"Barselona"da Messi dövrünün sonu

06-08-2021 12:32 / Bu xəbər 1839 dəfə oxundu

Argentinalı futbolçu İspaniya klubundan ayrıldı

Futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi İspaniyanın "Barselona” klubundan ayrılıb.

Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb. 

34 yaşlı futbolçunun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti bu yay başa çatmışdı. 

Tərəflərin ən qısa zamanda yeni sözləşmə imzalayacağı gözlənilirdi. Hətta futbolçunun maaşında böyük endirimə razı olduğu da bildirilirdi. Amma bu gün "Barselona” hər kəsi şoka salacaq açıqlama yayıb. 

Xəbərdə bildirilir ki, La Liqanın maliyyə tələbləri ilə əlaqədar Messi ilə "Barselona” arasında yeni müqavilə bağlamaq mümkün olmayıb. 

Açıqlamada futbolçu ilə yeni müqavilə barədə hərtərəfli razılığa gəlindiyi, ancaq məhz La Liqa qanunlarının buna imkan vermədiyi xüsusi vurğulanıb. Klub və futbolçunun bununla əlaqədar böyük məyusluq duyduğu da qeyd olunub. 

"Barselona” Messiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcəkdə uğurlar arzulayıb.

Argentinalı futbolçunun Fransanın PSJ klubuna keçəcəyi gözlənilir.

Lionel Messi "Barselona”nın öz yetirməsidir. O, 2004-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edirdi. Bu müddət ərzində 778 matça çıxan forvard, 672 qola imza atıb.