Baş Prokurorluqdan sabiq deputatın ağacları kəsməsi ilə bağlı açıqlama

Baş Prokurorluqdan sabiq deputatın ağacları kəsməsi ilə bağlı açıqlama

13-01-2022 12:15 / Bu xəbər 748 dəfə oxundu

Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi 10C ünvanında qanunsuz olaraq ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olan materiallar əsasında Baş prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma başlanılıb.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Bildirilir ki, bununla əlaqədar prokurorluq əməkdaşları tərəfindən Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının iştirakı ilə qeyd edilən əraziyə baxış keçirilmiş, zəruri şəxslərin izahatları alınmış və xüsusi texnika vasitəsilə torpaq qatı qazılaraq müvafiq nümunələr götürülməklə hazırda da qazıntı işləri davam etdirilir.

Araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən torpaq sahəsində mövcud olmuş sərv və şam cinsli ağaclar qanunsuz olaraq kəsilərək götürülüb.

Hazırda Baş Prokurorluqda araşdırmalar davam edir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Nəriman Əliyev Milli Məclisin IV və V çağırış deputatı olub. 

Bir neçə gün əvvəl mətbuatda onun Bakıda 37 ağacı kəsdirməsi, işdən çıxan əməkdaşlara isə maaş verməməsi ilə bağlı məlumatlar yayılıb.