Banklar Assosiasiyası: "Müharibədə şəhid olanların istehlak kreditləri tamamilə silinəcək"

Banklar Assosiasiyası:

02-12-2020 17:46 / Bu xəbər 1192 dəfə oxundu


"ABA-ya üzv banklar qəbul edilmiş qərarı icra edəcək"

"Son zamanlar bəzi mətbu orqanlarında və sosial şəbəkələrdə bankların kredit borcuna görə şəhid ailələrini və qaziləri narahat etməsi barədə məlumatlar yayılır. Bunlar həqiqəti əks etdirmir”.

Meydan.Tv xəbər verir ki, "Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin yaydığı bəyanatda belə deyilir.

ABA bəyan edir ki, ölkə Prezidentinin tapşırığı və Azərbaycan Mərkəzi Bankının tövsiyəsilə hərbiçilərin və müharibədən zərər görmüş vətəndaşları dəstəkləyəcəklər.

Bunun üçün bəzi qərarlar qəbul ediblər.

Həmin qərarlar bunlardır:

- Torpaqların azad edilməsi uğrunda döyüşlərdə həyatını itirmiş hərbçilərin banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr tamamilə silinəcək;
- Meharibədə həyatını itirmiş mülki vətəndaşların da banklara olan istehlak kreditləri və onlara hesablanmış faizlər və digər ödəmələr silinəcək;
- Hərbi əməliyyatlar zamanı yaralanmış hərbiçilərin banklara olan kredit öhdəliklərinə faizlərin və digər ödəmələrin hesablanması 27 sentyabr 2020-ci il tarixindən tam dayandırılacaq;
- Torpaqların azad edilməsi uğrunda döyüşlərdə həyatını itirmiş bank əməkdaşlarının ailələrinə işçinin bir illik əmək haqqı miqdarında vəsait ödəniləcək;
- Torpaqların azad edilməsi uğrunda döyüşlərdə yaralanmış bank əməkdaşlarına onun üç aylıq əməkhaqqı miqdarında birdəfəlik maddi yardım ödəniləcək.

Bəyanatda bildirilir ki, ABA-ya üzv banklar qəbul edilmiş qərarı icra edəcək: "Cəbhəyə səfərbər edilmiş, döyüş bölgəsində yaralanmış və şəhid olmuş şəxslər haqqında və digər əlaqədar məlumatlara banklar malik olmurlar. Buna görə də bankların şəhid ailələri və qazilərlə əlaqə saxlaması kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə deyil, yalnız onların müvafiq statusunun müəyyən edilməsi və bankın daxili məlumat bazasında uyğun qeydlərin aparılması məqsədi daşıya bilər”.

ABA bildirib ki, hazırda əsassız, ictimaiyyətdə yalnış fikir formalaşdıra biləcək məlumatların xəbər reytinqi, baxış sayı məqsədilə yayılması ümumi işə və qarşıya qoyulan məqsədə uyğun deyil: "Belə hallardan çəkinməyin məqsədəuyğun olduğunu hesab edirik. Azərbaycan bank icması hər zaman olduğu kimi ölkə Prezidentinin tapşırıqlarını rəhbər tutaraq şəhid ailələri və qazilərimizə, eləcə də vətənimizin düşməndən azad edilməsində iştirak edən hərbiçilərimizə münasibətdə həssaslıq nümayiş etdirməyə davam edəcəklər”, - deyə bəyanatda qeyd olunub.

Hazırda Azərbaycanda 26 bank fəaliyyət göstərir. Azərbaycan Banklar Assosiasiyasına isə 29 bank və bank olmayan kredit təşkilatı üzvdür. Onların içində xarici banklar da var.

Həmin təkilatlar Xalq Bank ASC, AccessBank QSC, AFB Bank ASC, Aqrarkredit BOKT, Azər Türk Bank ASC, Azərbaycan Beynəlxalq Bankı ASC, Azərbaycan Sənaye Bankı ASC, Azərikard MMC, Bank Avrasiya ASC, Bank BTB ASC, Bank Melli İran Bakı filialı, Bank of Baku ASC, Bank Respublika ASC, Bank VTB (Azərbaycan) ASC, Expressbank ASC, Günay Bank ASC, Kapital Bank ASC, Muğanbank ASC, Pakistan Milli Bankı NBP Bakı filialı, Para BOKT, PAŞA Bank ASC, Premium Bank ASC, Rabitəbank ASC, TBC Kredit BOKT MMC, TuranBank ASC, Unibank KB ASC, Yapı Kredi Bank Azərbaycan QSC, Yelo Bank ASC, Ziraat Bank Azerbaycan ASC-dir.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-də döyüşlər başlamışdı.

Döyüş əməliyyatları noyabrın 9-dək davam edib. Bu 44 gün ərzində Azərbaycan tərəf 280-dək kəndin, dörd qəsəbənin (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhərin (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edildiyini açıqlayıb.

Ancaq bu günədək Azərbaycan tərəf nə qədər itki verdiyini, neçə nəfər hərbçinin yaralandığını açıqlamayıb.

Noyabrın 10-dan 11-nə keçən gecə isə Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri birgə bəyanat imzalayıb. Müharibənin bitməsini özündə ehtiva edən bəyanatla Rusiya sülhməramlılarının Qarabağa gəlməsi elan edilib. Elə həmin gecə sülhməramlılar bölgəyə daxil olub.

Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Razılaşmaya uyğun olaraq Azərbaycan ordusu noyabrın 20-də Ağdam rayon mərkəzinə daxil olub. Noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.