Bakıda sexdə partlayış olub, xəsarət alan var
07-10-2024 17:45 / Bu xəbər 543 dəfə oxundu
Üçü qadın, üçü isə kişi olmaqla, 6 nəfər xəstəxanaya çatdırılıb
Oktyabrın 7-də günorta saat 13.00 radələrində Nizami rayonu ərazisindəki sexlərdən birində partlayış olub.
Hadisə rayonun 8-ci köndələn küçəsində yerləşən sexin ərazisindəki qazanxanada baş verib.
Baş Prokurorluğun mətbuat xidməti hadisə ilə bağlı açıqlama yayıb.
Məlumatda bildirilir ki, artıq faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırmalar başlayıb.
"Ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verməsi nəticəsində 2 nəfər şəxsin xasarət alması müəyyən olunub”, – prokurorluğun məlumatında belə deyilir.
Lakin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) 6 nəfərin xəsarət aldığı bildirilib.
Bu qurumdan verilən məlumata görə, hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb olunub və üçü qadın, üçü isə kişi olmaqla, 6 nəfər xəstəxanaya çatdırılıb.
TƏBİB-in məlumatında deyilir ki, təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfərə (qadın cinsli) nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib.
"Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən 39 yaşlı şəxs (qadın cinsli) isə ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib”, – məlumatda deyilir.