Baş redaktor Mehriban Əliyevaya müraciət etdi: "Qızımın vəziyyəti ağırdır"

Baş redaktor Mehriban Əliyevaya müraciət etdi:

14-01-2021 00:48 / Bu xəbər 726 dəfə oxundu

Azyaşlı qızı xərçəng xəstəliyindən əziyyət çəkən "xalqxeber.az" saytının baş redaktoru Peyman Sadıqov Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət edib.

Qaynarinfo xəbər verir ki, baş redaktor qızının təcili əməliyyat olunmalı olduğunu bildirib. Peyman Sadıqov birinci-vitse-prezidentdən kömək istəyib.

Müraciətdə birinci vitse-prezidentdən yardım istənilir: "Hörmətli Mehriban xanım! Siz hər zaman insanlara, yardıma ehtiyacı olanlara dayaq olursunuz. Bu da Sizin şəxsinizə, insani keyfiyyətlərinizə olan sevgini daha da artırır. Sizin xüsusilə uşaqlara qayğınız, sağlamlıq imkanları məhdud körpələrə diqqətiniz ölçüyəgəlməzdir. Məni Sizə kömək üçün məktub ünvanlamağa da məhz bu yüksək insani keyfiyyətləriniz məcbur etdi". 

Peyman Sadıqov yazır ki, azyaşlı qızı Nuray Sadıqzadə xərçəng xəstəsidir: "Altı aydır ki, Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasında müalicə alır. İndiyə kimi 7 kurs kimyateropiya, 17 dəfə radio şüa qəbul edib. Hazırda isə təcili əməliyyat olunmalıdır. Bir ata kimi sizdən xahiş edirəm, övladımın müalicəsi və əməliyyat olması üçün mənə kömək edəsiniz. Nuray bu gün ölümlə üz-üzədir. Övladımın əməliyyat olmasına görə, lazım olan İnternal Hemipelvektomiya üçün Tumor Rezeksion Endoprotezin Milli Onkologiya Mərkəzinə alınıb  verilməsini Sizdən artıq dərəcədə xahiş edirəm. Onu xəstə yatağında, hərəkətsiz görmək isə bir valideyn olaraq mənim üçün dəhşətlidir".

"Sizdən qızımın müalicəsinin davam etdirilməsi üçün göstəriş vermənizi artıq dərəcədə xahiş edirəm. Sizin köməksiz, çətin vəziyyətdə olan insanlara hər zaman kömək əlinizi uzatdığınızı bilirəm. Əminəm ki, Nuray balamın da sağlamlığına qovuşması üçün köməyinizi əsirgəməyəcəksiniz, qızımı köməksiz qoymayacaqsınız! Övladımı həyata qaytarmaqla bir ataya da dünyanın ən böyük xoşbəxtliyini bəxş edəcəksiniz", - baş redaktor bildirib.