Bakı İnsan Hüquqları Klubu İlham Əliyevə müraciət etdi
15-02-2021 17:36 / Bu xəbər 1005 dəfə oxundu
Bakı İnsan Hüquqları Klubu (BİHK) bir sıra məhbusların azad edilməsi xahişi ilə dövlət başçısına müraciət edib.
Müraciətin surəti elektron qaydada Azərbaycan Respublikası Prezidentinin yanında Əfv Məsələləri Komissiyasının sədri Samir Nuriyevə, Komissiyanın üzvləri Əliməmməd Nuriyev, Zahid Oruc və Azay Quliyevə də ünvanlanıb.
Bu barədə Bakı İnsan Hüquqları Klubundan arqument.az-a məlumat verilib.
Bildirilir ki, müraciət bir qayda olaraq Novruz bayramı ərəfəsində əfv sərəncamlarının verilməsi təcrübəsi nəzərə alınaraq və əfv məsələsi barədə qeyri-hökumət təşkilatlarına müraciət etmək (vəsatət qaldırmaq) imkanı verən ölkə qanunvericiliyi rəhbər tutularaq hazırlanıb.
Sənəddə Prezidentə xitabən vurğulanır: "Müharibə dövründə və ondan sonra bir sıra ictimai çıxışlarınızda milli birlik və həmrəylik konseptlərinə istinad edərək məhz bu birliyin nəticəsində əzəmətli qələbə əldə edildiyini vurğulamısınız. Bu mövqe ilə birmənalı razılaşaraq hesab edirik ki, tarixi Qarabağ qələbəsi kontekstində geniş əfv sərəncamının verilməsi cəmiyyətdə bu birliyi daha da gücləndirər, yaranmış müsbət gözləntiləri qarşılamış olardı”.
Müraciət vasitəsilə 110 nəfər məhkumun azad edilməsi xahiş olunur.
Onların arasında həm ittihamları sübut etmək üçün mötəbər sübutların olmadığı işlər, həm də digər işlər üzrə müxtəlif müddətlərə və ömürlük azadlıqdan məhrum edilmiş şəxslər var.
Qeyd:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən əfvetmə Azərbaycan Respublikası Prezidentinin müstəsna səlahiyyətidir.
Azərbaycan Respublikası Prezidentinin 18 iyul 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Əfvetmə haqqında Əsasnamə”nin 12-ci bəndinə əsasən əfvetmə barədə məsələni qeyri-hökumət təşkilatı da öz vəsatəti (müraciəti) ilə qaldıra bilər.












