Bakı Şəhər İcra Hakimiyyəti Müsavatı da Lökbatana göndərdi

Bakı Şəhər İcra Hakimiyyəti Müsavatı da Lökbatana göndərdi

06-11-2019 16:38 / Bu xəbər 1534 dəfə oxundu

Arif Hacılı: "İcra hakimiyyətinin binası qarşısında piket keçirəcəyik”

Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-a təyin etdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

İcra hakimiyyəti aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.

Partiya müraciətində Tofiq Bəhramov adına stadionun qarşısında, metronun "Dərnəgül” stansiyasının çıxışında olan meydanları, yaxud "Məhsul” stadionunda yer ayrılmasını istəmişdi. İcra hakimiyyəti "Məhsul” stadionunda təmir işləri getdiyini, digər meydanların isə "nəqliyyatın sıx hərəkət etdiyi” ərazi olduğunu əsas gətirərək icazə verməyib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə icra hakimiyyətinin cavabının "Sərbəst toplaşmaq haqqında” qanuna zidd oluğunu bildirib:

"İcra hakimiyyətinin təşkilatçıların razılığı olmadan aksiyanın yerini və şüarlarını dəyişdirmək hüququ yoxdur. İcra hakimiyyəti partiyamızın xəbərdarlığını əsas götürərək kütləvi aksiyanın keçirilməsi üçün şərait yaratmalıydı. Lökbatan qəsəbəsi paytaxtdan çox kənardadır və orada kütləvi aksiya keçirmək üçün müvafiq şərait yoxdur. Ona görə biz qəsəbədə aksiya keçirmək niyyətində deyilik”.

Arif Hacılı noyabrın 12-də Bakı Şəhər İcra hakimiyyətinin qarşısında aksiya keçirəcəklərini söyləyib:

"Biz Konstitusiya və qanunlara əməl edilməsi tələbi ilə icra hakimiyyəti qarşısında piket keçirəcəyik. Bununla bağlı qərar qəbul olunub və icra hakimiyyətinə də xəbərdarlıq məktubu göndərilib”.

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının da oktyabrın 19-da və noyabrın 2-də mitinq keçirməklə bağlı müvafiq müraciətinə eyni cavabı vermişdi. Milli Şura oktyabrın 19-da buna etiraz əlaməti olaraq şəhərin mərkəzində aksiya keçirdi. Noyabrın 2-i mitinqi isə ləğv edildi.