Bakının mərkəzinə giriş məhdudlaşdırılır? - DİN və İcra Hakimiyyəti təkzib edir

Bakının mərkəzinə giriş məhdudlaşdırılır? - DİN və İcra Hakimiyyəti təkzib edir

21-05-2019 16:54 / Bu xəbər 1016 dəfə oxundu

BŞHİ: "Belə məlumatlar təxribat xarakteri daşıyır"

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə ONA məlumat yayıb.
 
Agentlik xəbəri hüquq-mühafizə orqanlarına istinadən yaydığını qeyd edib.  Xəbərdə deyilir ki, mayın 29-da baş tutacaq oyunu izləmək üçün ölkəmizə çoxsaylı əcnəbi azarkeşlərlə bərabər turist axını da gözlənilir.

Bütün bunları nəzərə alan və həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparacaq hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərəfindən final oyunu ərəfəsində ictimai asayişin və ictimai təhlükəsizliyin daha etibarlı qorunması, oyunu izləmək üçün gəlmiş çoxsaylı əcnəbilərin rahat, maneəsiz və sərbəst gəzintilərini təmin edilməsi üçün may ayının 25-dən 31-dək paytaxtın bəzi mərkəzi küçə və meydanlarında, xüsusən də Nizami ("Tarqovı") və İstiqlaliyyət küçələrində və Fəvvarələr meydanında vətəndaşların sıx hərəkətinə, eləcə də Respublika günü ilə əlaqədar İstiqlaliyyət küçəsindəki abidəni ziyarətə gəlmələrinə məhdudiyyətlər qoyulacaq. 
 
Bakı Şəhər İcra Hakimiyyəti (BŞHİ) mayın 25-dən 31-nə qədər "Tarqovı”ya yerli sakinlərin buraxılmamasına münasibət bildirib.

İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri İsrafil Kərimov trend-ə bildirib ki, bu barədə mətbuatda verılən məlumatlar həqiqətə uyğun deyil və hər hansı məhdudiyyət tətbiq edilməyib:

"Belə məlumatlar təxribat xarakteri daşıyır. Futbol kütlələrin baxdığı, azarkeşlik etdiyi oyundur. Onu hamı sevir və hər hansı məhdudiyyət yolverilməzdir. Əksinə, həmin gün şəhərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək, müxtəlif tədbirlər keçiriləcək".
 
Daxili İşlər Nazirliyi isə (DİN) məlumatı təkzib edib.  

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Toplum.Tv-yə bildirib ki, bu barədə onlarda hər hansı bir məlumat yoxdur.
 
Nərgiz Absalamova