Bakıya səfər edən avropalı nazir Qubad İbadoğlu ilə görüşüb
17-11-2024 23:48 / Bu xəbər 208 dəfə oxundu
Azərbaycanın XİN başçısı isə bildirib ki, insan huquqları ilə bağlı tənqidlər məlumat azlığından qaynaqlanır
COP29-da iştirak üçün Bakıya səfər edən Norveçin beynəlxalq inkişaf naziri Anne Beathe Tvinnereim hazırda polis nəzarətində olan London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunu yaşadığı evdə ziyarət edib.
"Turan” yazır ki, Norveç hökuməti adından görüşə gəldiyini bildirən nazir Qubad İbadoğluna qarşı tətbiq olunan məhdudiyyətlər, onun sağlamlıq durumu və ona qarşı irəli sürülən ittihamlar üzrə istintaqın gedişi ilə maraqlanıb.
"Doktor Qubad İbadoğlu ilə görüşə görə minnətdaram. Onun və həbsdə olan digər fəalların sağlamlığı və vəziyyəti ilə bağlı dərin narahatlığımı bildirirəm. Qanuni vətəndaş fəaliyyətinə görə həbslər əsas hüquqların pozulmasıdır. Adekvat tibbi yardım humanitar öhdəlik sayılır”– nazir görüşdən sonra "X” şəbəkəsində belə yazıb.
Norveçin beynəlxalq inkişaf naziri Anne Beathe Tvinnereim Qubad İbadoğlunun sağlamlığı və ona tətbiq edilən məhdudiyyətlər və siyasi məhbusların vəziyyəti ilə bağlı narahatlığını Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı da səsləndirib.
Ceyhun Bayramov bildirib ki, insan huquqları ilə bağlı tənqidlər sadəcə məlumat azlığından qaynaqlanır.
Noyabrın 11-dən 22-dək Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyası keçirilir.