Bakıda 26 yol qəzası baş verib, ölən var

Bakıda 26 yol qəzası baş verib, ölən var

24-02-2021 16:06 / Bu xəbər 1140 dəfə oxundu

"Səhər saatlarından indiyə qədər əlimizdə olan məlumata görə, yol və meteroloji şəraitin nəzərə alınmadığı və sürət həddinə diqqət yetirilmədiyi üçün maddi zərərlə nəticələnən 26 yol-nəqliyyat hadisəsi baş verib”.

Bunu "Toplum TV”-yə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib.

Vaqif Əsədov​​​​​​
Foto: sosial media

Qeydə alınan qəzalardan biri 10 avtomobilin iştirakı ilə baş verib və ilkin məlumata görə, bir nəfər həlak olub.

Hadisə səhər saatlarında Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, yük maşını idarəetməni itirərək aşıb və nəticədə bir neçə avtomobil toqquşub. 

Foto: Toplum.TV

Vaqif Əsədov qəzaların səbəbini sərt hava şəraiti ilə əlaqələndirib: "Fevralın 23-dən etibarən hava şəraitinin kəskin dəyişməsi, xüsusilə də ölkə ərazisində və Bakı şəhərində qarın yağması yollarda buzlaşmaya səbəb olub. Bu da nəqliyyatın hərəkətində intensivliyi aşağı salıb. Yaranmış vəziyyətlə əlaqədar olaraq Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən zəruri tədbirlər görülüb və əməkdaşlarımız gücləndirilmiş iş rejimində xidmət göstəriblər. Yolların təmizlənməsi, təhlükəsizliyin təmin edilməsi istiqamətində müvafiq qurumlarla birgə, yəni Bakı Şəhər İcra Hakimiyyəti və "Azəravtoyol”un xüsusi texnikaları ilə şəxsi heyətinin hesabına təmizlik işləri də aparılıb. Lakin duman, çiskin, şaxta və qarın davam etməsi bəzi ərazilərdə sürüşmə ehtimalını yaradıb. Xüsusilə enişli-yoxuşlu yollar, sərt döngələr, körpü və tunellər avtomobillərin hərəkətində problemlər yaşadıb. Bu səbəbdən sizin vasitənizlə avtomobil sürücülərə müraciə edirik ki, belə hava şəraitində vəziyyəti düzgün qiymətləndirib şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər".

Foto: Toplum.TV

O, ictimai nəqliyyat vasitələri ilə hərəkətin tənzimlənməsini daha məqsədəuyğun hesab edir: "Ayrıca, paytaxtın bəzi ərazilərində dünəndən etdiyimiz müraciətlərə baxmayaraq istismara yararasız və texniki cəhətdən nasaz təxminən 9 avtomobil aşkarlanıb. Onlar yolun hərəkət hissəsində xarab olub dayandığı üçün həmin istiqamətdə nəqliyyatın hərəkətində problemlər yaradıb”.

Foto: Toplum.TV​​​

O, Dövlət Yol Polisi İdarəsinin sürücülərə tövsiyələr verdiyini də qeyd edib: "Sürücülərə minimum sürət həddi seçməyi, ara məsafəsini normadan artıq götürməyi və yol nişanlarına uyğun hərəkət etməyi tövsiyə edirik. Nəqliyyat vasitəsi sürüşdüyü halda təkərlərdə olan təzyiq nisbətən aşağı salınmalı və sürətlər qutusunun köməkliyi ilə hərəkət edilməlidir. Bundan başqa, bəzi ərazilərdə dövlət nömrə nişanları və işıqları görünmədən avtomobillərin idarə edilməsi faktları aşkarlanıb. Bununla əlaqədar olaraq sürücülərə bildiririk ki, "Yol hərəkəti haqqında” Qanunda hava şəraitindən asılı olmayaraq dövlət nömrə nişanlarının görünməsinin vacibliyi qeyd edilib. Bu tələblər pozulduğu halda, inzibati xəta tərkibinin yarandığını və cərimələnmə ilə nəticələndiyini unutmasınlar. Piyadalar isə ictimai nəqliyyat vasitələrini yalnız ayrılmış dayanacaqda gözləməli, avtobus tam dayandıqdan sonra enib-düşmə prosesləri həyata keçirilməlidirlər. Yolların hərəkət hissəsinə çıxılmamalı, xüsusilə azyaşlı uşaqların yolların bu hissəsində oynamalarının qarşısı alınmalıdır”.