Baş bankirin "təəssüf" hekayəsi... - TƏHLİL

Baş bankirin

17-05-2020 01:48 / Bu xəbər 1667 dəfə oxundu

Nağdlaşdırmaya qoyulmuş limit və vergi ləğv edilməlidir

2015-ci ildə iki dəfə baş verən və 2016-cı ildə nisbətən az templə davam edən manatın devalvasiyanın nəticəsi olaraq bank sistemi və ümumiyyətlə iqtisadiyyatın bir çox sektoru real təhlükələrlə üz-üzə qaldı. Bunun ardınca "mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının artırılması, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsi, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırılması, pul dövriyyəsinin tənzimlənməsi, bank sisteminin inkişafı” adı altında 16 dekabr 2016-cı ildə "Nağdsız hesablaşmalar haqqında” Qanun təsdiq olundu və 2017-ci il yanvarın 1-dən qüvvəyə mindi (digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən). 

Bu Qanun təsdiq edilməmişdən əvvəl vergi ödəyicisi ay ərzində heç bir məhdudiyyət qoyulmadan istənilən məbləğdə nağd qaydada hesablaşmalar üzrə ödənişlər apara bilirdisə, yeni tətbiq edilən Qanuna əsasən isə biznesə nağdlaşdırma limiti qoyuldu: ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilər 30.000 manat, digər biznes subyektləri isə 15.000 manatdan artıq öz bank hesablarında pul çəkə bilməzlər. Bundan başqa,  Qanunda, sahibkardan nağdlaşdırmaya görə 1% sadələşdirilmiş vergi tutulması təsbit edilmişdir. Bir sözlə sahibkar yenə də "yükləndi”.  Bu Qanun qəbul edilərkən bizneslə heç bir məsləhətləşmələr aparmadan faktiki olaraq sahibkarlar fakt qarşısında qoyulmuşdur. Sonrakı etiraz və təkliflər (qanunun icrasına məhlət verilməsi və nağdlaşdırma ilə bağlı limitin artırılması ilə bağlı) bu günədək heç bir nəticə verməyib. 

5 ildə 18 bank bağlanıb...

Bir müddət əvvəl "Amrah Bank”, "Atabank ", AGBank”,” və "NBC Bank”ın Mərkəzi Bank tərəfindən lisenziyaları alınmaqla son 5 ildə ölkədə bağlanan bankların sayı 18 olub, yəni 2015-ci ildən bu günədək hər il orta hesabla ölkədə 3,6 bank fəaliyyətini dayandırıb. 

2015-ci ildə iki bankın - "Azərbaycan Kredit Bankı” və "Euro Bank”ın lisenziyaları ləğv olunub. Ən çox bank 2016-cı ildə bağlanıb. Həmin il "Atrabank”, "Bank of Azerbaijan”, "Bank Standard”, "Deka Bank”, "Gəncə Bank”, "Kredo Bank”, "Qafqaz İnkişaf Bankı”, "Para Bank”, "Texnika Bank”, "United Kredit Bank” və "Zamin Bank”ın lisenziyaları ləğv edilib.  

2017-ci ildə isə yalnız "Dəmir Bank” bağlanıb. Nisbətən sakit keçən 2018-2019-cu illərdən sonra isə pandemiya zamanı Mərkəzi Bank daha dörd bankın bağlanmasına qərar verib və hazırda Azərbaycanda fəaliyyət göstərən bankların sayı 26-dır. 

Bütün bağlanan bankların ümumi xüsusiyyətlərindən biri də biznesin pulunun "yeməsidir”. Bizim qanunvericiliyə görə müəyyən şərtlər altında yalnız fiziki şəxslərin əmanətləri qorunur. Hüquqi və sahibkarlıqla məşqul olan fiziki şəxslərin depozit və cari hesablarında pul məbləğləri daima risk altındadır. Bu günədək bağlanan banklarda hansı miqdarda biznesin pulunun batmasına dair heç bir rəsmi rəqəm yoxdur. Bəzi məlumatlara görə, fəaliyyətlərini dayandırmış son 4 bankda sahibkarların təxminən 0,5 mlrd manata yaxın pul vəsaiti qalıb və bu bankların açıqlanan real vəziyyətlərinə dair son məlumatlardan da belə aydın olur ki, həmin sahibkarlar artıq bu puldan əlini üzməlidirlər. Baş bankirin açıqlamaları da buna deməyə əsas verir. 

Baş bankirin "təəssüf" hekayəsi...

"Amrah Bank”, "Atabank ", AGBank”,” və "NBC Bank”da sahibkarların depozit və cari hesablarında olan pul məbləğləri ilə bağlı suallara bizim Baş bankir yalnız təəssüf hissi keçirdiyini bildirir və bank seçimində sahibkarların yanıldığını bildirməklə günahını boynundan atır. Əlavə olaraq da sevdiyi ifadələrdən birini təkrarlayır – bu banklar sistemyaradan banklar deyillər. 

Elman Rüstəmov fərqindədir ki, ölkə əhalisi sistemyaradan bankların bağlanmasını da görüb. Ölkədə bir "Bank Standart” nümunəsi var. Mərkəzi Bankının sədrinə görə, yaxın zamanlarda bankların bağlanma ehtimalı yoxdur. Biz belə hekayələri çox eşitmişik. 2015-2016-cı illərdə, devalvasiyadan sonra bankların əsl "soyqırımı” baş verib, həmin müddətdə ölkənin 12 bankı öz fəaliyyətini dayandırıb. Pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Tədbirlər Planı” çərçivəsində kreditlərin ödənilməsinə "tətillərin” verilməməsi və banklara dəstəyin göstərilməməsi, onsuzda böhran hallarında "kövrək” olan bank sektorumuzun durumu daha da pisləşəcək. 2016-cı ildə bank sistemində baş verən "dalğalanmalar”  ssenarsinin 2020-2021-ci illərdə də təkrarlanması ehtimalı çox böyükdür. 

Nəzəra almaq lazımdır ki, dünya "beyin” mərkəzlərinin, nüfuzlu maliyyə institurlarının rəyinə görə, dünya iqtisadiyyatı ən yaxşı halda pandemiyadan əvvəlki vəziyyətinə 2021-ci ilin IV rübündə qayıda bilər. Bu isə bizim bank sektoru üçün çox böyük müddətdir.

Belə olan vəziyyətdə sahibkar hansı əsasla banklara inanıb öz vəsaitini orada saxlamalıdır? 

Requlyator, hər hansı bankın vəziyyətinin qənaətbəxş olmaması barədə xəbərdarlıq etmirsə və dövlət sahibkarın bankda olan vəsaitinə təminat vermirsə, hansı əsasla nağdlaşdırmaya limit qoyulur və buna görə də (bundan əlavə bankda öz növbəsində nağdlaşdırmaya görə azı 1% komissiya tutur) əlavə olaraq 1% vergi tutulur? Sanki belə şərtlər altında dövlət biznesin pulunu banklarda "batırmağa” çalışır. 

Mərkəzi Bankın açıqladığı son məlumata görə, yerli banklarda olan depozit hesablarında hüquqi və sahibkarlıqla məşqul olan fiziki şəxslərə məxsus (maliyyə institutları istisna olmaqla) 12,5 mlrd manata yaxın pul vəsaitləri var (https://uploads.cbar.az/assets/41ea51362a15b1703e2ec7287.pdf). 
Mövcud qanunvericiliyi nəzərə alsaq, bəlkə də, ölkənin ÜDM-nin 1/3 hissəsi qədər pul vəsaitinin (maliyyə institutlarına aid 3,5 mlrd və biznesin cari hesablarında olan pul vəsaiti) faktiki olaraq risk altında olduğunu görmək olar. 

Bu absurd və təhlükəli vəziyyətdən iki çıxış yolu var: "Əmanətlərin sığortası haqqında” Qanuna dəyişiklik edərək sahibkarlıqla bağlı bank hesablarında olan pul vəsaiti sığortalanmalı və ya nağdlaşdırmaya qoyulmuş limit aradan qaldırılmaqla bu əməliyyata görə tətbiq olan 1% sadələşdirilmiş vergi ləğv edilməlidir.

Nizami Bağırov
Arqument.az