Bakı İstintaq Təcridxanasında telefonla danışmaq istəyən qadın işgəncəyə məruz qalıb
28-09-2024 00:38 / Bu xəbər 684 dəfə oxundu
Bəkirova Məleykə Roman qızının rejim rəisi Ədalət Qurbanov tərəfindən döyülərək qanunsuz yaradılmış cəza kamerasına salındığı bildirilir
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan məhbus Bəkirova Məleykə Roman qızının sentyabrın 23-də telefonla danışmaq istəyərkən təcridxananın rejim rəisi Ədalət Qurbanov tərəfindən döyüldüyü bildirilir.
Bu məlumat "Abzas Media”ya təcridxanadakı mənbələrdən daxil olub.
"Ədalət Qurbanov 35-ci kamerada saxlanılan Məleykə Bəkirovanı oradan çıxararaq, qanunsuz yaradılmış cəza kamerasına aparıb və üzərinə hücum çəkərək döyüb. Boğazından tutaraq onu boğub və sonra hər iki yanağına şillə vurub. İtələyərək kameradakı çarpayının üzərinə yıxıb. Məleykə Bəkirovanın üzündə və sinəsində Ədalət Qurbanovun əl izləri var", – deyə mənbə bildirilib.
Bildirilir ki, Ədalət Qurbanov Məlehkə Bəkirovanı döydükdən sonra cərimə kamerasından çıxıb və üzünü telefonla danışmaq üçün növbə gözləyənlərə tutaraq "bundan sonra telefonla danışmaq istəyənlərin cavabını belə verəcəm" deyib.
"Abzas Media” döyülmə halı ilə bağlı iddialara Penitensiar Xidməti və 1 saylı Bakı İstintaq Təcridxanasından rəy ala bilməyib.
Təcridxanalarda məhbuslara işgəncə verilməsilə bağlı məlumatlar buna qədər də yayılıb.
"Abzas Media"nın həbsdəki direktoru Ülvi Həsənli bu ilin avqustunda 1 saylı Bakı İstintaq Təcridxanasında qeydə aldığı qeyri-insani davranış və işgəncə hallarını ictimailəşdirəndən sonra özü də təhdidlərə məruz qalmışdı.
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə məlumatları təkzib edib.