Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranı yenidən Lökbatana göndərir

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranı yenidən Lökbatana göndərir

30-10-2019 16:05 / Bu xəbər 1067 dəfə oxundu

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının noyabrın 2-də keçirmək istədiyi mitinqlə bağlı cavab verib.

"Report” saytının məlumatına görə, mitinq üçün Lökbatan qəsəbəsində 28 may küçəsi, "Neftçi İdman Klubu”nun Qaradağ təlim-idman bazasında yer ayrılıb.

Milli Şura müraciətində metronun "28 May” stansiyasının qarşısı və ya "Məhsul” stadionunu göstərmişdi.

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim Meydan TV-yə deyib ki, onlara verilən cavabdan asılı olmayaraq Milli Şura aksiyanı şəhərin mərkəzində keçirəcək. 

O, AXCP sədri Əli Kərimliyə istinadən bildirib ki, Lökbatan qəsəbəsinə getməyəcəklər.

"Xalq öz konstitusion hüququndan istifadə edəcək”, - Məmməd İbrahim deyib.

Oktyabrın 19-da Milli Şuraya mitinq keçirmək üçün eyni yer verilmişdi. 

Milli Şura buna etiraz əlaməti olaraq metronun "28 May” stansiyası qarşısında mitinq keçirib. 

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) aksiya haqqında yaydığı açıqlamada 60 nəfərin saxlanıldığını bildirib. 

Saxlanılanların çoxu sərbəst buraxılsa da, 11 nəfər inzibati həbs cəzası alıb.