Baş Prokurorluqdan Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı açıqlama

Baş Prokurorluqdan Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı açıqlama

12-09-2022 13:14 / Bu xəbər 1252 dəfə oxundu

Qurum media və sosial şəbəkə istifadəçilərinə də xəbərdarlıq edib

Sentyabrın 12-də Baş Prokurorluq jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb.

Bildirilir ki, mediada yayımlanan məlumatlar və cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq daxil olan müraciət əsasında araşdırma aparılır: "Araşdırma zamanı vəzifəli şəxsin külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır”.

Baş Prokurorluq iddia edir ki, avqust ayında Rasim Məmmədovun yaxınları onun vəkili Elçin Sadıqovun vasitəçiliyi ilə Əvəz Zeynallıya 20.000 manatı rüşvət qismində verməsinə əsaslı şübhələr müəyyən edilib: "İstintaqla vəzifəli şəxs olan "Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Əvəz Zeynallının "Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib”.

Baş Prokurorluq toplanmış ilkin sübutlara əsasən Əvəz Zeynallını Cinayət Məcəlləsinin 311.3.3-cü, Elçin Sadıqovu isə 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirli elan edib:

"Onlara həmin maddə ilə ittiham elan edilib və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə hüquqi əhəmiyyət kəsb edən bütün halların tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Baş Prokurorluq media nümayəndələri, habelə sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib ki, dəqiqləşdirilməmiş məlumat yaymasınlar: "Cinayət işi ilə bağlı rəsmi mənbələrlə dəqiqləşdirilməmiş məlumatların yayılması qadağandır və qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.

Əvəz Zeynallı və Elçin Sadıqov

Əvəz Zeynallı və Elçin Sadıqov sentyabrın 10-da saxlanılıb.

Onların evlərində və ofislərində axtarış aparılıb.

Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Elçin Sadıqova isə 32,311.3.3 (külli miqdarda rüşvət almada iştirakçılıq) maddəsilə ittiham olunur.

Bu maddədə 8 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Onlar "Baku Steel Company” MMC-nin – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun ailəsindən pul almaqda ittiham olunur.

Elçin Sadıqov 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun vəkili idi.

Elçin Sadıqov və Əvəz Zeynallı özünü təqsirli bilmir, ittihamın cəfəngiyyat olduğunu deyirlər.

Elçin Sadıqov saxlanılmasını siyasi motivlərlə həbs edilən ictimai-siyasi fəallara vəkillik etməsilə əlaqələndirir və iddia edir ki, məhz buna görə cəzalandırılır.

Vəkilin sözlərinə görə, Əvəz Zeynallının biznesmenin yaxınlarından pul alması barədə deyilənlər yalandır.

O hesab edir ki, ona qarşı aparılan bu kampaniya qara piardır və azad sözə hücumdur.

Əvəz Zeynallı da tənqidi çıxışlarına görə cəzalandırıldığını bildirib.