Baş Prokurorluq: "Saxta COVİD-19 pasportu satan növbəti qrup aşkar edilib"

Baş Prokurorluq:

16-09-2021 15:19 / Bu xəbər 1409 dəfə oxundu

"100-dən çox adama saxta COVİD-19 pasportları verilib”

Hüquq-mühafizə orqanları peyvənd edilmədən COVİD-19 pasportlarının satışı ilə məşğul olan şəxslərin növbəti qrupunu aşkar etdiklərini açıqlayıblar.

Məlumatı Baş Prokurorluq yayıb.

Bildirilir ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanıb.

"Bakıdakı 20 saylı poliklinikanın həkim-terapevti Günay Hüseynova, bu müəssisənin tibb bacısı Nailə Musayeva, Mehdiabad qəsəbəsi Ailə- Sağlamlıq Mərkəzinin mama-ginekoloqu Bəsti Behbudova və "Paşa-K” firmasının reklam üzrə mütəxəssisi İlahə Quliyeva məsuliyyətə cəlb olunublar”, - deyə açıqlamada bildirilir

Məlumata görə, həmin şəxslər əlbir olaraq vətəndaşları E-Təbib portalında peyvənd edilmiş kimi qeydiyyatdan keçirərək onları müvafiq sertifikatlarla təmin ediblər.

Qeyd olunur ki, saxta COVİD-19 pasportları 100-dən çox adama verilib.

Onların hər birindən 200-250 manat (120-150 dollar) alıblar.

İstintaq bildirib ki, hüquqazidd əməllərin digər mümkün iştirakçılarının müəyyən edilməsi üzrə tədbirləri davam etdirir.

Bu hal Azərbaycanda ilk dəfə baş verməyib.

Avqustun 27-də Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə yaydığı məlumatda qeyd olunurdu ki, Sabunçu rayon Bakıxanov qəsəbəsindəki Şəhər Poliklinikasının əməkdaşları bəzi vətəndaşların adını peyvənd olunanlar siyahısına salıb, onlara saxta COVID pasportu verilib.