Bakı sakini: "10 yaşlı qızımla məni zorla evimizdən çıxardılar"

Bakı sakini:

16-12-2020 23:43 / Bu xəbər 610 dəfə oxundu

"Konstitusiya icra başçısı üçün kağız parçasıdır”

Paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 80 ünvanındakı dördmərtəbəli binaların yerində "Fədək” MMC hündürmərtəbəli yaşayış binaları tikməyi planlaşdırır. Amma əvvəlki binaların sakinlərindən bir neçəsi buna razı deyil, evindən çıxmaq istəmir. 

Həmin narazı vətəndaşlardan biri olan Elmina Sultanova Meydan TV-yə bildirib ki, dekabrın 15-də 10 yaşlı qızı ilə birlikdə polis gücünə evindən zorla çıxarılıb: "Onsuz da həyətdəki evlərin bir hissəsini söküb, qəza vəziyyəti yaratmışdılar. İşıqları da söndürdülər. Telefonun enerjisi olmadığına görə Daxili İşlər Nazirliyinin 102 xidmətinə, qızımın vəziyyəti pisləşdiyinə görə təcili yardıma da zəng eləyə bilmədim. Uşaq dəhşətə gəlmişdi. Qapını sındırıb zorla evə soxulub, bizi çıxardılar. Əşyalarımızı da sındıra-sındıra yığıb, özlərinin tutduğu evə aparıb tökdülər. İnana bilmirəm ki, bu qədər özbaşınalığın hökm sürdüyü bir ölkədə yaşayıram. Yoxsa virusun tüğyan etdiyi bir vaxtda bizi, 10 yaşlı uşağı öz halal evindən çıxarıb küçəyə atmağın adı nədir?”

"Fədək” MMC köhnə binaların bir çox sakini ilə razılığa gəlib ki, tikəcəyi hündürmərtəbəli binalardan onlara mənzillərinin sahəsindən də böyük, təmirli ev verəcək. 

Yeni mənzillər tikilib təhvil verilənə qədər isə onlar kirayədə qalacaqlar. Kirayə pulunu da şirkət ödəyəcək. Bu şərtlərlə razılaşmayan Elmina Sultanova və qonşuları isə mənzillərinin müqabilində pul tələb edir.

"Biz onlara inanmırıq. Kim zəmanət verə bilər ki, onlar dediklərinə əməl edəcəklər? Şirkətə rəhbərlik edənlərdən biri bundan əvvəl eyni mənzili bir neçə nəfərə satdığına görə məsuliyyətə cəlb olunub. Belə birinə necə inanım? Ona görə tələb edirəm ki, əgər bina mütləq sökülməlidirsə, o zaman pulumu ödəsinlər”, - deyə Elmina Sultanova bildirib.

Onun fikrincə, baş verən proseslərin arxasında Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov dayanıb: "Azərbaycan Konstitusiyasında yazılıb ki, mülkiyyət toxunulmazdır. Amma proseslər göstərir ki, Nəsimi rayonunun icra başçısı üçün Konstitusiya kağız parçasıdır”.

Evindən çıxmaq istəməyən mülkiyyətçilərlə bağlı uzun müddətdir ki, məhkəmə prosesi gedir. Hələ yekun qərar verilməyib. Mənzillərindən çıxmaq istəməyən vətəndaşları məhkəməyə verən isə tikinti şirkəti yox, Nəsimi Rayon İcra Hakimiyyətidir. "Fədək” MMC prosesə üçüncü tərəf qismində cəlb olunub.

İcra hakimiyyəti iddia ərizəsində göstərib ki, bir qrup sakin yeni yaşayış binasının tikintisinə maneçilik törədir. Ona görə də həmin şəxslərin məcburi evlərindən çıxması, yeni bina hazır olana qədər kirayə yaşaması və kirayə pulunu da tikinti şirkətinin ödəməsi haqda qərar çıxarılması istənilib.

Binanın sökülməsi barədə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun 23 iyun 2017-ci il tarixli sərəncamında yazılıb ki, sözügedən bina qəzalıdır, sökülüb yerində çoxmərtəbəli yaşayış binasının tikintisi üçün həmin ərazi 49 illik müddətinə "Fədək” MMC icarəyə verilir.

Amma narazı sakinlər binanın qəzalı olduğuna görə sökülməsi barədə iddialarla razılaşmırlar.

Mübahisəyə əvvəl Nəsimi Rayon Məhkəməsində baxılıb və icra hakimiyyətinin iddiası təmin olunub. Sakinlər apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsi qərarı dəyişərək, icra hakimiyyətinin iddiasını rədd edib. 

Qərarda da yazıb ki, icra hakimiyyəti binanın qəzalı olması haqda sübut ortaya qoymayıb. Həm də "Fədək” MMC qala-qala tələb hüququ olmayan Nəsimi Rayon İcra Hakimiyyəti mülkiyyətçilərə qarşı iddia qaldırıb. 

İcra hakimiyyəti qərardan Ali Məhkəməyə şikayət verib. Ali Məhkəmə işi yenidən araşdırlması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarıb. Pandemiya ilə əlaqədar məhkəmələrin də fəaliyyəti dayandırıldığına görə bu iş üzrə məhkəmə prosesi yanvara qədər təxirə salınıb.

Həmin bina
Mənbə: Meydan Tv