Baş Prokurorluq senzor rolunda

Baş Prokurorluq senzor rolunda

28-07-2022 12:50 / Bu xəbər 726 dəfə oxundu

Ələsgər Məmmədli
Media eksperti

Baş Prokurorluğun 27 iyul tarixli açıqlamasında belə bir abzas diqqətimi çəkdi:

"Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib”.

Bu məlumadan aydın olur ki, Tofiq Şahmuradov yaydığı "qanunla qadağan olunmuş” informasiyaya görə həbs edilib. 

Deməli, Tofiqin yaydığı informasiya hər hansı qanunla qadağan olunmuş informasiya olmalı idi. 

Bəs həmin informasiyanın məzmunu hardadır? 

Hansı qanun həmin məzmunda informasiyanı "sirr” yaxud məhdudlaşdırılmış informasiya hesab edib? 

Axı Baş Prokurorluq onun fəaliyyətini tənzimləyən Qanunun 24-cü maddəsinə söykəndiyi zaman da, şəxsin ifadə azadlığını, məlumat azadlığını və ümumiyyətlə azadlığını məhdudlaşdırdıqda da Azərbaycan Konstitusiyasının müddəalarını rəhbər tutmalıdır. 

Konstitusiyanın 50-ci maddəsinin 1-ci bəndi deyir: "I. Hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.”

Konstitusiyannı 47-ci maddəsinin 1-ci bəndi isə: "I. Hər kəsin fikir və söz azadlığı vardır”, - deyir. 

Bu hüquq və azadlığın məhdudlaşdırılması üçün konkret qanunla qorunan mənafe aydın göstərilməli, qadağan olunmuş informasiyanın hansı qanun tərəfindən hansı mənafeni qorumalı olduğu aydın əsaslandırılmalıdır. 

Prokurorluq şəxsin məlumat azadlığını məhdudlaşdırmaq üçün "qanuni əsas” tapıbsa, aydın şəkildə şəxsin həmin məlumatı hansı tarixdə yaydığını, həmin yayılan informasiyanın içərisində qadağan olunan informasiyanın nədən ibarət olduğunu və konkret hansı qanunla həmin məlumatın yayılmasının qadağan edildiyini, onun üzərinə "sirr” qrifinin qoyulduğunu göstərməlidir. 

Əgər bu dövlətin mənafelərini yox, şəxslərin mənafeyini zədələyən məlumatdırsa, o zaman həmin şəxslərin hansı məlumatı zədələyici hesab etdikləri müstəqil şəkildə məhkəmədə mübahisələndirildikdən və qərar çıxarıldıqdan sonra onun yığışdırılması tələb edilə bilməlidir. 

Sadəcə ümumi ifadələrlə "qanunla qadağan olunmuş” deyərək şəxsin konstitusiyon hüququnu bu qədər kobud şəkildə məhdudlaşdırmaq olmaz. 

Əminəm ki, Məhkəmə öz qərarında prokurorluğun "sübutunu” heç qiymətləndirmədən, blogerin ifadə azadlığını məhdudlaşdırmaq üçün legitim səbəb axtarmadan və demokratik cəmiyyətdə zəruri tədbir kimi onun həbsini əsaslandırmdan "növbətçi” qərarını elan edib. Çünki məhkəmələr belə təqdimatları rədd edcək qədər müstəqil, hakimlər belə təqdimatları "çürüdəcək" qədər iradəli deyil.

Bu yanaşma Azərbaycanı hüququn üstünlüyünün tanındığı,  demokratik dəyərlərin qorunduğu Avropa Şurası üzv ölkə sırasında yox,  3-cü dünya ölkəsi olan, cəngəllik qaydaları ilə davranılan, üstün sənəd olan Konstitusiyanın habelə 22 ildir ratifikasiya edib əməl edəcəyini öhdəlik kimi qəbul etdiyi Avropa Konvensiyasının zibilliyə atıldığı ölkə yerinə  qoyur. 

Sadəcə keçən il Avropa İnsan Hüquqları Məhkəməsi ifadə azadlığının pozuntusunu tapdığı ölkəmizin əleyhinə  6  qərar qəbul edib. Təəssüf ki,  bu sahədə "lider” ölkəyik. 

21 ildir ki, qanunvericilik və tətbiq uyğunlaşdırmalı olduğu halda Konvensional hüquq və azadlıqlar bu qədər sıx pozulmağa  davam edirsə və hər gün yeni uydurma tətbiqlə ölkə daha da rəzil vəziyyətə qoyursa, çıxıb açıq etiraf edin ki, nə Konstitusiya ilə qorunan hüquqa, azadlığa hörmət edirik, nə Konvensiya ilə qəbul etdiyimiz standartlara... 

Ya da bu Baş Prokurorluğun SENZOR rolundan, yanlış tətbiqlərdən bir an öncə imtina edib, hüquqa, standartlara, Konstitusiyaya və Konvensiyaya sayğı göstərən uyğun mühitə geri dönün.

Yazı müəllifin "Feysbuk" səhifəsindən götürülüb.