"Bakı İstintaq Təcridxanasında nə həkim, nə də dərman tapılır"

05-11-2024 18:05 / Bu xəbər 525 dəfə oxundu

"Necə olur, bu boyda müəssisədə analiz götürməyə heç bir avadanlıq yoxdur?”

"AbzasMedia”nın həbsdə olan əməkdaşı, jurnalist Nərgiz Absalamova saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasının (BİT) 2-ci korpusunda xəstəlikdən əziyyət çəkən qadın məhbusların vaxtında və keyfiyyətli tibbi yardım ala bilmədiklərini açıqlayıb.

Bu barədə noyabrın 5-də "AbzasMedia” məlumat yayıb.

Nərgiz Absalamova yazıb ki, məhbus qadınlar yüksək təzyiq, şəkərli diabet, daxili orqanların müxtəlif xəstəliklərindən əziyyət çəksələr də, onların çağırışlarına gələn həkimlər çox vaxt dərmansız olurlar: ""O xəstəliyə uyğun dərmanımız yoxdur” – cümləsi buradakı məhbusların tez-tez eşitdiyi cavabdır. Xəstəlikdən asılı olmayaraq həkimlər "Analgin”, "Aspirin” və ya "Nemesil” verib məhbusun kamerasından uzaqlaşırlar. Gecə növbəsinin gec gələn həkimləri bütün ağrıları ağrıkəsici dərmanla ötüşdürüb səhər Güney Həsənova adlı həkimin gəlməyini gözləməyi məsləhət görürlər. Amma Güney həkimin gəlməyi üçün neçə səhərlərin keçməsi gərəkdiyi bilinmir. Çünki həkim həftədə bir-iki dəfə, bəzən isə ümumiyyətlə korpusa gəlmir. Gəldikdə isə qadın məhbuslara cəmi 1-2 saatını ayırır və öncəliyi ödəniş edən məhbuslara verir. Qalan vaxtda isə digər şəxslər qəbuluna düşməyə çalışırlar”.

"Bir ildir BİT-də saxlanılan Şəmsiyyə İsmayılova adlı məhbus deyir ki, iki aydan çoxdur yüksək təzyiq, nevroloji problemləri ilə bağlı Güney həkimə müraciət etsə də, onu nə müayinə edir, nə dərman verir, nə də resept yazır ki, özü ala bilsin. Hər gün təzyiqim qalxır. Elə olur ki, ağrıdan yerimdə dayana bilmirəm. Başqa məhbuslardan xahiş edib ağrıkəsici dərman alıram. Elə olur gündə 4-5 ağrıkəsici dərman qəbul edirəm. Belə dərd olar? Nəzarətçilər Güney həkimdən xahiş ediblər deyə, bir-iki dəfə məni USM müayinəsinə aparıb. Deyirəm, USM heç nə göstərmir, heç olmasa qan analizi götürün, bəlkə, qanımda səbəb tapıldı. Deyir ki, bizdə analiz yoxdur. Bəs mən nə etməliyəm? Necə olur, bu boyda müəssisədə analiz götürməyə heç bir avadanlıq yoxdur? Axşam gələn növbətçi həkimlər deyir ki, "səndə ağrı əsəbdəndir”. Bildiyimə görə, Güney xanım nevropatoloqdur”, – deyə o bildirib.

Nərgiz Absalamova daha sonra yazır ki, Şəmsiyyə İsmayılova baş həkimin qəbulunda da olub:

"Baş həkim Güney xanıma onu müayinə edib müalicə etməyini tapşırıb, amma qapıdan çıxan kimi bu tapşırıq da unudulub”.

"Məhbuslarla söhbətləşdikcə aydın olur ki, Güney həkim onlara (siyasi məhbuslar istisna olmaqla) sistemi pul qarşılığında qoşur, analiz üçün 20 manat istəyir və 200-300 manat qarşılığında məhbusları Penitensiar Xidmətin nəzdindəki müalicə müəssisəsinə göndərir. Təcridxanada iki stomatoloq var. Onlardan Taleh adlı həkim diş müalicəsi üçün məhbuslardan pul istəyir. Pulsuz olan ancaq dişindən olmaqdır. Qalan prosedurlar yalnız ödənişlə edilir. Müəssisədə həkimlər ixtisasları üzrə işləmirlər. Güney həkim ixtisasca nevropatoloq olsa da, bütün xəstəliklərin müayinə və müalicəsi ona tapşırılıb”, – deyə məhbus jurnalist əlavə edib.

Absalamova mövcud vəziyyətlə bağlı dəfələrlə təcridxananın rəisi Elnur İsmayılova şikayət etdiklərini deyib, ancaq "bir cavab” alıblar: "Həkimlər bizə tabe deyil”.

O, müəssisəyə gələn Ombudsman Aparatının əməkdaşlarına bu problem çatdırılanda isə sadəcə, qeydiyyat aparmaqla kifayətləndiklərini vurğulayıb: "Onlardan bu vaxta qədər geridönüş almaq mümkün olmayıb”.

Noyabrın 4-də "AbzasMedia”nın direktoru Ülvi Həsənli də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından yazdığı məktubda həbsxanada vəziyyətin pis olduğunu bildirmişdi.

Jurnalistin sözlərinə görə, bir ilə yaxındır ki, saxlanıldıqları Bakı İstintaq Təcridxanasında bir sıra məhdudiyyətlər, təzyiq və hədələrin iki səbəbi var: "Onlardan biri həbsxanada baş verən işgəncələri, qanunsuzluqları ictimailəşdirməyimizdir. Bakı İstintaq Təcridxanası (BİT) və Penitensiar Xidmət (PX) rəhbərliyi fikirləşir ki, həbsxanada gözümüzün qabağında sistemli işgəncə, qeyri-insani rəftar, korrupsiya, özbaşınalıq, seçki saxtakarlığı həyata keçirəcəklər, biz də hansısa səbəbdən bu cinayət əməllərindən danışmayacağıq. Problemləri işıqlandırdığımıza görə PX rəhbərliyi bizə qarşı növbəti ucuz təzyiq metodlarına əl atmağa başlayıb. Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Elnarə Qasımova və mənim ailə üzvlərimizlə görüşlərə maneələr yaradılır".

Meydan TV hər iki məktubla əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevə müraciət edib.

T.Mustafayev Ülvi Həsənlinin yazdıqlarının doğru olmadığını bildirib.

O, Nərgiz Absalamovanın məktubundakı qeydlərlə bağlı sualların onlara yox, müvafiq nazirliyin Tibb Baş İdarəsinə aid olduğunu deyib.

Tibb Baş İdarənin həkimi İftixar Qurbanov Nərgiz Absalamovanın yazdıqlarını araşdıracaqlarını və Ədliyyə Nazirliyinin mətbuat xidmətinə məlumat verəcəklərini bildirib.

Jurnalistlərin həbsi və mediaya təzyiqlər…

Korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia” işi üzrə həbslər noyabrın 20-dən başlayıb.

Öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova ilə davam edib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Bu günlərdə vergidən yayınma, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, qanunsuz sahibkarlıq kimi yeni ittihamlar verilib.

Noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra "AbzasMedia”nın ofisində axtarış aparılıb.

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Adlarıçəkilən jurnalistlərin heç biri özünü təqsirli bilmir, "AbzasMedia”da Prezidentin ailə üzvləri də daxil olmaqla, bir sıra vəzifəli şəxslərin biznesi, korrupsiya ilə bağlı araşdırmalara görə cəzalandırıldıqlarını bildiriblər.

"AbzasMedia”dan sonra "Kanal 13” internet kanalı, "Toplum TV” xəbər portalı və eyni adlı internet televiziyası, Milli Məclisin və deputatların fəaliyyətini araşdıran "meclis.info” saytının rəhbərləri və əməkdaşları da qaçaqmalçılıq ittihamıyla həbs olunub.

İddia olunur ki, bu media orqanları xarici təşkilatlardan qrantlar alıb, həmin vəsaitləri qaçaqmalçılıq yoluyla ölkəyə gətirib. Lakin jurnalistlər bu ittihamı rədd edir, qaçaqmalçılıqla bağlı heç bir sübut-dəlil olmadan həbs olunduqlarını bildirirlər.

Onlar bəyan edib ki, bu həbslərin məqsədi ölkədəki korrupsiyanı, məmur özbaşınalığını araşdıran, ictimaiyyətə çatdıran media orqanlarını susdurmaqdır.