Baş Klinik Hospitalın bölmə rəisi və həkimi rüşvətalma ittihamı ilə saxlanılıb

Baş Klinik Hospitalın bölmə rəisi və həkimi rüşvətalma ittihamı ilə saxlanılıb

27-07-2021 16:27 / Bu xəbər 3301 dəfə oxundu

Məhkəmə Vüsal Eyvazov və Hüseyn Ağayev barəsində həbs qətimkan tədbiri seçib

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazovun və həkim Hüseyn Ağayevin çoxsaylı hərbi qulluqçulardan rüşvət almaqda şübhəli bilinərək saxlanıldığı bildirilir.

Bu barədə iyulun 27-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) xəbər yayıb.

"Faktla bağlı başlanılan cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazovun xidməti vəzifələrinin icrası zamanı Hospitalın digər əməkdaşı Hüseyn Ağayevin vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib", - DTX-nin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, saxlanılan şəxslərlə bağlı məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib: "Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıb. Vüsal Eyvazov Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".

Hazırda cinayət işi üzrə araşdırmaların davam etdirildiyi deyilir.