Bakı İnsan Hüquqları Klubu 57 məhkumun əfv olunmasını xahiş edir

Bakı İnsan Hüquqları Klubu 57 məhkumun əfv olunmasını xahiş edir

30-04-2022 23:25 / Bu xəbər 4063 dəfə oxundu

Aprelin 29-da Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi  28 May - Müstəqillik Günü münasibətilə gözlənilən əfv aktı ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə və Prezident yanında Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyevə müraciət edib.

Qurumun rəhbəri Rəsul Cəfərov "Turan"a bildirib ki, hüquq müdafiəçiləri 57 məhkumun azadlığa buraxılmasını xahiş edirlər.

Bu şəxslər arasında Birinci Qarabağ Müharibəsinin veteranı Saleh Rüstəmov, "Nardaran işi” və "Gəncə işi” mühakimə olunanlar, keçmiş XTPD üzvləri (1995-ci il XTPD qiyamına görə məhkum olunmuşlar), bəzi siyasi partiyaların üzvləri var.  

Cəfərov "Tərtər işi” üzrə fiqurantların siyahıya  salınmamasını onunla izah edib ki, hazırda həmin hadisələrə görə məhkum olunanların işinə yenidən baxılır və onların tam bəraət almaq şansı var.

Müraciət müəllifləri hesab edirlər ki, əfv təkcə məhkumların həbsdən azad olmasına imkan yaratmayacaq, həm də onların yaxınlarına rahatlıq və sevinc gəturəcək. 

Eyni zamanda, bu, cəmiyyətdə müsbət və barışdırıcı atmosferin yaranmasına səbəb olacaq.