Bakıda gənc qız klinikada öldü, meyitini vermək üçün 8 min manat istədilər - VİDEO

Bakıda gənc qız klinikada öldü, meyitini vermək üçün 8 min manat istədilər - VİDEO

26-06-2020 17:09 / Bu xəbər 2639 dəfə oxundu

Baş həkim isə meyiti qızın valideylərinə verdiyini deyir

Bakıda 22 yaşlı qız - Məmmədova Təbəssüm Bona Dea Beynəlxalq Hospitalında müalicə alarkən ölüb. 

Hospital pasiyentin meyitini ailəsinə verməkdən imtina edib.

Arqument.az xəbər verir ki, bu barədə sosial şəbəkəldə qızın anası Elnurə Əsgərova videomüraciət yayıb. 

O bildirib ki, xəstənin müalicəsi üçün 40 min manat pul istəyiblər. O, pulun böyük bir hissəsini ödəsə də, 8 min borcu qalıb.

Anasının sözlərinə görə, xəstəxanadan deyiblər ki, qalıq pulu da gətirin, sonra meyiti verək. 

Sosial şəbəkələrdə yayılan videomaterialla bağlı Bona Dea Xəstəxanası açıqlama yayıb.

Açıqlamada deyir: Sosial şəbəkələrdə yayılan videomaterialla bağlı bildirmək istəyirik ki, 05 May 2020-ci il tarixində xəstəxanamıza qanhayxırma və son 20 gündə 8 kq arıqlama şikayəti ilə müraciət edən 1998-ci il təvəllüdlü Məmmədova Təbəssüm Rövşən qızı tibbi onkoloq tərəfindən müayinə olunub. 

Müayinə zamanı digər xəstəxanalarda aparılmış radioloji müayinələr (tarakoabdominal KT) araşdırılmış, ağciyər, qaraciyər və yumurtalıqlarda yayılmış şəkildə metastatik ocaqlar aşkarlanıb. Xəstə yaxınlarına mövcud vəziyyət barədə ətraflı məlumat verilmiş və dəqiq diaqnoz üçün biopsiya tövsiyə olunub.

Baş həkim meyiti qızın valideynlərinə verdiyini açıqlayıb, lakin onlardan alınan vəsaitlə bağlı heç bir açıqlama verilməyib. 

"Bona Dea International" hospital kimindir? 

2018-ci ildə marja.az saytında yayılan məlumata görə, Bakıda açılan "Bona Dea International" hospitalı iş adamı Faiq Əliyevin biznesinin bir hissəsidir.  

"Bona Dea Medikal" və "Bona Dea" şirkətlərindən başqa, Faiq Becan oğlu Əliyev "Palitra" MMC, "Riva-İnşaat" MMC, "Riva" MMC, "Makro Qrup" MMC və "Format Qrup" MMC-nin təsisçisidir. 

"Riva-İnşaat" MMC "SOCAR Petroleum"un tədarük etdiyi neft məhsullarının çox az sayda topdan alıcısından biridir. "Palitra" MMC "Port Baku", "SOCAR Tower", "White City Head Office" və Bakı Olimpiya Stadionunun bəzək işlərində iştirak edib. 

Qeyri-rəsmi məlumatlara görə, hospitalın tikintisini SOCAR dövlət şirkəti maliyyələşdirib. Ancaq bu, təsdiqini tapmayıb. 

Eyni zamanda sosial şəbəkələrdəki materiallara görə, bu super müasir kompleksinin tikintisini UNICO şirkəti həyata keçirib. Şirkətdən "Marja"ya bildirildi ki, UNICO obyektin tikintisini tam deyil, yalnız müəyyən iş növlərini yerinə yetirib. 

UNICO şirkəti Bakıda Heydər Əliyev Mərkəzi, Dövlət Neft Fondunun binası, Port Baku-da BP şirkətinin ofisi, Su Mərkəzi, Kristal zal və digər mühüm obyektlərin inşasında da iştirak edib. 

Hospital haqqında daha ətraflı: http://marja.az/news/22375