Banka borcu ödəyən zaminlər kompensasiya ala biləcəkmi?

Banka borcu ödəyən zaminlər kompensasiya ala biləcəkmi?

09-04-2019 02:31 / Bu xəbər 1178 dəfə oxundu

''Ola bilsin kredit götürüb xərcləyib və onu başqasına ödətdirən şəxs hətta kompensasiya da alacaq''

"2014-cü ilin axırı idi. Qardaşım nəvəsinin əməliyyatına pul lazım idi. Atası banklardan birinə müraciət etdi. Mən Bakı qeydiyyatında olduğum üçün zamin durmağa razı oldum. Sonra devalvasiyalar oldu, borcumuz arta-arta getdi” – deyir, Bakı sakini Gülnarə Mehtiyeva.

G.Mehtiyeva bildirir ki, onsuz da xəstə uşağına görə xeyli xərci çıxan qardaşı oğlu zamanla krediti ödəyə bilməyib. O isə könüllü olaraq, onun kreditinin çox hissəsini ödəməyə razı olub:

"Sonradan qardaşım oğlu ailəsi ilə birgə Polşaya köçdü. İndi orada yaşayırlar. Qərar çıxanda sevinirdim ki, devalvasiyalara görə ödədiyim əlavə vəsaiti geri alacağam. Faktiki də kreditin çox hissəsini mən ödəmişəm. İmzamla, sənədlə, sübutla təsdiq edə bilərəm. Di gəl ki, deyirlər, kompensasiya yalnız krediti götürən şəxsə şamil edilir”.

G.Mehtiyeva deyir ki, qardaşı oğlu yaxın bir il ərzində gələ bilməz. Yeni işə düzəlib və bu, mümkün deyil. Kaş ki prezidentin sərəncamında zaminlər üçün də nəsə olaydı, o zaman belə problemlər yaşanmazdı:

"İndi bilmirəm mən ödədiyim artıq məbləği geri alacam, ya yox. Getdim, uzun-uzadı şeylər dedilər. Mənim isə idarələrdə, məhkəmələrdə və s. sürünmək fikrim yoxdur. Pulumu geri qaytarmaq üçün bir o qədər də xərcimin çıxmasını istəmirəm. Pul mənə qaytarılsa da, uzun çəkəcək, bilirəm, süründürməçilik olacaq. Buna görə əsəbimin korlanmasını heç istəmirəm. Kaş bütün bunlar dəqiqliyi ilə düşünüləydi”.

İqtisadçı Vüqar Bayramov da deyir ki, problemli kreditlərə kompensasiyaların verilməsi ilə bağlı təqdim olunan mexanizmdə bir sıra məsələlərin təkmilləşdirilməsinə ehtiyac var. Bunlardan biri də kredit öhdəliyini yerinə yetirmiş zaminlərə kompensasiyanın ödənilməsi mexanizmidir:

"Qaydalara əsasən, kredit götürən şəxs borcu qaytarmaqdan imtina edib və zamin öhdəliyi yerinə yetirdiyi hallarda vəsait zaminə ödənilməlidir. Qərara görəsə, kompensasiyalar kredit təşkilatının müştərisi olan şəxslərə hesablanır. Zaminin ödədiyi kredit öhdəliyi həcmində borcalandan Mülki Məcəlləyə müvafiq olaraq pulun geri ödənilməsini tələb etmək hüququ var”.

İqtisadçı deyir ki, son illər ödənişlərin həmçinin ödəniş terminalları vasitəsilə də aparıldığı nəzərə alındıqda, kompensasiyanın ünvanlılığı xeyli mürəkkəbləşir. Amma mövcud ödəniş mexanizmi zaminin həmin vəsaiti almasına çətinlik yarada bilər:

"Belə ki, həmin vəsaitin zaminə ödənilməsi üçün borcun onun tərəfindən ödənildiyini təsdiq edən məhkəmə qərarına ehtiyac var. Deməli, borcu qaytarmış zamin kompensasiyanı almaq üçün məhkəməyə müraciət etməlidir və bundan sonra məhkəmə onun xeyrinə qərar qəbul edərsə, ona vəsait ödənilə bilər”.

Vüqar Bayramov deyir ki, kompensasiyalar bu ayın sonundan başlayaraq ödəniləcək və zamin məhkəməyə müraciət etdiyi halda qərarın alınması bir aydan çox zaman alacaq. Nəticədə, zamin məhkəmə qərarını alanadək kompensasiya krediti götürən, amma borcu qaytarmaqdan imtina edən şəxsin hesabına köçürülə bilər. Bu isə o deməkdir ki, məhkəmə qərarı olsa da, belə vəsait qərardan öncə ödəniləcək və nəticədə zamin pul ala bilməyəcək:

"Ola bilsin kredit götürüb xərcləyib və onu başqasına ödətdirən şəxs hətta kompensasiya da alacaq. Məsələn, bir vətəndaşımızın 8 min dollar kredit borcu olub və onu ödəməkdən imtina etdiyi üçün krediti zamin qaytarmalı olub. Hazırda həmin borca 4 min manat kompensasiya hesablanıb. Kredit onu qaytaranın deyil, götürüb xərcləyənin adına olduğu üçün kompensasiya onun hesabına ödəniləcək. Bununla da, zamin məhkəmə qərarı alanadək artıq krediti qaytarmayan şəxs kompensasiyanı almış olacaq və bununla da öhdəliyi yerinə yetirən şəxs vəsaitdən məhrum qalacaq”.

İqtisadçı təklif edir ki, kredit borcunu ödəmiş zaminlərə məhkəməyə müraciət etmək üçün zaman müəyyənləşdirilsin və məhkəməyə müraciət edilən kredit borcları üzrə kompensasiya qərardan sonra həyata keçirilsin:

"Məsələn, zamin kompensasiya almaq üçün məhkəməyə müraciət edir və bu məlumat Maliyyə Bazarlarına Nəzarət Palatası ilə elektron bölüşdürülür. Bundan sonra palata həmin kreditlər üzrə kompensasiya ödənişinin yalnız məhkəmə qərarından sonra fərdi qaydada həyata keçirilməsini təmin edir. Yalnız bu halda kompensasiya krediti ödəmiş zaminə çata bilər. Əks halda, zaminin həmin vəsaiti almaq imkanları xeyili çətin olacaq”.

Vüqar Bayramov bildirir ki, şişirdilmiş faiz borcları silindikdən sonra kompensasiya ödənişi həyata keçirilməlidir. Çünki bəzi banklar kredit borcu olan şəxsin adına böyük məbləğdə cərimə və faizlər yazıblar:

"Apardığımız tədqiqatlar göstərir ki, bir sıra hallarda vətəndaş borcunu bağlayıb, amma bank onun adına faiz və cərimə hesablamaqda davam edib. Nəticədə həmin şəxsin hesabında böyük məbləğdə faiz toplanıb. Məsələn, bank vətəndaşın adına 4 min manat əsassız faiz borcu yazıb və həmin şəxsə çatan kompensasiya 3500 manatdır. Bu halda o şəxsə çatacaq kompensasiya bankın qanunsuz hesabladığı faiz və cərimələrin ödənilməsinə yönəldilir və vətəndaş kompensasiya mərhum olur. Nə təklif edirik? Əsas məbləği kiçik olan və ya olmayan amma yüksək faiz borcları olan kreditlərin fərdi qaydada qiymətləndirilməsi həyata keçirilsin. Əgər kredit xətti üzrə 500 manat əsas məbləğ 3500 manat şişirdilmiş faiz ödənişləri varsa, o zaman artıq hesablanmış faizlər silindikdən sonra qalıq borc kompensasiya ilə müqayisə olunsun. Kompensasiya üzrə artıq məbləğ vətəndaşa ödənilsin”.

İqtisadçı deyir ki, bir sıra banklarda şəffaflığın gücləndirilməsi üçün yeni qaydalar tətbiq olunmalıdır. Təhlillər bəzi banklarda idarəetmənin şəffaf olmadığını üzə çıxarır:

"Məsələn, şəxsiyyət vəsiqəsinin nömrəsi olan sənəddəki ad ilə kredit götürənin adı uyğun gəlmir və s. Bu da nəticədə bir sıra kredit məbləğlərinin hesablanmasında çətinliklər yaradır və kompensasiya məbləğinin müəyyənləşdirilməsi çətinləşdirir. Təklif edirəm ki, Palata tərəfindən banklarda kooperativ idarəetmənin formalaşması və şəffaflığın gücləndirilməsi məqsədi ilə ayrıca qaydalar hazırlanıb, təsdiq edilsin. Bu qaydaların icrasına nəzarət gücləndirilsin”.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Meydan TV-nin suallarını cavablandıran olmayıb.

Prezident İlham Əliyev fevralın 28-də problemli kreditlərlə bağlı fərman verib. Fərmana əsasən, dövlət fiziki şəxslər tərəfindən 10 min dollara qədər götürülən kreditlərin devalvasiya nəticəsində artmış hissəsini ödəyəcək.

Azərbaycanda 2015-ci ildə iki devalvasiya baş verib. Fevralın 21-də olan devalvasiya nəticəsində manatın dollara qarşı olan nisbəti 0,78 manatdan 1,05 manata qədər dəyişib. Həmin il dekabrın 21-də olan devalvasiya nəticəsində isə dolların kursu 1,55 manata qədər artıb.

Dövlət Statistika Komitəsinin 2018-ci il üçün məlumatına əsasən, bankların kredit portfeli 13 milyard manatdır ki, bunların da 12,2 faiz problemli kreditlərdir.