Baş dəmiryolçunun Şərq-Qərb dəhlizi boyunca uzanan biznesi

Baş dəmiryolçunun Şərq-Qərb dəhlizi boyunca uzanan biznesi

01-08-2019 09:15 / Bu xəbər 963 dəfə oxundu

Cavid Qurbanovun biznesinin izi Gürcüstandan, Türkiyədən keçib Avropaya qədər gedir

O, "Azərbaycan Dəmir Yolları” QSC-yə rəhbər gələndən sonra burada çalışanların sayı iki dəfə azalıb və indi təxminən 6 min nəfərə düşüb. Əvəzində təkcə 2015-2017-ci illərdə ADY-nin bank kreditləri üzrə borcu 2,6 dəfə artıb və 2 milyard 549 milyon manata çatıb.

Mərhum prezident Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycanda çox az sayda məmur vəzifədən onun kimi urvatsız yola salınıb: 1994-cü ilin noyabrında "işdə ciddi nöqsanlara yol verdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə” Cavid Qurbanov "Azəravtoyol” Dövlət Şirkətinin prezidenti vəzifəsindən kənarlaşdırılıb. Fərmanda elə belə də yazılıb. Çox keçmədən o, nəinki yenidən revanş etdi, vəzifə pillələri ilə irəli çəkildi, dövlət qurumlarında çalışmaqla barabər, qanun bunu yasaqlasa da, özəl biznesdə çox böyük uğurlar qazandı. İndi onun nəzarəti altında olan nəqliyyat, logistika, tikinti, daşınmaz əmlak, kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə fəaliyyət göstərən şirkətlər Birləşmiş Ərəb Əmirliklərindən tutmuş Böyük Britaniyayadək yayılıb.

"Azercon” şirkətlər qrupu

Milli Məclisin deputatı, "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) İdarə Heyətinin sədri Cavid Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri "Azercon” Açıq Səhmdar Cəmiyyətidir. O, 27 avqust 2002-ci il tarixdə 0102-A1-801 nömrəsi ilə dövlət qeydiyyatına alınan "Qlobal Trans” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: 1700395751) yenidən təşkil olunması və adının dəyişdirilməsi nəticəsində formalaşıb. Əvvəlcə "ACC” ASC adını daşıyan şirkət, sonradan (iyun, 2013-cü il) ikinci dəfə rebrendinq edib və hazırda "Azercon” ASC adlanır. Qrupa "Süsən Aqro” MMC, "Lor Hospital” MMC, "Retro Park” Mənzil Tikinti Kooperativi və "American Hospital Tbilisi” daxildir.

Bundan başqa, "Azercon” ASC 2013-cü ilin avqust ayından etibarən Türkiyədəki "Aga Enerji Nakliyat Madencilik İnşaat Sanayi ve Ticaret A.Ş”-nin (Türkiyə, əvvəlki adı: "Bay-En Enerji Üretim A.Ş.”) səhmlərinin 55 faizinin (704.000 lirə) sahibidir.Digər ortaqlar isə iş adamları Saim Dayı və Rahmi Dayıdır. Lakin öncəki illərdə sirkətdəki 1.128.000 lirə dəyərində paylar Şəntürk ailəsinin altı üzvü arasında bölünmüşdü. Elə "Aga Enerji” ilə Şəntürk ailəsinə məxsus "Bayburt İnşaat” şirkətinin ünvanı da eynidir: İşık küçəsi, 20, Tandoğan, Çankaya/Ankara. Bu şirkət Türkiyədə dəmir yolu (Ankara-İzmir, Menemen-Manisa), metro (İstanbul: İkitelli-Ataköy, Kirazlı), avtomobil yolları (Çaycuma-Zonquldağ, Erzurum-İspir, Adana Dairəvi yolu və s.) və hava limanının (Artvin şəhəri) tikintisi layihələrinin icrası üzrə tenderlərin qalibidir. Türkiyə mediasının yazdığına görə, "Aga Enerji” şirkəti 2013-cü ildə bu ölkədə keçirilən satınalma müsabiqələrindən birinə Bakıda metro tikintisində iştirak etməsi və işi tamamlaması barədə saxta sənəd təqdim edib. Azərbaycan tərəfindən alınan bilgidə isə göstərilib ki, həmin işin növbəti il tamamlanması gözlənilir. Mediada o da iddia olunurdu ki, Bayburt qrupuna daxil olan bir neçə şirkət əvvəlcədən sözləşərək, müxtəlif tenderlərdə qalib gəlməkdən ötrü razılaşdırılmış təkliflər təqdim ediblər. Lakin Türkiyənin Rəqabət Qurumu 2015-ci ildə bu iddiaları qəbul etməyib.

Nizamnamə kapitalı 1,4 milyon manat olan LOR Hospital Bakıda 2013-cü ildən fəaliyyətdədir. Klinika burun, qulaq, boğaz xəstəliklərinin müalicəsi, eləcə də plastik əməliyyatların aparılması sahəsində ixtisaslaşıb.

"Süsən Aqro” MMC 2011-ci ildə "Baltech İnvestments” MMC, "S+S Qrup” MMC və Türkiyə vətəndaşı Abdurəhman Şəhtürk Kiyasi tərəfindən yaradılıb. Bu şirkət Ağsu rayonunda 2016 hektar sahədə əkinçilik və toxumçuluqla məşğuldur. Sahələrdə müasir "yağış” suvarma sistemləri qurmuş şirkətin çoxlu sayda kənd təsərrüfatı texnikası və anbarlar kompleksi var. Şirkətin Türkiyədəki internet səhifəsində onun bu ölkədə də əkinçiliklə məşğul olduğu barədə məlumat əksini tapıb. "Süsən Aqro” MMC-nin ilk direktoru Yaşar Rasim oğlu Səmədov olub. O, həm də "ADY Express LLP” partnyorluğunun payçısı (25 faiz və ya daha az), "Azercon Holding Limited” ofşor şirkətinin hüquq müşaviri, "Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlıq edən "Yaşa İnşaat” MMC-nin direktorudur.

"Retro Park”MTK 2014-cü ildən Bakıda, "Ağ Şəhər” ərazisində 11 blokdan ibarət çoxmərtəbəli yaşayış kompleksi inşa edir. Hazırda ADY QSC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini tutan Vüsal Yusif oğlu Aslanov bir müddət həm bu kooperativindirektoru, həm də "Azercon” ASC-nin İH sədri işləyib. Kooperativin keçmiş direktorları arasında ADY-nin maliyyə və iqtisadiyyat departamentinin rəisi Fuad Vaqif oğlu Səfərov da olub. İndi bu MTK-ya Vüsal Aslanovun atası, 64 yaşlı Yusif Bayram oğlu Aslanov rəhbərlik edir.

Məbləği açıqlanan ən iri sərmayə isə qrupun Gürcüstandakı törəmə müəssisəsi olan "Sayalı” MMC-nin burada inşa etdiyi "American Hospital Tbilisi”-yə yatırılır. 2011-ci ildə "Sayalı” şirkəti U. Çxeidze, 17 ünvanında yerləşən köhnə 2 nömrəli Doğum evini və D. Uznadze, 58 ünvanındakı Travmatologiya Xəstəxanasını özəlləşdirib. 2014-cü ildə sərmayə axtarışları başa çatıb. Bu layihəyə "Azercon” ASC və "Azercon UAE Holdings” şirkəti toplam 30,5 milyon ABŞ dolları sərmayə yatırmağı nəzərdə tutur. 2018-ci ildə "Azercon” ASC "American Hospital Tbilisi” layihəsində 50 faizlik iştirak payını Gürcüstana sərmayə edən xarici kapitallı "Block” şirkətinə satıb. İnvestisiyaların yarıdan çoxunu (18 mln. dollar) ABŞ-ın hökumət agentliyi olan Xarici Özəl Sərmayələr Korporasiyası kredit kimi "Sayalı” şirkətinə təqdim edib. Razılaşmaya görə, 100 çarpayılıq xəstəxana istifadəyə verildikdən sonra "American Hospital Management Corporation” tərəfindən idarə olunacaq. Amerika şirkəti bu xəstəxanada 600 nəfərlik personalın çalışacağını bildirir.

Qrupun ana şirkəti -"Azercon” ASC özü isə avtomobil yollarının tikintisi və təmiri ilə məşğuldur. Məsələn, 2013-cü ilin yayında, hələ Cavid Qurbanov "Azəryolservis” ASC-yə rəhbərlik etdiyi dövrdə, bu şirkət Dünya Bankının vəsaiti hesabına Sabirabad rayonu ərazisində 35 kilometrlik yolları, dövlət büdcəsi hesabına isə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun 63 km-lik hissəsini əsaslı təmir edib.

"Mossack Fonseca” hüquq şirkətindən sızdırılmış "Panama sənədlərinə” görə, bu ölkədə qurulmuş "Azercon Group Limited” şirkətinin təsisçisi Cavid Qurbanovun atası Qənbər Şəmşir oğlu Qurbanovdur. Sənədlərdə Q. Qurbanov ünvanı kimi Bakı şəhəri, Qara Qarayev küçəsi, ev 2A, 94 nömrəli mənzil göstərilir. Burada Cavid Qurbanov və onun ailə üzvləri qeydiyyatdadır. 2006-cı ildə yaradılan "S+S Qrup” və Bakı şəhərində beton istehsalı ilə məşğul olan "İnter-Teknik” şirkətləri də bu mənzildə dövlət qeydiyyatına alınıb. Bir müddət Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Q. Qurbanov 2009-cu ildə "Gəncəbank” ASC-nin səhmlərinin 33,34%-ni satın alıb. Sonrakı illərdə onun bankdakı payı 18,66%-ə düşmüşdü .

"Azercon” ASC-nin hazırkı direktoru "Baku Attorneys & Consultants” hüquq şirkətinin təsisçi-partnyoru Kamil Hüseynovdur. Rəsmi sənədlərə görə, Kamil Həsənağa oğlu Hüseynov həm də "Baltech İnvestment” MMC-nin tək təsisçisi və ilk direktorudur.

Baltech, Azərbaycan

"Baltech İnvestment” şirkəti 2009-cu ildə yaradılıb. Bu şirkət "Netbet” MMC-nin təsisçisi, "Silkkot Aqro” MMC, "Azərinteltek” QSC və "Yüksel Proje-Caspian” QSC-nin həmtəsisçilərindəndir. "Baltech İnvestment” MMC-nin direktorlarından biri olmuş Rəşid Rəfael oğlu Səmədli 2018-ci ilin noyabrında Bakıda 100 min manat kapitalla qurulmuş "A Taksi” QSC-nin rəhbəridir.

"Baltech İnvestment” şirkətinin ilk qeydiyyat ünvanı Bakı şəhəri, Zabrat qəsəbəsi, Montin küçəsi, ev 21 olub. Bu ünvanda 2010-cu ildə qeydiyyatdan keçən "Hat Trick” MMC bir müddət sonra adını dəyişib və "Kotaz Aqro” adlanır. Hazırda isə bu şirkət ləğv olunmaqdadır. Ləğvetmə prosesini hüquqşünas Ayaz Əlibala oğlu Məmmədov aparır. Şirkətin təsisçisi Yusif Aslanov, ilk direktoru isə Mehmet Emin Durukandır. M.E. Durukan "Baltech” qrupunun Türkiyədəki bir çox şirkətinin də rəhbəridir.

"Türk Telekom” şirkətinə daxil olan "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret A.Ş.” Azərbaycanda idman-mərc oyunlarının təşkili məqsədilə 2010-cu ildə yaradılmış "Azərinteltek” QSC-dəki 51 faizlik paya sahib idi. 2018-ci ilin oktyabrında o, payını "Baltech İnvestment” MMC-yə satdı. İctimaiyyət arasında TOPAZ ticarət nişanı ilə tanınan bu şirkətdə nəzarət payını əldə etməkdən ötrü "Baltech” şirkəti "İnteltek”-ə 19.530.177 avro ödəyib. Nəticədə "Baltech İnvestment” MMC-nin "Azərinteltek” QSC-də iştirak payı 24,5%-dən 75,5%-ə qalxıb. Bu ilin mart ayında şirkətin adı dəyişdirilib və indi o, "Caspian Tech” QSC adlanır. Qeyd edək ki, ADY-nin İH sədrinin müavini Vüsal Aslanov "Azərinteltek” QSC təsis olunarkən onun Müşahidə Şurasının 5 üzvündən biri idi.

"Baltech İnvestment” şirkəti "Netbet” MMC-ni Azərbaycanda totalizator oyunlarında mərcin elektron qaydada kəsilməsi məqsədilə 2011-ci ildə yaradıb.

"Silkkot Aqro” MMC iki təsisçinin - "Baltech İnvestment” MMC və hüquqşünas Vamiq Qabil oğlu Şükürovun iştirakı ilə 2011-ci ilin yayında yaradılıb. Hazırda ləğvetmə prosesində olan bu şirkətin fəaliyyət sahəsi barədə məlumat verilmir. Bu şirkətin də ləğvetməsi ilə bağlı məsələlərin həlli Ayaz Məmmədova həvalə edilib.

"Yüksel Proje-Caspian” QSC 2010-ci ildə "Baltech İnvestment” MMC Türkiyənin "Yüksel Proje Uluslararası A.Ş” şirkəti ilə birgə təsis edib. 2012-2017-cı illərdə "Azəryolservis” ASC onu Kürdəmir-Ucar-Yevlax-Tərtər avtomobil yolunun yenidən qurulması layihəsinə texniki nəzarətçi kimi cəlb edib. Bu yolun tikintisinin subpodratçısı Türkiyənin "Bayburt Grup Sanayi ve Ticaret” A.Ş” şirkəti olub. Bu yol 87,8 kilometr uzunluğunda iki zolaq əlavə olunmaqla genişləndirilib. Amma nə "Yüksel Proje-Caspian”, nə də "Bayburt” qrupun bu layihə üzrə "Azəravtoyol” ASC-dən (indiki Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi - AAYDA) nə qədər pul aldığını, AAYDA da ona nə qədər ödədiyini açıqlayır. "Bayburt” qrupunun Azərbaycandakı fəaliyyətinə isə hələ qayıdacağıq.

2018-ci ilin avqustunda 216.690 manatlıq kapitalla Azərbaycanda "Baltech Group” MMC təsisolunub. Bakı şəhəri, Həsən Salmani küçəsi, ev 17-də qeydiyyata alınan şirkətin rəhbəri İlqar Həsənağa oğlu Rəhimovdur. İ. Rəhimov bunda öncə "Betaz” MMC-yə rəhbərlik edib. Hüquqi ünvanı: Bakı şəhəri, S.Ə. Şirvani küçəsi, ev 1, mənzil 115 olan bu şirkət də C. Qurbanovun təsir dairəsindədir. Jurnalist mənzilin yerləşdiyi ünvanda olub və müəyyən edib ki, o, kirayəyə verilib. Bu ünvanda "Sigmatech” MMC, "Spartak1980” MMC, "Alazan İnşaat” MMC, "ASCL” MMC, eləcə də "Süsən Aqro” MMC, "Retro Park” MTK, "Azercon” ASC, "Yüksel Proje-Caspian” QSC, "Azrustrans” QSC (təsisçilər: ADY QSC- 51%, "Rusagrotrans” QSC, Rusiya - 49%),"MSP İnternational AZ” MMC (Moravia Steel A.S – Çex Respublikası, 95% və ADY QSC - 5%), "Reylvey Servis Geo” ofşor şirkətinin filialı qeydiyyata alınıb. Son iki qurumun direktoru Vüqar Hümbət oğlu Həsənovdur. 2014-cü ildə 100.000 manat kapitalla bu ünvanda yaradılan "Spartak1980” MMC 2018-ci ildə sərmayəsini 543.500 manata qaldırıb. Şirkətin direktoru olan Elmixan Allahverdi oğlu Mehtiyev eyni zamanda "Azercon Holding Ltd” ofşor şirkətinin baş mühasibidir. Dövlət satınalmaları reyestrinə görə, qeyd olunan mənzildə qeydiyyatdan keçən "Sigmatech İT” MMC 2016-cı ildə ilə "Tariflərin hesablanması, əməliyyatların aparılması və inteqrasiya proqramın hazırlanması işlərinin” görülməsi məqsədilə ADY QSC-dən 49.550 manat alıb.

Baltech, Türkiyə

Türkiyədəki "Baltech” qrupu inşaat, daşınmaz əmlak, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji istehsalı və digər sahəsində fəaliyyət göstərən çoxlu sayda şirkətləri birləşdirir. Bu şirkətlərin əsas sərmayədarı və sahibi Birləşmiş Ərəb Əmirliklərində yaradılan "Baltech Group JLT” şirkətidir (P.O 487177 Dubay). 2016-cı ildən o, "Baltech Group DMCC” adlanır. Bu şirkət 2011-ci ildə yaradılıb, tikinti materialları və avadanlığı sahəsində fəaliiyyət göstərir. BƏƏ-nin açıq informasiya resurslarında bu şirkətin adı açıqlanmayan bir təsisçisinin olduğu göstərilir.

"Baltech İnşaat Sanayi ve Ticaret A.Ş.” yaşıyış binalarının tikintisi sahəsində ixtisaslaşıb. Şirkət 2011-ci ildə yaradılıb. 2017-ci ilin oktyabrında şirkətin İstanbuldakı ofisində (Etiler küçəsi, ev 13, Beşiktaş) keçirilən yığıncaqda Vüsal Aslanov 51 milyon lirə kapitala malik "Baltech İnşaat” şirkətinin yeganə payçısı kimi iştirak edib. Həmin iclasa Fuad Səfərov sədrlik edib. Kamil Hüseynov isə həmin şirkətin İdarə Heyətinin sədridir. Türkiyənin rəsmi Ticarət reyestri qəzetində açıqlanan məlumatlarda belə deyilir.

"Baltech Gayrimankul Pazarlama Tarım Qida İth. İhr. San. ve Tic. A.Ş.” şirkəti 2011-ci ildən daşınmaz əmlak sektorundadır. İyulda İstanbulda təsis iclasında "Baltech Group JLT”-ni Vüsal Aslanov təmsil edib, şirkətin İdarə Heyətinin ilk sədri seçilib. Sonrakı illərdə şirkətin kapitalı 500 min lirədən 24 milyon lirəyə qaldırılıb. 2014-cü ilin yanvarından etibarən "Baltech Group” bu şirkətin tək payçıdır.

2011-ci ildə həm də "Baltech Otopark Hizmetleri Yönetim ve Ticaret A.Ş.” şirkəti qurulub. Təsisçilər arasında 4 nəfər Türkiyə vətəndaşı (Mehmet Emin Durukan, İsmet Kale, Tayfun Gerdan və Belent Ün) olsa da, 100.000 lirə məbləğində kapitalın 96%-i "Baltech Group JLT” şirkətinə məxsus olub. Bu şirkəti təmsil edən Vüsal Aslanov avtomobil parklarının tikintisi və idarə olunması sahəsində fəaliyyət göstərən "Baltech Otopark” şirkətinin İdarə Heyətinin ilk sədri olub. Bundan 3 il sonra "Baltech Group JLT” qeyd olunan şirkətin tək sahibinə çevrilib. 2016-cı ilin iyun ayında keçirilən yığıncaqda şirkətin kapitalının BƏƏ-dəki "Baltech Group JLT”nin vəsaiti hesabına 29.500.000 lirəyə çatdırılması qərara alınıb. İki ay sonra isə "Baltech Otopark” şirkəti Bülent Karaniyə satılıb. Hazırda bu şirkət "Beytepe Alış-veriş Mərkəzi” adı altında fəaliyyətini davam etdirir.

"Baltech Ulaştırma Sanayi ve Ticaret A.Ş.” 2012-ci ilin iyulunda "Baltech Group JLT” tərəfindən sərnişin daşımaları sahəsində fəaliyyət göstərmək məqsədilə təsis olunub. Bir il sonra, iyulda şirkətin mülkiyyətçisi Mehmet Emin Durukan, dekabr ayında isə yenidən "Baltech Group JLT” şirkəti olub. 2015-ci ilin dekabrında şirkət Ela Tapan Karaniyə satılıb.

"Baltech Enerji Üretim Pazarlama Sanayi ve Ticaret A.Ş” şirkəti 2012-ci ilin mayında elektrik enerjisi istehsalı sahəsində fəaliyyət göstərmək niyyətilə yaradılıb. Vüsal Aslanov bu yığıncağa BƏƏ-dəki şirkət adından qatılıb. O, həm də yeni şirkətin İH sədri seçilib. 100 min lirə ilkin kapitalın 96 minini şirkətə "Baltech Group JLT” yatırıb. 2015-ci ilin fevral ayında şirkətin mülkiyyətçiliyi "Süt Kardeşleri Süt ve Süt Ürünleri Tarım Heyvancılık Gida Nakliyat İthalat İhracat Sanayi ve Ticaret A.Ş.”-yə keçib.

"Baltech Group JLT” 2012-ci ildə "Peska Turizm Yatırım A.Ş.” şirkətinin 10% səhmini (240.000 lirə) almaqla payçıların arasına daxil olub. 2015-ci ildə onu tərk edərkən, şirkətin Bodrumun Qızılağac məhəlləsində 37.067 kvadtar metr sahədə yerləşən daşınmaz əmlakı vardı.

"Hasanbey Çifligi Tarım Hayvancılık Gida Üretim Pazarlama Sanayi ve Ticaret A.Ş” şirkəti 2014-cü ilin noyabr ayında üç şirkətin: "Baltech Group JLT” (25%), "Süt Kardeşleri Süt ve Süt Ürünleri Tarım Heyvancılık Gida Nakliyat İthalat İhracat Sanayi ve Ticaret A.Ş.” (50%) və "Agrobay Seracılık İthalat İhracat Senayi ve Ticaret A.Ş” (25%) iştirakı ilə 100.000 lirə kapitalla yaradılıb. 2018-ci ilin noyabrında "Baltech Group” bu şirkətin payçıları arasından çıxıb. 2018-ci ilin sonunda "Hasanbey Çifligi” şirkəti "Süt Kardeşleri” şirkətinə birləşib. "Süt Kardeşleri” şirkətində 20.160.000 lirə kapitalla Bülent Karani - 48%, 21 milyon lirəlik payla Şentürk ailəsi (Abdurəhman, Ahmet və Bayram) – 50% paya sabibdirlər. Şirkətin təsisçiləri arasında 840.000 lirə kapitalla Mehmet Emin Durukan da var. M.E. Durukan Türkiyədə C.Qurbanova bağlı olan bir çox şirkətdə aparıcı şəxsdir.

"ABK Bakımevi Danışmanlık ve Sağlık Hizmetleri Sanayi Ticaret A.Ş.” Türkiyədə tibbi xidmətlər göstərir. Şirkəti 2013-cü ilin iyununda "Baltech Group JLT” (50%), Fərhat Şayeste (25%) və Murat Ataç (25%) 100.000 lirə yatırım etməklə qurublar. 2015-ci ilin dekabrında ortaqlar şirkətin kapitalını 1.300.000 lirəyə qaldırıblar, aralarındakı pay nisbətini isə saxlayıblar.

Qrupa daxil olan "Baltech Arsa Pazarlama Sanayi ve Ticaret A.Ş.” də 2013-cü ildə yaradılıb. 2017-ci ilin oktyabrında İstanbulda təşkil olunmuş yığıncaqda yaşayış evlərinin tikintisi ilə məşğul olan şirkətin 12 milyon lirəlik kapitalının tək sahibinin "Baltech Group DMCC” şirkəti olduğu açıqlanıb. BƏƏ-dən olan şirkəti həmin yığıncaqda yuxarıda adı çəkilən Fuad Səfərov təmsil edib.

"Baltech Arazi ve Yapı Senayi Ticaret A.Ş.”nin də təsis olunması 2013-cü ilə təsadüf edir. Təsis yığıncağında "Baltech Group JLT” şirkəti adından Vüsal Aslanov iştirak edib. Yüz min lirə kapitalı olan bu tikinti şirkətində "Baltech Group” 2013-cü ilin noyabrında 10%, Türkiyə vətəndaşı Hamit Karani 90% pay sahibi olub. 2014-cü ilin dekabr ayında isə qrup şirkətin kapitalındakı bütün payları öz əlində cəmləyib.

2014-cü ilin sentyabrında "Baltech Group JLT” və Hamit Karani 10%/90% nisbətində pay bölgüsü ilə "Baltech Makina Pazarlama Sanayi ve Ticaret A.Ş.” şirkətini yaradıblar. 2016-ci ildə 28.400.000 lirə sərmayə qoyulmaqla sirkətin kapitalı 28.500.000 lirəyə qaldırılıb və H.Karanı şirkəti tərk edib. Həmin ilin dekabr ayında baş tutan növbəti yığıncaqda BƏƏ-dəki yeganə payçının adından Vüsal Aslanov iştirak edib. O zaman V.Aslanov artıq ADY-nin İH sədrinin müavini idi. Şirkətin 2017-ci ilin oktyabr ayında İstanbulda keçirilmiş son yığıncağında isə "Baltech Group DMCC” şirkətini ADY-nin digər rəsmisi - Fuad Səfərov təmsil edib.

Nəqliyyat sektorunun bosslarının Türkiyədəki işbirliyi

"Azerinşaat Yapı İnşaat Sanayi ve Ticaret A.Ş.” şirkəti 2010-cu ilin oktyabrında "Azerinşaatservis Türkiye A.Ş.” adı ilə yaradılıb və "Baltech” qrupu ilə eyni ünvanda - Beşiktaş, Etiler məhəlləsi, Etiler küçəsi, ev 13-də yerləşir. Şirkətin 500 min lirə məbləğində kapitalının 96%-ni Azərbaycanda avtomobil və dəmir yollarının tikintisi ilə məşğul olan "Azərinşaatservis” MMC yatırıb. Yerdə qalan 20 min lirəlik payı bərabər hissələrlə Anar Məmmədov, Hüseyn Salamov, Vüsal Aslanov və Bülənt Karani qoyublar. İlk iclasda şirkətin İdarə Heyətinin sədri vəzifəsinə B. Karani seçilib, keçmiş nəqliyyat nazirinin oğlu Anar Məmmədov onun müavini, V.Aslanov isə İH üzvü təyin olunublar. 2011-ci ilin iyununda şirkətin kapitalı əsas səhmdar "Azərinşaatservis” MMC-nin hesabına 1,6 milyon lirəyə qaldırılıb. Anar Məmmədovu İdarə Heyətində Hüseyn Salamov əvəz edib. Qeyd edək ki, orta təhsilli H. Salamov Ziya Məmmədovla dost olub və 2014-cü ilin yanvarında Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsinə təyin edilib. 2012-ci ilin fevralında "Azerinşaat Yapı İnşaat Sanayi ve Ticaret A.Ş.” şirkətinin kapitalı 3,4 milyon lirəyə çatdırılıb. Bu kapital artımı da "Azərinşaatservis” MMC-nin ödəmələri hesabına baş tutub. 2013-cü ilin aprel ayının 24-də payçılar bütün səhmlərin "Qlobal Trans” MMC-yə ötürülməsi haqda qərar veriblər. Türkiyənin Ticarət Reyestrinə təqdim olunan məlumata görə, "Qlobal Trans” MMC-nin hüquqi ünvanı (Bakı şəhəri, S.Ə. Şirvani, ev 1, mənzil 83) "Azercon” ASC-nin hazırki İH sədri Kamil Hüseynovun qeydiyyat ünvanı ilə üst-üstə düşür. Aprelin 24-də həm də "Azerinşaat Yapı İnşaat Sanayi ve Ticaret A.Ş.” ofisinin Beşiktaşda Uyğur İş Mərkəzinə dəyişdirilməsi haqda qərar verilib. 3 fevral 2015-ci il tarixində Azərbaycan vətəndaşı Ramin İbadov YK sədri, Vüsal Aslanov isə onun müavini seçilib. 2017-ci il 29 dekabr tarixində keçirilən iclasda Ramin İbadov daha üç il müddətinə sədr seçilib. "Global Trans” şirkəti adından həmin iclasda Pərviz Mehdiyev iştirak edib.

Yenə də Anar Məmmədov və digərləri

"BBK Turizm Yatçılık Gayrimankul Yatırım İnşaat İthalat İhracat ve Ticaret A.Ş.” 2008-ci ilin mayın 30-da Bodrumda otel tikintisi məqsədilə yaradılıb. Şirkətin Anar Məmmədov, "Baghlan Group” şirkətinin sahibi Hafiz Məmmədov və onun iki oğlu (Sənan və Kanan Məmmədovlar), Türkiyə vətəndaşı Ahmet Çolakoğlu və Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirli təsis ediblər. Əlli milyon lirə kapitalın 5 milyonunu 22 yaşlı Ş. Şəmşirlinin qoyacağı elan edilib. Şirkət həmin ilin dekabr ayında Bodrumun Kisebükü kəndində 35.371 kvadratmetrlik torpaq sahəsini satın alıb . Tarixi abidələrlə zəngin bölgədə yerləşən bu əraziyə görə şirkət Türkiyənin "Nurol İnşaat ve Ticaret A.Ş.” şirkətinə 4.500.000 lirə ödəyib. Lakin Bodrumun ictimai təşkilatlarının dirənişi şirkətin meşə qoynunda yerləşən ərazidə 1400 yerlik turizm obyekti tikmək planlarının qarşısını alıb. Ortaqlar tikinti işlərinə 52 milyon lirəyədək sərmayə qoymağı nəzərdə tuturdular.

2011-ci ilin sentyabrında bu şirkətin ortaqları "Euroasia İnvestment İnşaat Sanayi ve Ticaret A.Ş” şirkətinə birləşmək haqda qərar verirlər. Birləşmədən öncəki balansa görə, "BBK Turizm Yatçılık Gayrimankul Yatırım İnşaat İthalat İhracat ve Ticaret A.Ş.”nin təsisçiləri şirkətin kapitalına elan olunan 50 milyon lirənin təxminən 23 milyonunu qoyubmuş. Onun balans aktivləri isə bundan da az – 21,8 milyon lirə idi. Birləşmədən sonra "Euroasia İnvestment İnş. San. ve Tic. A.Ş” şirkətində Cavid Qurbanovun oğlunun payı 4.359.699 lirə idi. Həmin ilin fevral ayından etibarən Ş.Şəmşirli Xarici İşlər Nazirliyində çalışırdı və ona attaşe diplomatik rütbəsi verilmişdi. Sonrakı illərdə "Euroasia İnvestment İnş. San. ve Tic. A.Ş” şirkətinin payçılarının strukturu tez-tez dəyişib. Şəmşir Şəmşirlinin payını ortaqlarına nə zaman ötürdüyü barədə Türkiyənin rəsmi mənbələrində məlumat verilmir. Bu ilin fevralında şirkətin 15 milyon lirəlik kapitalına Anar Məmmədovun təkbaşına nəzarət etdiyi açıqlanıb.

Şəntürk ailəsinin Azərbaycana borcu

C.Qurbanova bağlı olan şirkətlərlə ortaqlıq bağları olan Türkiyənin Bayburt qrupu Azərbaycanda iki inşaat şirkətilə təmsil olunur. Bu ölkənin mediası yazır ki, 2017-ci ildə keçirilən tenderlərin birində Bayburt qrupu müsabiqə komissiyasına Azərbaycanda 1 milyard dollar dəyərində dövlət satınalmasının qalibi olduğu haqda sənədlər təqdim edib . Azərbaycan Respublikası Vergilər Nazirliyi "Bayburt Grup İnşaat” şirkətinin Azərbaycandakı filialının vergilər üzrə dövlət büdcəsinə 16.591.752,09 manat (9 mln. 759,8 min ABŞ dolları) borcunun yığılıb qaldığını bildirir.

Şəntürk ailəsinə məxsus qrupa daxil olan "Bayburt Grup İnşaat Nakliyat Madencilik İth. İhr. San. ve Tic. A.Ş.” 2012-ci ilin fevralında, "Özgün Yapı Sanayi ve Ticaret A.Ş.” isə 2013-cü ilin aprelində Bakıda filiallarını açıb. Azərbaycanda metro və avtomobil yollarının tikintisi işlərinin aparılması üçün podratçı təşkilatlar bir qayda olaraq ictimaiyyətə açıq satınalma müsabiqəsi keçirmədən seçilir. Dövlət satınalma müqavilələrinin reyestrinin təqdim olunduğu portalında bu şirkətlərin qalib gəldikləri müsabiqələr haqda məlumat verilmir. Elə satınalan təşkilat - AAYDA və Türkiyə şirkətləri də tərəfdaşlıqları barədə kasad məlumat verirlər. Agentliyin məlumatına görə, Özgün Yapı şirkəti Asiya İnkişaf Bankının maliyyələşdirdiyi Masallı-Astara avtomobil yolunun 19,4 kilometrlik Girdəni-Pensər hissəsinin tikintisinin baş podratçısı qismində işə 2013-cü ilin iyununda başlayıb. Yol tikintisi 2017-ci ilin sonunda başa çatıb, amma AAYDA və AİB bu işə görə Türkiyə şirkətinə hansı məbləğdə vəsaitin ödənildiyini gizli saxlayıb. Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatı Özgün Yapı şirkətinin 2012-2016-cı illərdə AİB-in vəsaiti hesabına təşkil olunan nəqliyyat sektoruna aid satınlamalarda 86,04 milyonlıq müqavilə bağladığını açıqlayıb . Lakin bu məbləğin hansı hissəsinin Azərbaycana aid olduğu bildirilmir.

Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyələşdirdiyi Gəncə-Qazax-Gürcüstan sərhədi magistral yolunun (130,15 km) genişləndirilməsi layihəsinin iki əlavə zolaq tikilməklə ikitərəfli magistral yola çevrilməsi layihəsinin icrasının bir hissəsi Özgün Yapı şirkətinə tapşırılıb . Şirkətə 40 kilometrlik yol, çoxsaylı körpü, keçid və digər yol infrastrukturu obyektlərinin tikintisi üçün 2018-ci ildə bağlanan müqaviləyə görə 120 milyon ABŞ dolları ödəniləcək.

Iki "ADY Express” arasında

"Azərbaycan Dəmir Yolları” QSC illik maliyyə hesabatlarını Azərbaycanda açıqlamır. Bu, milli qanunvericiliyin pozuntusudur. Əvəzində həmin hesabatları Dünya Bankı - Azərbaycan dəmir yolunun yenidən qurulmasının əsas borcverənlərindən biri - öz internet səhifəsində yerləşdirir. Cavid Qurbanovun və Fuad Səfərovun imzaladığı 2016 və 2017-ci illərə dair həmin hesabatlarda diqqət çəkən məqamlar var.

ADY QSC-nin 2016-cı il üzrə maliyyə hesabatına görə, həmin ilin fevral ayının 5-də ADY QSC "Karvan Logistics” MMC-ni satın alıb. Şirkətin adı dəyişdirilib və o, indi "ADY Express” adlanır. "Baker Tilly Azərbaycan” audit şirkətinin verdiyi rəyə əsasən, "Karvan Logistics” MMC satın alınarkən, 35.000 manat dəyərində əmlak daxil olmaqla, aktivləri 2.531.000 manat qiymətləndirilmişdi. Öhdəliklər çıxıldıqdan sonra isə xalis aktivlərin dəyəri 653.000 manat idi. Bu şirkətin alınmasından ötrü ADY QSC-nin nə qədər pul ödəməsi, eləcə də özəl şirkətin dövlət müəssisəsi tərəfindən hansı zərurətdən satın alınması barədə hesabatda məlumat verilmir.

Bəs "Karvan Logistics” MMC haqda nə bilirik? Şirkət 2015-ci ilin may ayının 1-də 100 manat kapitalla Bakı ş., S.Ə. Şirvani küçəsi, ev 1, mənzil 115 ünvanında – "Azercon” ASC-yə bağlı olan şirkətlərin qeydiyyatdan keçdiyi mənzildə - dövlət qeydiyyatına alınıb. İlk direktoru İbrahim Kərim oğlu Cəfəri olub. Sonra onu Fuad Adil oğlu Məmmədov əvəz edib, onun yerinə isə indiki direktor – Azad Şəfi oğlu Qasımov gəlib. A.Qasımov "Yüksel Proje-Caspian” QSC-nin Müşahidə Şurasının dörd üzvündən biri olub. Oktyabr ayında o, yeni yaranmasına baxmayaraq, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu üzrə hərəkət edən "Nomad Express” konteyner qatarının 4 operatorundan biri təyin edilib.

Azərbaycanda yaradılan "Karvan Logistics” şirkətinin təsisçilərin kimliyi məlum deyil. Amma İngiltərə və Uelsin Şirkətlər Reyestri bu haqda müəyyən ehtimal irəli sürmək üçün əsaslar verir. Belə ki, 2015-ci ilin mart ayının 13-də Londonda, Velbek küçəsi, ev 7 ünvanında (7 Welbeck Street, London) "Karvan Logistics LLP” şirkəti qeydiyyata alınıb. Məhdud məsuliyyətli yoldaşlığı üç Azərbaycan vətəndaşı, artıq adları bizə tanış olan Vüsal Aslanov, Kamil Hüseynov və Yaşar Səmədov qurublar. Cavid Qurbanovun müşaviri vəzifəsində çalışan V. Aslanov 2016-cı ilin iyulunda prezident İlham Əliyevin sərəncamı ilə ADY-nin İH sədrinin müavini təyin olunduqdan sonra Britaniyadakı şirkətin ortaqlarını tərk edib. Onu Fuad Səfərov əvəz edib. Amma bunadək şirkət adını da dəyişmişdi. 2016-cı ilin iyun ayının 1-dən etibarən o, "ADY Express LLP” adlanır. Bakıdakı "Karvan Logistics” MMC isə "ADY Express” MMC adını həmin ilin fevralından daşıyır.

Yarandığı vaxtdan Londonda üç ünvan dəyişən "ADY Express LLP” hazırda Santa James's Square küçəsi, ev 11-12 ünvanında məskunlaşıb. Maliyyə sənədlərinə görə, yarandığı gündən 2016-cı ilin mart ayının 31-dək onun dövriyyəsi 23.243.121 ABŞ dolları təşkil edib. Bu dövrdə ortaqlar 995.832 dollar mənfəət qazanıblar. Növbəti maliyyə ilində "ADY Expresss LLP”-nin mənfəəti 1.623.816 dollar, 31.03.2017-31.03.2018-ci maliyyə ilində isə təxminən 1 milyon dollar azalaraq 627.956 dollar olub. Auditor hesabata verdiyi rəydə şübhəli məqamları da qeyd edib. O bildirib ki, yoxlama gedişində 31 mart 2017-ci il tarixinə alınacaq ($2.974.014) və ödəniləcək ($14.835.827) borclara dair məlumatları alternativ vasitələrlə təsdiq edə bilməyib. Auditor həm də əlaqəli tərəf kimi təqdim olunan "Azercon Holding Limited” şirkətindən alınacaq 13 milyon dollardan çox vəsaitə dair təsdiqedici sənədləri əldə edə bilməyib.

"ADY Express LLP” 31.03.2017-31.03.2018 il dövrü əhatə edən maliyyə ilində 34.470.511 dollar gəlir əldə edib. Bir il əvvəllə müqayisədə əldə olunan vəsait təqribən 16 faiz azalıb. Şirkət bu gəlirləri hansı ölkə ərazisində əldə etdiyi barədə hesabatında məlumat vermir.

C. Qurbanov ADY-ni Şəntürklərə necə borclu etdi

Elə buradaca yenidən ADY QSC-nin maliyyə hesabatlarına qayıdaq. Hesabatda yazılır ki, dövlət dəmir yolu şirkəti 2016-cı il, iyulun 19-da "Karvan Logistics LLP” və "Bayburt Group Construction” şirkətləri ilə 15.455.000 avro məbləğində üçtərəfli saziş imzalayıb. Müqavilənin məqsədi ADY 17 may 2016-cı il tarixli QDY QSC və "Karvan Logistics” LLP arasında faizsiz 10 illik "kredit müqaviləsi ilə bağlı iddia hüquqlarının köçürülməsi ilə bağlı münasibətlərin tənzimlənməsidır”. Yuxarıda qeyd etdildiyi kimi, "Karvan Logistics LLP” adının "ADY Express LLP”-yə dəyişdirilməsi barədə qərar İngiltərə və Uelsin Şirkətlər reyestrinə hələ iyun ayının 1-də rəsmən bəyan etmişdi. Bu baxımdan üçtərəfli müqavilənin altında "Karvan Logistics LLP” şirkətinin imzasının durması təəccüblüdür. Digər tərəfdən, kreditin alınması səbəbləri və onun Türkiyədəki Bayburt qrupu ilə nə kimi əlaqəsi olduğu da müəmmalı qalır.

"Karvan Logistics” MMC-nin keçmiş direktoru

"LV Caspian Limited” şirkətinin Azərbaycandakı filialının rəhbəri Fuad Məmmədovdur. Bir müddət "Karvan Logistics” MMC-nin direktoru olmuş F. Məmmədov Britaniya mənbələrinə görə, həm də "LV Caspian Limited” şirkətinin üç təsisçisindən biridir. 2014-cü ilin aprelində Londonda qurulan bu logistika şirkətində Niderland kapitalı ilə bu ölkədə yaradılan "LV Shipping Holdings Limited” şirkətinin 52% iştirak payı var. "Edelvveiss Logistics” MMC-nin direktoru Emil Eduard oğlu Xəlilov Britaniyadakı şirkəti 2015-ci ildə tərk edəndən sonra Fuad Məmmədovun "LV Caspian Limited” şirkətində payı 50%-ə yüksəliib. Bu şirkət yalnız Azərbaycanın nəqliyyat bazarında fəaliyyət göstərir. 2017-ci onun xidmətlərdən əldə etdiyi gəlir 9 milyon funta yaxın olub. İl ərzində şirkət 874,4 min funt xalis mənfəət qazanıb.

Cavid Qurbanov gələndən sonra böyüyən borc dəftəri

Maliyyə hesabatlarına əsasən, bu dövlət şirkətinin kredit borcu təkcə bir il ərzində 1.873.876.000 manatdan (31 dekabr 2016) 2.548.765.000 manata (31 dekabr 2017) qalxıb. Cavid Qurbanov 2015-ci ilin fevralında "Azərbaycan Dəmir Yolları” QSC-nin İH sədri təyin olunandan sonra ADY QSC aşağıdakı beynəlxalq və yerli təşkiatlarından kredit alıb:

"BNP Paribas (Suisse) S.A.”. Libor+3,75% şərtilə 180.000.000 ABŞ dolları (müqavilənin imzalanma tarixi – 2.09.2015),
"Credit Suisse AG”. Eurobor+1,15% şərtilə 73.735.000 avro (15.05.2015)
"Credit Suisse AG”. Eurobor+3% şərtilə 11.194.000 avro (15.05.2015)
"HSBC Bank Plc”. Euribor+1% şərtilə 389.404.000 avro məbləğində iki kredit xətti (14.04.2015)
"Ceska Sporitelna S.A”. Euribor+1,45% şərtilə 64.039.000 avro (25.02.2016)
"Cesloslovenska Obchodni S.A”. Euribor+1,45% şərtilə 82.000.000 avro (26.02.2016)
"Societe Generale”. Euribor+1% şərtilə 99.698.000 avro (30.03.2016)
"Kapital Bank” ASC. 4,6% şərtilə 136.579.000 ABŞ dolları (04.07.2017)
"Azərbaycan Beynəlxalq Bankı” ASC. 4% şərtilə 49.500.000 ABŞ dolları (18.07.2017)
10."Dəmir Bank” ASC (ləğvetmə prosesindədir). 14% şərtilə 7.500.000 ABŞ dolları (24.02.2015)
Bundan başqa, ADY QSC bu dövrdə Azərbaycan hökumətindən müxtəlif şərtlərlə (illik 0-1%) 49.739.000 avro, 213.000.000 ABŞ dolları və 344.000.000 manat borc götürüb. ADY, həmçinin, xarici şirkət olan "Transoil” MMC-nin ABB-dən 2014-cü ilin fevral ayında götürdüyü 15 milyon manat məbləğində kredit üzrə təminatçı qismində iştirak etdiyinə görə, bu borc üzrə 9.495.000 manat məbləğində ödəmə öhdəliyi açıqlanmayan səbəblərdən ADY QSC-nin üzərinə qoyulub.

Astarada taxıl terminalının ortaqları

ADY QSC-nin maliyyə hesabatında İran Astarası ərazisində 35 hektar ərazidə Azərbaycan dövlətinin vəsaiti hesabına tikilən yük terminalı barədə də məlumat verilir. 2016-cı ildə ADY bu terminalın idarə olunması məqsədilə "Astara Grain Terminal” MMC yaradıb. 100 manatlıq kapitalda 50 faizlik iştirak payı "Yaşa İnşaat” MMC-yə verilib. "Astara Taxıl Terminalı” MMC-nin hüquqi ünvanı Bakıda S.Ə. Şirvani küçəsi, ev 1, mənzil 115, "Yaşa İnşaat" MMC-nin ünvanı isə Bakı ş., Atatürk pr., ev 65, mənzil 6-dır. Sonuncu ünvanda ADY QSC-nin rəsmisi Vüsal Aslanov qeydiyyatdadır. Şirkətin direktoru isə "Azercon Holding Limited”də çalışan Yaşar Səmədovdur.

ADY QSC terminalın tikintisinə 2017-ci ildə başlayıb. Vəsaiti Azərbaycan tərəfi qoymağına baxmayaraq, iki dövlət arasındakı razılaşmaya əsasən, terminalı 25 il müddətinə Azərbaycana icarəyə verilib. 2018-ci ilin əvvəlindən burada yükaşırma əməliyyatları həyata keçirilir.

Slovakiya: atalar və oğullar

Repaşskeho küçəsi, ev 18 Cavid Qurbanovun Bratislava şəhərindəki ünvanıdır. O, 2003-cü ildən Slovakiyanın Yinosadı şəhərindəki "Satex S.r.o” şirkətinin ortaqlarındandır . Azərbaycanın Bratislavadakı fəxri konsulu Cəlal Qasımov və onun həyat yoldaşı Marina Qasımovanın da payçı olduğu bu şirkətnin fəaliyyət sahələri əsasən topdansatış, yağ və alkoqolsuz içkilər istehsalıdır. Aktivi 117 min avrodan çox dəyərləndirilən şirkət son illər işini dayandırıb. 2018-ci ildə onun 687.000 avro borcu vardı .

Slovakiyanın Sladkoviçovo şəhərində 2004-cü ildən fəaliyyət göstərən Danubius Universitetinin səhmlərinin 95 faizi "Satex İnternational S.r.o.” şirkətinə məxsusdur. Nizamnamə kapitalı 15.000 avro olan bu ali təhsil ocağının aktivləri 2018-ci ilin sonunda 2,5 milyon avroya yaxın olub. Təhsil haqları və digər mənbələr üzrə "Vysok Skola Danubius s.r.o” şirkəti il ərzində 2,3 milyon avrodan çox gəlir əldə edib. "Satex İnternational S.r.o.” şirkətində payların 60% faizi Şəmşir Şəmşirlinin, 40% isə Cəlal Qasımovun mülkiyyətindədir. C. Qasımov həm də bu universitetin icraçı direktorudur.

Bu ölkənin Ticarət Reyestrinin məlumatlarına görə, Ş. Şəmşirli Vinosadı şəhərindəki "Satex İnternational S.r.o.” şirkətinin payçıları arasına 2006-cı ildə daxil olub. Ş. Şəmşirlinin Slovakiyadakı ünvanı Pezinok şəhəri, Yavorovo küçəsi, 5802/6-dır. Şirkətin 2017-ci ilə aid son açıqlamasında Ş. Şəmşirlinin dövlət qulluğunda çalışmadığı yazılır.

2015-ci ilin fevralında Bakıdakı məlum ünvanda (S.Ə. Şirvani küçəs, ev 1, mənil 115) "Satex İnternational” MMC təsis olunub. Ayaz Məmmədovun rəhbərlik etdiyi bu şirkətin ləğv edilməsinə 2018-ci ilin avqustundan başlanıb.

Adını ADY QSC-nin İdarə Heyətinin keçmiş müavini Arif Əsgərovun oğlanlarının (Elnar və Urfan) və Elvin Süleymanovun adlarının ilk iki hərfindən götürən, Satex şirkətləri ilə eyni ünvanı bölüşən (Vinosadı, Pezinska küçəsi, 185) "Elurel Trans E.r.o.” şirkətinin təsisçiləri 2018-ci ildə dəyişib. İndi payçıların arasında Hicran Valehov da var. H. Valehov Cavid Qurbanovun ADY QSC-dəki müavinlərindən biridir. 2003-cü ildən C. Qurbanovla çiyin-çiyinə işləyən H. Valehovun Pezinokdakı ünvanı (Yavorovo, 5803/8) Səmşir Şəmşirli ilə qonşuluqdadır.

Hafiz Babalı
Meydan.Tv