Bakıda aptek müdiri qadın işçisini vəhşicəsinı döyüb

Bakıda aptek müdiri qadın işçisini vəhşicəsinı döyüb

25-11-2024 17:07 / Bu xəbər 653 dəfə oxundu

Bakıda aptek müdiri xanım işçisini döyüb.

Hadisə Bakı şəhəri, Səbail rayonunda, Rəşid Behbudov küşəsinə yaxın apteklərdən birində baş verib.

Qeyd olunur ki, aptek müdiri olduğu bildirilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı vəhşicəsinə döyüb. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Yayılanan görüntülərdən müdirin işçini yumruqlayıb yerə yıxdığı, daha sonra təpiklədiyi və yerlə sürüdüyü görünür.

Məlumata görə, hadisə bu il iyulun 7-də baş verib. 

Məsələnin üstü aptekin digər işçisi Şəhanə Quliyevanın insidentin görüntülərini döyülən Ayselin yaxınlarına verməsindən sonra açılıb. 

Bundan sonra isə aptekin müdiri Elnur Cabbarovla Şəhanə Quliyevanın həyat yoldaşı Zamin Quliyev arasında qarşıdurma yaranıb.

Z.Quliyevin qardaşı Qabil Quliyev baş verənlər haqqında danışıb.

O, əvvəlcə Ayselin döyülməsinin səbəblərinə toxunub: "Bu hadisədə döyülən, təhqir olunan, zərər çəkən təkcə Aysel deyil. Bu, bütövlükdə Azərbaycan xalqının problemidir. Hadisənin necə baş verməsinə gəlincə, Ayselin iş yoldaşı ona "müəllim dovşana oxşayır" məzmunlu mesaj yazıb. Aysel isə bu mesaja yalnız gülüş smayliki ilə cavab verib. Lakin aptekin Aysel adlı başqa bir işçisi bu mesajın ekran görüntüsünü alaraq müdirə göndərib. Bundan sonra Elnur Cabbarov aptekə gələrək Ayseli vəhşicəsinə döyüb. Hadisədən sonra döyülən qızın anası mənim qardaşımın yoldaşına zəng edərək kamera görüntülərini istəyib. Kamera görüntülərini əldə etdikdən sonra o, məsələ ilə bağlı 22-ci Polis İdarəsinə müraciət edib. Lakin daha sonra Elnur Cabbarovla Ayselin ailəsi arasında barışıq əldə olunub".

Q. Quliyevin sözlərinə görə, onlar arasında barışıq əldə edildikdən sonra aptekin müdiri Elnur Cabbarov həmin görüntülərin kim tərəfindən yayıldığını öyrənərək qardaşımın yoldaşı Şəhanə Quliyevanın ünvanına nalayiq ifadələr və əxlaqsız ifadələr işlədib. 

"Avqustun 31-də qardaşım Zamin Quliyev bu davranışa biganə qalmayıb və onunla Elnur Cabbarov arasında əlbəyaxa dava baş verib. Aptek müdiri hadisə ilə əlaqədar qardaşımdan xuliqanlıq maddəsi üzrə şikayətçi olub. Hazırda Zaminin işinə Nərimanov Rayon Polis İdarəsində baxılır. Elnur Cabbarov bizə bildirir ki, Zamin Quliyev həyat yoldaşı Şəhanə Quliyeva ilə boşandığı halda, şikayətini geri götürəcək. Biz bu məsələnin obyektiv araşdırılmasını, həm Ayselin, həm də Şahanənin hüquqlarının müdafiəsini tələb edirik. Elnur Cabbarov açıq şəkildə bildirir ki, "mənim pulum var, 2 həftədə 50-100 min qazanan oğlanam. Siz mənə heç nə edə bilməzsiniz. Pulumu verib bu işdən çıxaram". Hətta mənə deyir ki, "elə edəcəyəm ki, qardaşın öz yoldaşından boşansın, ondan sonra şikayət ərizəmi geri çəkəcəyəm", - Qabil Quliyev deyib. 

Məsələ ilə bağlı Elnur Cabbarovla da əlaqə saxlamaq mümkün olmayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hazırda məsələ ilə bağlı istintaq davam edir.