Bakıda məhbuslar damarlarını doğrayıb? - Penitensiar xidmət təkzib edir

Bakıda məhbuslar damarlarını doğrayıb? - Penitensiar xidmət təkzib edir

26-04-2021 16:09 / Bu xəbər 2299 dəfə oxundu

Hüquq müdafiə təşkilatı bir qrup məhbusun damarlarını doğradığını deyir, Penitensiar xidmət isə təkzib edir. 

"Müdafiə Xətti" Hüquq Müdafiəsi Təşkilatı aprelin 25-də bir qrup məhkumun damarlarını doğraması barədə məlumat yayıb. 

""Müdafiə Xətti"nə daxil olan məlumata görə, 6 saylı Cəzaçəkmə Müəsissəsində 10 nəfərə yaxın məhkum müəsissə rəhbərliyinin özbaşnalığına etiraz olaraq bədənlərinə xəsarət yetiriblər, damarlarını doğrayıblar", - deyə təşkilatın rəhbəri Rüfət Səfərov "Feysbuk" səhifəsində qeyd edib.

Rüfət Səfərovun iddiasına görə, məhbuslar damarlarını doğraması barədə xəbəri həbsxanadan yaxın günlərdə azad edilən məhbus yoldaşlarına çatdırıblar.
 
"Etiraz edənlər kriminal məzmunda cəza çəkənlərdir. Onların arasında siyasi məhbuslar yoxdur. Yaxın zamanda damarlarını doğrayan məhbusların adlarını da ictimaiyyətin diqqətinə çatdıracağıq", - deyə R. Səfərov bildirib.

Rüfət Səfərov 4 məhbusun adını da açıqlayıb:

- Əliyev Rəvan,
- Məcidli Nihat,
- Sultanov Ceyhun,
- Şirinov Şahmal.

Penitensiar xidmətin sözçüsü Mehman Sadıqov isə "Toplum TV"-yə açıqlamasında məlumatı təkzib edib.

"Belə bir şey olmayıb", - deyə o qeyd edib.