yenidən müraciətə baxılacaq”.

Qurum teatrın onlara qarşı məhkəmədə iddia qaldıracağı məsələsinə də münasibət bildirilib:

"Burada məhkəməyə veriləcək bir əsas yoxdur. Biz imtina cavabı vermirik, Mədəniyyət Nazirliyinin müsbət rəy məktubu olmalıdır. Əgər teatrın nazirliklə hər hansı bir problemi varsa, yaxud sözləri düz gəlmirsə, bu başqa məsələ. İstəyirsə, məhkəməyə versin, şəxsi işidir. Lakin bu məsələdə cavabı Mədəniyyət Nazirliyi verməlidir”.

ADO
Mənbə: meydan.tv

ADO teatrının bədii rəhbəri Elmin Bədəlov Meydan TV-yə bildirib ki, Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi cavabını alandan sonra 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə təqdim edəcək:

"İki il yarımdır, bu iş dolaşığa düşüb. Hətta müxalifətçilərə piket üçün yer ayırdılar. Bizə isə tamaşa göstərməyə yer vermirlər. Biz icra hakimiyyətinin rəsmi cavabını alan kimi məhkəməyə müraciət edəcəyik”.

Hüquqşünas Ələsgər Məmmədli məsələni şərh edərkən Meydan TV-yə bildirib ki, burada söhbət sənətdən gedir və Mədəniyyət Nazirliyinin üzərinə birmənalı olaraq yük düşür:

"Nazirlik özünü kənara çəkə bilməz. Bakı Şəhər İcra Hakimiyyətində də mədəniyyət bölməsi var və mahiyyət etibarilə məsələni əlaqələndirmələri lazımdır. Burada söhbət sənət əsərinin nümayişindən gedirsə ifadə azadlığı pozulur. Hər iki qurum məsələni bir-birinin üstünə ötürür, bu da hüququn məhdudlaşdırılmasıdır. Belə olan halda da məhkəməyə gedilməlidir.

Ələsgər Məmmədli
Mənbə: meydan.tv

Məsələdə icra strukturu yer, Mədəniyyət Nazirliyi isə mədəni tədbirin keçirilməsi baxımından məsuliyyət daşıyır. Məhkəmə yolu ilə onlar bunu təmin etməlidir. Hər iki quruma hüquq çərçivəsində reaksiya göstərmək məcburiyyətinin olduğu bildirməlidir”.

ADO (Azərbaycan Dağınıq Oda teatrı) bir müddət əvvəl Mədəniyyət Nazirliyini məhkəməyə verib. Buna səbəb iki ildən çoxdur ki, nazirliyin ADO-nun paytaxtda küçə tamaşalarının keçirilməsi müraciətini cavabsız qoymasıdır.

Nazirliyə qarşı 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsində iddia qaldırılıb.