Bakıda zorakılıq əleyhinə “Dözmə, Yürüş Et!” aksiyası

Bakıda zorakılıq əleyhinə “Dözmə, Yürüş Et!” aksiyası

20-10-2019 22:43 / Bu xəbər 2252 dəfə oxundu

Bakıda qadınlara zorakılıq əleyhinə "Dözmə, Yürüş Et!” aksiyası keçirilib. 

Polis iştirakçılara planladıqları yürüşü keçirməyə əngəl olub.

Oktyabrın 20-də Bakıda bir qrup qadın son günlər artan qadın cinayətlərinə etiraz yürüşü keçirmək istəyib.

Yürüş Bakının mərkəzi, Nizami küçəsində planlanmışdı, ancaq polisin müdaxiləsi ilə yürüş aksiyaya çevrilib. İştirakçılardan bəziləri polis tərəfindən saxlanılıb. Sonra onlardan çoxu sərbəst buraxılıb. Polis onlarla qadına şiddət göstərib, saçını yolub, qolunu burub.

Polis qadınlara planladıqları Natavan heykəlinin önündən yürüş keçirməyə imkan verməyib. Ancaq iştirakçılar "Şiddətə susma, şiddətə dözmə!”, "Süpürgəçi qadınlar ölməsin", "Erkən nikahlara son" şüarlarını səsləndirib, yürüşün rəsmi bəyanatını oxuyublar.

Azərbaycanda bu ilin yanvar-sentyabr ayları ərzində 118 qadın ailədaxili şiddətə məruz qalıb. Onlardan 33-ü həmin şiddət nəticəsində dünyasını dəyişib. Digər 85 qadın isə ailə üzvü və yaxınları tərəfindən ya döyülüb, bıçaqla, balta ilə, küt alətlə, çəkiclə vurulub, yandırılıb və müxtəlif cür xəsarət alıblar.

Mikroskop Media bu monitorinqi Azərbaycanda informasiya agentlikləri və xəbər saytlarında dərc olunan materiallara əsasən aparıb.///Meydan.tv