Bakı Yerevanla münasibətləri normallaşdırmağa hazırdır, bir şərtlə...

Bakı Yerevanla münasibətləri normallaşdırmağa hazırdır, bir şərtlə...

30-04-2021 16:43 / Bu xəbər 2508 dəfə oxundu

Azərbaycan ərazi bütövlüyü və suverenlik prinsipi əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır. 

Bu barədə aprelin 30-da Bakıda Litvanın xarici işlər naziri Qabrielius Landsberqislə görüşün yekunlarına həsr olunmuş brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov danışıb.

Bayramov Azərbaycan tərəfinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün bəndlərinə riayət etdiyi halda Ermənistanın mina sahələrinin xəritəsini Azərbaycana vermək istəməməkdə ittiham edib.

"Azərbaycanın və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan mina sahələrinin xəritəsini verməkdən imtina edir. Noyabrın 10-dan sonra azad edilmiş ərazilərdə 22 nəfər minaya düşərək dünyasını dəyişib, 100-ə yaxın insan isə yaralanıb", - deyə o bildirib.

Öz növbəsində, Litvanın xarici işlər naziri Bakını və Yerevanı regionun təhlükəsizliyinin artırılması və sülhün möhkəmləndirilməsi üçün "qalan məsələləri” həll etməyə çağırıb. 

"Ermənistanda olanda biz minalanmış ərazilərin xəritələri barədə onlardan da soruşduq. Biz soruşuruq ki, necə olacaq? Bu sualı biz də Ermənistanın qarşısında qaldırırıq” - deyə o bildirib. 

Landsberqi ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib: "Azərbaycan Litvanın Qaqzada ən böyük ticarət tərəfdaşıdır. Aİ ilə Azərbaycan arasında siyasi müstəvidə əməkdaşlığın genişlənməsinin tərəfdarıyıq".