Baş Prokurorluq: "Rasim Quliyev tarixi binanın söküntüsünə icazə verib"

Baş Prokurorluq:

05-04-2021 12:44 / Bu xəbər 1445 dəfə oxundu

"Yeni binaların tikintisinə dair "FF-2011” şirkətinə qanunsuz icazə verilməsi ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunub”

Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri, bir müddət icra başçısının müavini səlahiyyətlərini icra etmiş Rasim Quliyev paytaxtda tarixi-mədəniyyət abidəsi kimi qorunan binanın söküntüsü və yerində yeni yaşayış binasının tikintisinə qanunsuz icazə verməkdə ittiham olunur.

Meydan TV-yə Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Rasim Quliyev paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən binalarının, o cümlədən yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi, dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və orada yeni binaların tikintisinə dair "FF-2011” şirkətinə qanunsuz icazə verilməsi ilə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunub. Bu işin istintaqı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılır.

Cinayət işinin materiallarında yazılıb ki, Rasim Quliuev Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsini icra etdiyi müddətdə icra başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını imzalayıb. Həmin ərazidə 1893-cü ildə inşa edilmiş, yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olması nəzərə alınmayıb: "Ayrı-ayrı fiziki şəxslərə məxsus mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz söküntüsünə başlanması, tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olub”.

Rasim Quliyevə qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3 (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Sabiq Aparat rəhbəri özünü təqsirli bilmir. Yaxınlarının bildirdiyinə görə, o, ittihamlarla razılaşmır və barəsindəki həbs qərarından da apelyasiya şikayəti verəcək.

Rasim Quliyev 1970-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda doğulub. O, Bakı şəhər İcra Hakimiyyətinə Hacıbala Abutalıbov rəhbərlik etdiyi dövrdə orada çalışıb. Aparat rəhbəri təyin edilməmişdən əvvəl meriyanın ərazi idarəetmə şöbəsinin müdiri olub. 2010-cu ildə Abutalıbovun əmri ilə Aparat rəhbəri təyin edilib və uzun illər bu vəzifədə çalışıb.

Eldar Əzizov 2018-ci ilin iyulunda Bakı şəhər İcra Hakimiyyətinin başçısının birinci müavini təyin edilib, həm də başçı səlahiyyətlərinin icrasına başlayandan sonra həyata keçirdiyi əsas kadr dəyişikliklərindən biri Rasim Quliyevlə bağlı olub. 2018-ci ilin sentyabrında o, Rasim Quliyevi Aparat rəhbəri vəzifəsindən azad edib. 

Onu yerinə Elgün Həbibullayev təyin edilib. Rasim Quliyev isə meriyanın Xarici Əlaqələr Departamentinin sədri olub. 2018-ci ilin noyabrında Eldar Əzizov Bakının icra başçısı təyin ediləndən sonra rəhbərlik etdiyi qurumda bir neçə departamenti, o cümlədən Xarici Əlaqələr Departamentini də ləğv edib. Rasim Quliyev isə sərəncama göndərilib.

Rasim Quliyev vaxtilə 29 saylı Səbail Seçki Dairəsinin sədri olub. 

Onun qardaşı Bəhruz Quliyev "Səs” qəzetinin baş redaktorudur.